“6 il əvvəl vəfat etmiş şəxsi Müsavatın rayon təşkilatına çağırdı” – Rahib Mirələmov
25 May 2015 13:26 SiyasətMüsavatın keçmiş funksioneri Rahib Mirələmov partiyanın Suraxanı rayon təşkilatında baş verən istefalara münasibət bildirib. "Müsavatın Suraxanı rayon təşkilatının yeni yaradılmış təşkilat komitəsinin sədri Fəzli Mehdiyev bildirir ki, Suraxanı Rayon Təşkilatının keçmiş sədri Rövşən Dəmirlinin rayon təşkilatının üzvləri haqqında heç bir məlumatı yoxdur. Fəzli bəy düzgün məlumat vermir. Əksinə onu deyə bilərəm ki, bir neçə gün əvvəl Fəzli Mehdiyev 5-6 il qabaq dünyasını dəyişmiş müsavatçı Sabir bəyin telefonuna zəng edərək, onu yeni yaratmaq istədikləri təşkilatda fəaliyyətini aktivləşdirmək məqsədilə yanına çağırmaq istəyib. Bu adamın vəfat etdiyindən xəbəri olmayan Fəzli Mehdiyev bir ailənin yeni qaysaqlamış yarasını qopardı. Neçə illərdir ki, özəl sədri və Şura üzvü olan Fəzli Mehdiyev müsavatçıları tanımaya-tanımaya digərilərinə şər atmaqla məşğuldur", - deyə R. Mirələmov qeyd edib. O, bildirib ki, Müsavatın bir sıra tanınmış üzvləri partiyada baş verən gərgin proseslərə son verilməsi məqsədilə sabiq başqan İsa Qəmbərin yanında gediblər. Lakin Rahib Mirələmov İ. Qəmbərin onları qəbul etmədiyini deyib: "Bunun səbəblərini yaxın günlərdə açıqlayacam. Məsələ barədə Arif Hacılının İsa Qəmbərə nə dediyini də bildirəcəm". R. Mirələmov həmçinin "Yeni Müsavat" qəzetini Müsavatda baş verənləri birtərəfli işıqlandırmaqda ittiham edib: "Qəzetdə istefa verən, rəhbərliyə narazılıq ifadə edən şəxslər haqqında yazılar getmir. Görünür partiya rəhbərliyi bununla bağlı qəzetə təlimat verib". R. Mirələmov Müsavat başqanı Arif Hacılının Suraxanı rayon təşkilatından istefa verənləri fəaliyyətsizlikdə qınadığını da diqqətə çatdırıb və bunun doğru yanaşma olmadığını sözlərinə əlavə edib. ("OLAYLAR" İA)