Con Kerri: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında səylərini davam etdirir"
"ABŞ Azərbaycanın "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji təminatının şaxələndirilməsindəki rolunu ciddi şəkildə dəstəkləyir"
27 May 2015 13:08 SiyasətABŞ dövlət katibi Con Kerri Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib. APA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi xəbərə görə, dövlət katibi təbrik məktubunda Azərbaycan xalqının 97 il əvvəl müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaratdığını qeyd edib: "Həmin vaxtdan, eləcə də 1991-ci ildə Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqilliyinizi bərpa etdikdən bəri ölkələrimiz Azərbaycanın müstəqilliyinin təminatında birgə əməkdaşlıq edir". Dövlət katibi ABŞ-ın Azərbaycanın "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji təminatının şaxələndirilməsindəki rolunu ciddi şəkildə dəstəklədiyini vurğulayıb. Con Kerri həmçinin Vaşinqton və Bakının terrorizmlə mübarizədə və Əfqanıstanda NATO-nun missiyası çərçivəsində regional və beynəlxalq təhlükəsizliyin təminatında əməkdaşlıq etdiyini qeyd edib. Con Kerri həmçinin ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında, transmilli təhlükələrə qarşı mübarizədə və qanunun aliliyinin təmin olunmasında səylərini davam etdirdiyini qeyd edib.