ABŞ Konqresmenləri Henri Kuellar və Rayn Zinke Azərbaycanın Respublika Günü münasibəti ilə bəyanatlar veriblər
4 İyun 2015 12:32 Siyasət2 iyun 2015-ci il tarixində ABŞ Konqresmenləri Henri Kuellar və Rayn Zinke Azərbaycanın Respublika Gününün 97-ci ildönümü münasibətilə bəyanatlar veriblər. Konqresmenlər ABŞ Konqresində müvafiq olaraq Texas və Montana ştatlarına aid seçki dairələrini təmsil edirlər.
Konqresmenlər 1918-ci ilin 28 mayında Azərbaycanın müsəlman dünyasında ilk respublika qurduğunu vurğulayıblar. Onlar bu respublikanın çox qısa müddət yaşamasına baxmayaraq, əhəmiyyətli uğurlar qazandığını qeyd ediblər. Konqresmenlər Kuellar və Zinke Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ABŞ-ın regiondakı əsas müttəfiqlərindən biri olduğunu bildirib və xüsusilə, Azərbaycanın qlobal terrorizmə qarşı mübarizəyə verdiyi vacib töhfəni vurğulayıblar. Azərbaycanın Respublika Gününün 97-ci ildönümü münasibətilə bəyanatlar verən konqresmenlər Henri Kuellar və Rayn Zinke ABŞ Konqresindəki Azərbaycan üzrə İşçi Qrupunun üzvləridirlər.