XİN-dən BMT-nin xüsusi məruzəçisinə etiraz

Hikmət Hacıyev: “Mişel Forst tərəfindən idmanın siyasiləşdirilməsi cəhdi Olimpiya xartiyasının məqsəd və məramları ilə ziddiyyət təşkil edir”

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin BMT-nin insan hüquqları müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forstun açıqlamasına münasibət bildirib. "OLAYLAR"-ın nazirliyə istinadən verdiyi xəbərə görə, XİN sözçüsü Azərbaycanın həmişə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və  xüsusi proseduralar üzrə mandat daşıyıcıları ilə onların mandatları çərçivəsində tam və konstruktiv əməkdaşlıq etdiyini diqqətə çatdırıb: "Bu baxımdan, həmin əməkdaşlıq ruhuna xələl gətirən belə bir bəyanatın verilməsi anlaşılan deyil və Avropa Oyunları ərəfəsində bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı aparılan kampaniyanın sifarişli tərkib hissəsidir. BMT sənədlərində də qeyd olunduğu kimi idman xalqları birləşdirməyə xidmət etməli və siyasətdən kənar olmalı olduğu halda, Mişel Forst tərəfindən idmanın siyasiləşdirilməsi cəhdi Olimpiya xartiyasının məqsəd və məramları ilə ziddiyyət təşkil edir". Hikmət Hacıyev bildirib ki, bu bəyanat Azərbaycan məhkəmə-hüquq sisteminə kölgə salaraq istinad edilən istintaq işlərinin mahiyyətini təhrif edir: "Konkret cinayət əməlləri üzrə ittiham olunmuş şəxslərin azad olunmasına çağırış hüquqi baxımdan əsassızdır və qanunun aliliyinin pozulmasıdır. Mişel Forst insan hüquqları məsələsində əgər belə "prinsipialdırsa", ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində bütün fundamental hüquqlardan məhrum olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsindən danışmalıdır".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00