Müsavat Qadınlar Birliyi özünü buraxdı – BƏYANAT

Müsavat Qadınlar Birliyi partiyada baş verən kütləvi istefalar barədə bəyanat yayıb. Bəyanatda deyilir: "Müsavat Partiyasının VIII Qurultayından sonra formalaşan yeni rəhbərliyin partiyadaxili demokratiyanı zədələyən addımlar atması,fərqli düşünən insanlara qarşı ağır cəza metodikasından istifadə etməsi, ümumi maraqların getdikcə qrup maraqlarına qurban verilməsi, ulu öndərimiz Məhəmməd Əmin Rəsulzadənin bizə miras qoyduğu ideoloji və siyasi mübarizə yolundan sapmalar bir çox vicdanlı müsavatçılar kimi Qadınlar Birliyinin üzvlərini də narahat edir. Zaman-zaman partiya rəhbərliyinə öz iradlarını bildirən Müsavat Qadınlar Birliyinin üzvləri demokratik ab-havanın yenidən bərqərar olacağını ümidlə gözləsələr də təəssüf ki, gözləntilər özünü doğrultmadı. Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli əsassız bəhanələrlə Nizamnaməyə zidd olaraq partiyadan xaric edildi. Bir çox tanınmış müsavatçı xanımlar buna etiraz olaraq, partiyadan istefa verdilər. Lakin bu müddət ərzində partiyanın siyasi kursunda rəhbərliyin "qisasçılıq" metodikasından başqa dəyişən bir şey olmadı. Artıq Müsavat Partiyasının Qadınlar Birliyini təşkil edən üzvləri belə bir birliyin fəaliyyət göstərməsinə ehtiyac olmadığını dərk edərək, Müsavat Qadınlar Birliyinin buraxılmasını bəyan etdilər. Baş verən proseslərə etiraz əlaməti olaraq, Müsavat Qadın Birliyi özünü buraxılmış elan edir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00