“Avropa İttifaqının son bəyannaməsi tez yaddan çıxacaq” – Politoloq
25 May 2015 13:23 SiyasətPolitoloq Elxan Şahinoğlu mayın 21-22-də Avropa İttifaqı "Şərq Tərəfdaşlığı" proqramının üzvü olan ölkələrin Riqa sammitində qəbul edilmiş bəyannaməyə münasibətini açıqlayıb. "Sammitdə 30 maddəlik yekun bəyannaməsini bənd-bənd nəzərdən keçirdim. Diqqətimi nələr cəlb etdi? Birincisi, bir çox bənddə Azərbaycanı Ermənistan və Belarusla bir sırada qeyd ediblər. Bu isə o deməkdir ki, Avropa İttifaqı Azərbaycanla inteqrasiyaya ümidli deyil. İkincisi, sənəddə bir tərəfdən ərazi bütövlüyü prinsipinə önəm verildiyi vurğulanır, ikinci bir tərəfdən isə münaqişələrin beynəlxalq hüquq normaları əsasında həlli ön plana çəkilir. Bu isə növbəti qeyri-müəyyənlikdir. Üçüncüsü, enerji əməkdaşlığı ilə bağlı bənddə Azərbaycanın önəmi xüsusi vurğulanır, TAP və TANAP boru xətlərinin adı çəkilir. Bu bəyyannamənin ən çox cümlələrlə ifadə olunan bəndidir. Buna baxmayaraq, bütövlükdə amorf bir bəyannamədir, bir müddət sonra bu sənədi xatırlayan olmayacaq" - deyə E.Şahinoğlu vurğulayıb. ("OLAYLAR" İA)