“Milli Şura heç sosial şəbəkələrdə 10 minlik mitinq keçirə bilməz”
Elçin Mirzəbəyli: “Ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi eməyə hazırlaşan kimi bu “nüfuz müvəkkilləri” ayrı-ayrı dairələrə öz xidmətlərini təqdim etməyə çalışırlar”
27 May 2015 14:22 Siyasət"Milli Şura və onun başbilənləri nəinki açıq şəraitdə meydanda, heç sosial şəbəkələrdəki saxta profilləri ilə belə, 10 minlik mitinq keçirə bilməzlər". Milli Şuranın mayın 31-nə təyin olunmuş mitinqində 10 min nəfərin iştirak edəcəyi ilə bağlı yayılan iddialara cavab verən BAXCP sədrinin müavini Elçin Mirzəbəyli belə deyib. E. Mirzəbəyli "Olaylar"a bu barədə səsləndirilən bütün fikirləri əhəmiyyətsiz hesab etdiyini deyib. "Bu günə qədər bu avantürist insanların cəhdlərinə Azərbaycan cəmiyyəti tərəfindən dəstək verilmirsə bu günki şəraitdə hansısa dəstəkdən söhbət gedə bilməz. Cəmiyyət anlayır ki, onların məqsədləri problemlərin həlli üçün açıq mesajlar verməkdən ibarət deyil, onların məqsədi məhz Azərbaycanın dövlət maraqlarının əlehinə fəaliyyət göstərməkdən ibarətdir. Həmçinin Azərbaycanın xaricindən ölkəmizə qarşı aparılan kampaniyanın tərkib hissəsi kimi bu prosesdə iştirak etməklə, öz maraqlarını təmin etməkdən ibarətdir. Son hadisələr göstərdi ki, bu insanlar hətta ayrı-ayrı insanların faciələrindən belə öz mənafeləri üçün yararlanmağa çalışırlar. İfşa olunmuş bir qurum və onun təmsilçiləri barədə çox da geniş danışmağa ehtiyac duymuram. Əslində hər birinin siması cəmiyyətin gözü qarşısındadır. Azərbaycan üçün hər zaman mühüm bir şərait yarananda, ölkəmiz beynəlxalq tədbirlərə ev sahibliyi eməyə hazırlaşanda bu "nüfuz müvəkkilləri" ayrı-ayrı dairələrə öz xidmətlərini təqdim etməyə çalışırlar. Bu mitinq cəhdi də həmin xidmətin təqdim olunmasının tərkib hissəsidir", - deyə BAXCP rəsmisi qeyd edib. ("OLAYLAR" İA)