İflasın son mərhələsi
Ənənəvi müxalifətin dağılması sürətlənib
5 İyun 2015 15:58 SiyasətÜnlü siaysətçilərin, ziyalıların Müsavatdan istefa verməsi yalnız Arif Hacılının uğursuz siyasəti ilə əlaqələndirilməməlidir. Qeyd edək ki, son qurultaydan sonra Müsavatda ciddi böhran yaşanır, yeni başqan Arif Hacılını qəbul etməyən 100-dən çox şəxs Müsavatı tərk edib. Doğrudur, Müsavatda baş verən istefalarda Arif Hacılının da suçu var. Xaraktercə intriqant olan Hacılı üçün partiya liderliyi çətindir, adamlar onu qəbul etmirlər. Ancaq bir iş var ki, Arif Hacılı başqan olmasaydı, İsa Qəmbər yerində qalsaydı da, qopmalar baş verəcəkdi. Deməli, problem Müsavatın, ümumilikdə isə müxalifətin problemidir. Ənənəvi müxalifətin dağılması prosesi gedir və bunun daha çox təzahürü Müsavatda görünür. Yaxın günlərdə AXCP-də də analoji proses gedəcək. Artıq iki aktiv cəbhəçi partiyanı tərk edib. Bir müddət öncə cəbhəçi gənclərin şantajı ilə üz-üzə qalmış Ülkər Kazımova partiyanı tərk etmişdi. Bir neçə gün öncə isə Xalq Cəbhəsi Partiyasının Sumqayıt təşkilatının üzvü Məsmalı Qasımzadə istefa verdiyini bəyan edib. Qasımzadə istefasının səbəbi kimi ona qarşı edilən təzyiqləri göstərib.
Adamlar AXCP-ni niyə tərk edir? Əli Kərimlinin məntiqinə görə, AXCP hazırda ana müxalifətdir, ən real, ən radikal gücdür. Bəs niyə insanlar Əli Kərimlidən qaçır? Bu günə qədər siyasi fikir ayrılıqları adamları partiyadan uzaqlaşdırırdı. İndi nə baş verir? AXCP-dən istefa vermiş fəal gənclərdən biri Orxan Baxışlı Azvizon.az-a açıqlama verib. Onun sözlərinə görə, hazırda AXCP-də dözülməz bir mühit yaranıb. "Əli Kərimli partiya üzvlərini, əsasən də gəncləri partiyadan soyudub. Biz gənclərə partiyanın "yuxarı"larından çoxlu hədə-qorxular gəlir. Onların dediklərini etmədikdə deyirlər ki, sizi satqın kimi qələmə verəcəyik. Yaxud da aylıq pulları verməməklə hədələyirlər. Onlar bizim partiyadan çıxmağımızı istəmir. Ona görə də belə şantajlarla bizi partiyada saxlamağa çalışırlar", deyən gənc maraqlı iddia ilə çıxış edib: "Əli Kərimli gənc oğlan və qızları zorla bağ evini təmizlətdirir. Mən Əli Kərimlinin Mərdəkandakı villasına dəfələrlə təmizliyə getmişəm".
O. Baxışlı deyib ki, gənclərə partiyada qalmaları üçün pul verirlər: "Bizlərə mitinq ərəfəsində pul verirlər ki, iştirak edək. Yuxarıdakılar Bəyim Həsənli, Əbülfəz Qurbanlı, İlham Hüseyn isə aylıq pul alırlar. Hanballıq isə həmişə mənim kimi sıravi üzvlərin boynuna düşür". Gənclərin Əli Kərimlinin bağ evində işlədilməsi məsələsi ilə işimiz yox. Bu, iddia təsdiq olunmalıdır. Ancaq digər ittihamlar siyasi ittihamlardır və dəfələrlə təsdiqini tapıb. "Sözə baxmayan" (yəni aksiyalara çıxmayan, sosial şəbəkələrdə aktivlik göstərməyən) gənclərə qarşı bolşevik metodları ilə mübarizə, təzyiq üsulları artıq məlumdur. Baş verənlər, partiyadan çıxarılanların verdiyi açıqlamalar göstərir ki, artıq ənənəvi müxalifətin iflasının son mərhələsidir. Artıq adamları yalan vədlərlə partiyada saxlamaq olmur. Müsavatda baş verən istefalara, qopmalara AXCP-dən reaksiya yoxdur. Avropaya "müxalifətçi adı ilə getmiş" bir sıra adamların Müsavata yönəlik ifşaedici açıqlamalara da AXCP-dən fikir bildirən olmayıb. Çünki eyni proses hər iki partiyada gedir. Və məlum "arayış satmaq" kampaniyasında hər iki partiyanın rolu olub. AXCP-nin susqunluğu Müsavatda baş verənlərin tezliklə AXCP-yə sıçraması qorxusundandır. Artıq proses başlanıb. Seçkidən sonra AXCP-dən Əli Kərimlinin ittiham edəcək onlarla fəal istefa verəcək.
Ərhun