Müsavat cırtdan partiyaya çevrilir
İstefa verənlər və qovulanlar müxtəlif partiyalara üz tutur
3 İyun 2015 14:14 SiyasətMüsavat Partiyasının daha bir tanınmış üzvü, AXC dövründə dövlət televiziyasına rəhbərlik etmiş Məmməd İsmayıl istefa verib. Hazırda Türkiyədə yaşayan Məmməd İsmayıl Azərbaycan mediasına verdiyi açıqlamada bildirib ki, bundan sonra Müsavat partiyasında qalmaq istəmir. Açıqlama verməsə də, ünlü şairin Müsavat partiyasında baş verənlərə, özəlliklə də Vurğun Əyyubun partiyadan xaric edilməsinə etiraz etdiyi aşkardır. Məmməd İsmayılın Müsavatdan istefası ilə partiyanın ənənəvi elektoratı olan Qazax-Tovuz qrupunun son nümayəndəsi də getmiş oldu. Vurğun Əyyub məsələyə münasibətində bunu Müsavat partiyasının qrup halına düşməsi kimi qiymətləndirib. Sabiq birinci müavin yenə də partiyanın başqanı Arif Hacılını suçlandırıb: "Müsavat Partiyasında baş verənlər məni maraqlandırmır. Bunu partiyada rəhbərlik iddiasında olanlar düşünsünlər. Partiyanı güclü bir təşkilatdan bir qrupun maraqlarını istifadə edən quruma çevirməkdədirlər". Müsavat partiyası və ətrafında maraqlı proses gedir. Adamlar sakitcə Müsavatı tərk edirlər. Partiyanın sabiq və hazırkı başqanından reaksiya yoxdur. Sanki onlar arzuolunmaz adamların könüllü olaraq partiyanı tərk etməsini istəyirlər. Maraqlıdır ki, Azərbaycan Demokratiya və Rifah Hərərkatının rəhbərləri də baş verənlərə adekvat reaksiya verə bilmirlər. Partiyadan çıxarılanların hamısı:Vurğun Əyyub, Ellada Məmmədli, Rövşən Dəmirli sakitcə kənara çəkiliblər. Onlar ictimai təşkilat olan ADR-də fəaliyyətlərini davam etdirirlər. Partiyadan çıxan və ya çıxarılan ünlülər ADR-ə gətirməyə çalışmırlar. Ya ADR-çilər Müsavata son zərbəni vurmağa hazırlaşırlar, ya da Müsavat adıl uğrunda mübarizədən çəkildilər. Vurğun Əyyubun açıqlaması müəyyən şübhələrə yol açır. Jurnalistin "Partiya başqanı dəyişərsə, yenidən orada təmsil olunacaqsınızmı" sualına cavab olaraq sabiq birinci müavin "Bunu artıq zaman göstərəcək. Gələcəkdə baş verən siyasi hadisələrə uyğun olaraq, öz mövqeyimizi açıqlayacağıq". Bu, o anlama gəlir ki, ADR-çilər narazı müsavatçıları fövqəladə qurultay çağırmalarına hələ də ümidlərini itirməyiblər. Ola bilsin ki, payızda keçiriləcək parlament seçkiləri ərəfəsində narazı müsavatçılar Arif Hacılı ilə son savaşa başlasınlar. Narazı müsavatçıların imza toplayaraq fövqəladə qurultay çağırmaları tamamilə mümkündür. Qubad İbadoğlu qayıdandan sonra narazılığın ikinci dalğası başlana bilər. Hələ ki ADR-çilər passiv mövqedədirlər. Onların passivliyi işləri korlayır və Arif Hacılının avantaj qazanmasına səbəb olur. Müsavatın dağılan elektoratında pay götürməyə çalışan digər partiyalar isə narazılarla işi sürətləndirib. AXCP artıq sabiq Divan üzvü Hikmət Hacızadə ilə isti münasibətlər qurub. Ola bilsin ki, Hikmət Hacızadə Milli Şuraya üzv gətirilsin. Müxalifət mətbuatının "demokratiya gerillası" deyə təqdim etdiyi Hikmət bəy Milli Şuraya gətirilsə, bu, AXCP-nin uğuru sayılacaq. Ancaq ADR Müsavat elektoratına iddia qoysa və bu istiqamətdə ciddi addımlar atsa, narazı müsavatçıları Qubad İbadoğlu ətrafında birləşdirmək mümkün olacaq.
Ərhun Abbas