“Müdaxilə olmasa, Azərbaycan və Ermənistan münaqişəni həll edə bilər”

Rauf Qurbanov: “Məsələnin çözülməsi üçün həlledici variantlar var”

"Dünya demokratiya adı altında bu gün ikili, hətta üçlü standartlarla işləyir. Azərbaycanın bir sıra məsələrdə ədalətli mövqeyinə, hətta onun strateji müttəfiqi olan bəzi dövlətlər belə laqeyd yanaşırlar". "Olaylar"a açıqlamasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov belə deyib. R. Qurbanov bildirib ki, dünyanın ən böyük təşkilatı olan BMT də Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartlarla yanaşır: "Baxmayaraq ki, bu qurumun 1993-cü ildə qəbul etdiyi 4 qətnamə Ermənistanın Azərbaycan ərazilərinə silahlı təzavüzünü təsdiq edir. Həmin qətnamələrin icra olunmaması təəssüfedici haldır. Azərbaycan elə bir strateji mövqedə yerləşir ki, ölkəmiz böyük güclər üçün əhəmiyyət kəsb edir. Bu gün dövlət başçısının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar apardığı siyasət uğurludur. Baxmayaraq ki, həll prosesinin qarşısına süni əngəllər çıxarılır. İkili, üçlü standartların baş verən qlobal proseslərdə rol oynadığı bir vaxtda, Dağlıq Qarabağ münaqişəsinin tezliklə ədalətli həllinə nail olmaq çətindir. Azərbaycanın xarici siyasəti çox düzgün qurulub və çox da uzaq olmayan bir zaman ərzində Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini taparaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Azərbaycanın apardığı uğurlu siyasət, Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi, bir dövlət olaraq özünü doğrultması bu problemin həllinə təsir edəcək. Digər yandan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan diplomatik danışıqlar bitməyib. Məsələnin çözülməsi üçün həlledici variantlar var. Bunun son variantı isə müharibədir. Biz bunu dəstəkləmirik. Məsələnin diplomatik yolla öz həllini tapacağına inanıram. Dünyaya demokratiya dərsi keçməyə çalışan dövlətlər açıq formada Ukraynaya ayrıdıqları diqqəti Azərbaycana göstərmədilər. Faktiki olaraq, bu, proseslərə ikili standartlarla yanaşmanın təzahürüdür. Dünya dəyərlərə bu qədər ucuz baxır. ATƏT-in Minsk Qrupunun tərkibində Rusiya, ABŞ və Fransa kimi güclü dövlətlər var ki, onlar Dağlıq Qarabağ münaqişəsinin həllilə məşğuldurlar. Dünyanın digər 12 aparıcı dövləti də bu münaqişənin həllində iştirak edir. Həmin dövlətlərin yalnız 2-3-nün səyi bu problemi həll edər. Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla bu məsələni həll edə bilərlər, əgər həmin dövlətlərin müdaxilələri olmasa. Keçən 22 il ərzində Minsk Qrupu yalnız bölgədə monitorinq keçirməklə məşğuldur. Problemin həlli üçün ciddi addım atılmır". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00