İlham Əliyev ali mükafatla təltif olunub
Əli Həsənov: “Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir”
22 May 2015 20:00 SiyasətMayın 22-də Bakıda Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisinin açılış mərasimi keçirilib. Mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, KİV və QHT rəhbərləri iştirak edib. Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun ofisin açılışını bildirən lenti kəsməsindən sonra ofisə baxış keçirilib.
Mərasimdə çıxış edən Umud Rəhimoğlu deyib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövrlərində fəaliyyətə başlayıb və fəaliyyəti dövründə dünyada sülhün təbliğinə çalışıb: "Fəaliyyətimizdən keçən 23 il ərzində Beynəlxalq Avrasiya Mətbuat Fondu dövlət qurumları, müxtəlif beynəlxalq təşkilatlar, səfirliklər və beynəlxalq QHT-lərlə əlaqə qurub. Fondumuz BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi hüquqlu üzvüdür. Bu gün BAMF vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibədən əziyyət çəkmiş regionlarda sosial və iqtisadi proqramlar həyata keçirir". Umud Rəhimoğlunun sözlərinə görə, Azərbaycanda vətəndaş cəmiyyətinə diqqət və qayğı olmasaydı, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu uğurlara imza ata bilməzdi: "Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dövlət səviyyəsində diqqət və qayğı var. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu diqqət və qayğının, ölkədə vətəndaş cəmiyyətinin inkişafına yaradılan şəraitin göstəricisidir ki, bu gün Azərbaycanla minlərlə qeyri-hökumət təşkilatı fəaliyyət göstərir". BAMF rəhbəri əmin olduğunu bildirib ki, 2014 il kimi 2015-ci il də rəhbəri olduğu fond üçün uğurlu olacaq və bu il də BAMF yeni-yeni uğurlara imza atacaq.
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutunun belə ofisə malik olması çox böyük mətləblərdən xəbər verir. Fondun yeni ofisinin Sovetlərin zamanında kinoteatr olduğunu deyən Əli Həsənov bildirib ki, 1991-92-ci illərdə SSRİ dağılandan sonra hakimiyyətə gələn cəbhəçilər bu cür yerlərdə öz realizmlərini təqdim etməyə başladılar. Bir müddət sonra isə bu kimi kinoteatrlar başlı-başına qaldı. Nəticə etibarilə gənclərin hansı ruhda tərbiyə olunması, nəyə baxması problem kimi ortaya çıxdı və gənclər də başlı-başına qaldı. Yalnız Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycan realizminin ortaya qoyulduğunu və BAMF kimi institutların yaranması şəraitinin meydana çıxdığını deyən Əli Həsənov qeyd edib ki, zamanında sosializm, realizmə xidmət edən bu kimi kinoteatrlar günümüzdə vətəndaş cəmiyyəti institutlarına təqdim edilir.
Prezidentin köməkçisi deyib ki, BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir, Azərbaycanda səmərəli fəaliyyət göstərir: "Mən bu sahədə Umud Rəhimoğlunun fəaliyyətini yüksək dəyərləndirirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi 3 500 QHT fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir". Əli Həsənov deyib ki, təməli Heydər Əliyev tərəfindən qoyulan vətəndaş cəmiyyəti quruculuğu siyasəti bu gün prezident İlham Əliyev tərəfindən davam etdirilir. Onun sözlərinə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatlarının ittihamlarına əsl cavabdır". Əli Həsənov qeyd edib ki, Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir: "Bu siyasətin nəticəsidir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu belə uğurlar qazanıb. Beynəlxalq Avrasiya Mətbuat Fondu tək deyil, belə uğur qazanan bir neçə təşkilatımız var. QHT-lərimiz, media orqanlarımız müxtəlif beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət göstərir". Prezidentin köməkçisi bildirib ki, bu gün Avropa İttifaqı və Avropa Parlamenti ilə səmərəli əməkdaşlıq edilir və bu əməkdaşlıqdan biri də vətəndaş cəmiyyəti institutlarına dəstək verilməsi sahəsindədir.
BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Antonius Broek də Beynəlxalq Avrasiya Mətbuat Fondunun uğurlu fəaliyyətindən danışıb. Bildirib ki, BMT və digər beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edən BAMF hər zaman münaqişələrin sülh yolu ilə həllinə yardımçı olmağa çalışıb, ayrı-ayrı münaqişələr nəticəsində qaçqın və məcburi köçkünə çevilmiş insanların problemlərinin həlli ilə bağlı təşəbbüslərlə çıxış edib. Rezident əlaqələndirici bu cür uğurlu fəaliyyətə görə Umud Rəhimoğluna təşəkkür edib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev BAMF-in Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında, bu sahədə nailiyyətlərin əldə edilməsindəki rolundan danışıb. Azay Quliyev fondun beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq etdiyini diqqətə çatdırıb və BAMF-ə gələcək fəaliyyətində uğurlar arzuayılb. Çıxışlardan sonra Umud Rəhimoğlu bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ölkədə vətəndaş cəmiyyətinin inkişafında xidmətlərinə və roluna görə BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ali mükafatı ilə təltif edilib. Mükafat Umud Rəhimoğlu tərəfindən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub. Əli Həsənova isə BAMF-in "Fəxri diplomu" təqdim edilib. BAMF prezidenti Ə. Həsənova vətəndaş cəmiyyətinin inkişafında dəstəyinə görə təşəkkür edib. Mərasim zamanı həmçinin BAMF-lə yaxından əməkdaşlıq etdiyinə görə bir sıra ölkələrin Azərbaycandakı səfirlərinə fəxri diplomlar təqdim edilib.
Süleyman İsmayılbəyli