“Partiyada baş verən problemlərin səbəbkarı kimi Arif Hacılını görürəm”

Tural Abbaslı: “Partiya daxilində demokratik münasibətlər nə dərəcədə aradan qaldırılıb ki, bir müsavatçı digər müsavatçını məhkəmə ilə cəzalandırmaq məcburiyyətində qalıb?”

Özünün sayca səkkizinci qurultayını keçirəndən sonra ciddi problemlərlə üzləşən Müsavat Partiyasında yaranmış böhranı aradan qaldırmaq hələlik mümkün olmur. Yeni başqanın diktator tipli idarəçiliyinə etiraz edənlərin Müsavatdan uzaqlaşdırılması vəziyyəti bir qədər də gərginləşdirib. Belə ki, bir qrup müsavatçı Ədliyyə Nazirliyinə müraciət edərək partiyanın dövlət qeydiyyatının ləğv edilməsini istəyib. Bəs görəsən bütün bunlar Müsavat Partiyasını hara aparır və partiyanın dövlət qeydiyyatının ləğvi mümkündürmü? Yaxud sabiq başqan İsa Qəmbər Müsavatda yaranmış problemin aradan qaldırılması üçün nədən cəhd göstərmir? Bütün bunlarla bağlı Müsavat Partiyası Divanının keçmiş üzvü, başqanlığa sabiq namizəd Tural Abbaslı ilə söhbətləşdik. Tural Abbaslı son vaxtlar partiyada kütləvi istefaların baş verməsinə münasibət bildirərkən deyib ki, təkcə Müsavat Partiyasında deyil, istənilən siyasi qurumda bu qədər istefanın olması həmin quruma müsbət nəsə vəd etmir: "Əgər nəzərə alsaq ki, istefa verənlərin böyük əksəriyyəti illərin fədakar müsavatçılarıdır, o zaman durum daha da vahim görünür. Onu da unutmaq lazım deyil ki, cəmi 5 ay sonra ölkədə parlament seçkiləridir və Müsavat Partiyası  da hakimiyyətə iddialı partiya kimi bu prosesdə tam gücü ilə iştirak edib qələbə çalmağı hədəfləyir. Belə olan təqdirdə bu istefalar partiyanı həm struktur baxımından zəif hala gətirir, həm də ən vacibi cəmiyyətdə imic zədələnməsinə səbəb olur. Bir sözlə desək bu müsbət tendensiya deyil və partiya üçün xoş gələcək vəd etmir". Tural Abbaslı sabiq Müsavat başqanı İsa Qəmbərin hansı səbəbdən proseslərə müdaxilə etmədiyinə də aydınlıq gətirib: "Bildirim ki, partiyada baş verən problemlərin səbəbkarı kimi mən ancaq və ancaq Müsavatın hazırkı başqanı Arif Hacılını görürəm. Çünki seçilmiş rəhbər kimi partiyada baş verən müsbət və ya mənfi hadisələrə birbaşa o cavabdehdir. Yəni bu məsələləri yoluna qoymaq imkanları və məsuliyyəti Nizamnamə ilə onun üzərinə düşür. İsa Qəmbər isə hazırda partiyanın Məclis üzvüdür. Partiya başqanı dura-dura Məclis üzvündən problemlərin həllini gözləmək siyasi etikaya da ziddir. Amma, təbii ki, İsa Qəmbərin uzun müddət partiya rəhbəri olması və partiyadaxili nüfuzunu nəzərə alsaq, onun da bu istiqamətdəki imkanlarını kiçiltmək olmaz. Ən yaxşı halda o, özü istəsə könüllü müdaxilə edə bilər. Yəni bu onun birbaşa vəzifə borcu deyil. Müdaxilə etmirsə ya qarışmaq istəmir, ya da belə anlaşılır ki, hazırkı vəziyyətdə partiyada problem görmür, müdaxiləyə ehtiyac duymur". Bir qrup müsavatçının partiyanın dövlət qeydiyyatının ləğvi ilə bağlı Ədliyyə Nazirliyinə müraciətinə də toxunan sabiq Divan üzvü deyib ki, əslində faktın özü xeyli ağrıdıcıdır: "Görün partiya daxilində demokratik münasibətlər nə dərəcədə aradan qaldırılıb ki, bir müsavatçı digər müsavatçını məhkəmə ilə cəzalandırmaq məcburiyyətində qalıb. Əslində partiyadaxili demokratik idarəetmə qaydasında olsaydı və pariyanın orqanları bir qrupun siyasi maraqları uğrunda deyil, Nizamnaməyə uyğun fəaliyyət göstərsəydi, bütün bunlara ehtiyyac qalmazdı. Ancaq təəssüf ki, məsələlər bu həddə qədər gəlib çıxdı. Mən qətiyyən səbəb nə olur olsun partiyanın qeydiyyatının ləğvinin tərəfdarı deyiləm. Ən azından Müsavat Partiyası həm mənim, həm də ailəm üçün adi siyasi partiyadan daha üstün bir məfhumdur. Əslində belə bir hadisənin baş verə biləcəyinə də inanmıram. Ancaq, artıq Arif Hacılı və qrupu reallıqları görməli və avtoritar idarə metodu ilə idarəçiliyə görə Müsavat Partiyasını hansı vəziyyətə saldıqlarını bilməlidirlər. Nə qədər ki, məsələləri qaydasına salmaq imkanları var, bu məsələlər təcili həllini tapmalıdır. Hamı anlamalıdır ki, Məmməd Əmin Rəsulzadə əmanəti bir partiyanı demokratik prinsiplərlə idarə etmənin alternativi yoxdur və bu mümkün də deyil".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00