Özbaşınalıq edənlər cinayət məsuliyyətinə cəlb ediləcəklər
İlham Əliyev: “Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur”
21 May 2015 16:02 SiyasətBinəqədi rayonunda hündürmərtəbəli binanın yanması ilə bağlı yaradılan Dövlət Komissiyasının ilk iclasından sonra bir çox dövlət məmurlarının "kürkünə birə düşməsi" şübhəsizdir. Vaxtilə etibar edilib yüksək vəzifəyə təyin edilən bəzi mənurlar, fəaliyyəti üçün hər cür şərait yaradılan bir qrup sahibkarlar çox təəssüf ki, dövlət başçısının onlara göstərdiyi etimada layiq olmadıqlarını əməlləri ilə sübut etmiş oldular. Dövlətin qayğısından yaralanaraq vətəndaşlara xidmət etmək, ölkənin iqtisadi inkişafına öz töhvələrini vermək əvəzinə bu tip insanlar "arxadan zərbə vurmağı" daha üstün tutdular. Həmin şəxslərin əməlləri qanunvericilik baxımından cinayət hadisəsi hesab olunsa da, etiraf edilməlidir ki, atılan addımlar mənəvi baxımdan həm də xəyanət kimi qiymətləndirilə bilər. Dövlət və ictimai əmlakı dələduzluq yolu ilə oğurlayıb talayan, şəxsi mənafeyini dövlət və ictimai mənafedən öndə tutan dövlət məmuruna xəyanətkardan başqa ad vermək mümkün deyil. Təsadüfi deyil ki, Prezident İlham Əliyev məlum iclasda korrupsiya ilə mübarizədə konkret addımlar atılacağını bir daha bəyan etdi. Dövlət başçısı məmurların məsuliyyətli olması, imkanlı adamların qanunlara riayət etməsinin vacibliyi, iş adamlarının dövlət əmlakının talan etməsinin qarşısının qətiyyətlə alınacağı, bu adamların arxasında duran dövlət məmurlarının isə sərt cəzalanacığı ilə ciddi mesajlar verdi. Xatırladaq ki, bu, mövqe korrupsiya və rüşvətlə bağlı mübarizədə çox təsirli addım olacaq. Çünki Prezident konkret qruplara, ölkədə böyük faciəyə səbəb olmuş hadisənin məsuliyyətini daşıyanlara açıq-aşkar bildirdi ki, kimliyindən asılı olmayaraq, qanunsuz əməllərlə məşğul olanlara qarşı mübarizə davam edəcək, korrupsiya və rüşvətə görə cəzalar sərtləşdiriləcək: "Cinayət törədibsə, məsuliyyət də olmalıdır. Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var və nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti də hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz". Göründüyü kimi dövlət başçısı humanistlik nümayiş etdirərək dəfələrlə məmurları ədalətli olmağa, cəmiyyətə nümunə göstərməyə dəvət etsə də xislətində naqislik olan bu insanlar öz əməllərindən əl çəkməyiblər. Üstəlik ailə üzvləri və yaxın qohumları cəmiyyət üçün bir parazitə çevrilib. Dövlət başçısı qeyd edib ki, vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər: "Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var ki, onları məsuliyyətdən yayındırmaq üçün min cürə əməldən çıxır. Mən demişəm, burada oturanlar mənim mövqeyimi bilir. Bir adam məsuliyyətdən qaça bilməz. Xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətli olmalıdırlar. Biz hüquqi dövlətdə yaşayırıq. Cinayət törətmisənsə, get cəzasını çək".
Son günlər kredit qalmaqalına görə həbs edilən iş adamlarının məsələsinə toxunan dövlət başçısının söylədiklərindən bəlli olur ki, etibardan istifadə edib dövlət, xalq malını oğurlayan şəxs nəhayət ki, "qan qusmalı" olur: "Son vaxtlar böyük pozuntularla bağlı bir neçə iş adamı məsuliyyətə cəlb edilib. Çünki öz məsuliyyətlərini dərk etməyiblər. Vaxt gələcək, ictimaiyyət bu məsələlərlə bağlı məlumatlandırılacaq".
Dövlət başçısının bu iradından aydın olur ki, bəzi mənurlar nəinki etik normalara, davranış qaydalarına riayət etmirlər, heç onlara həvalə edilən vəzifənin öhdəsindən gələ bilmirlər. Belə bir deyim var ki, hüquqi düşüncə baxımından kasad olan məmur daha çox məsuliyyətsiz olmaqla yanaşı, daha çox qanun pozunrusuna meyilli olur. Heç şübhəsiz ki, məmurun hər addım başı qanun pozuntusuna yol verməsi onun vəzifəsinin öhdəsindən gələ bilməməsinə dəlalət edir. Vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyən məmurun isə nənki qərar qəbul etmədə, heç idarəetmədə belə yeri ola bilməz.
Prezident İlham Əliyev ölkədə yeni binaların tikilməsi və əsaslı təmiri zamanı yol verilən nöqsanlara da toxunub. Məlum olub ki, insan amili ən vacib şərtlərdən olduğundan binaların tikintisi və təmiri zamanı təhlükəsizlik və keyfiyyət məsələlərinə ciddi riayət edilməlidir. Çox təəssüf ki, hazırki şəraitdə yini tikilən binalar üçün torpaq sahəsi ayrılmasından tutmuş onun tikilib istismara təhvil verilməsinə qədər bütün mərhələlərdə nöqsanlar müşahidə olunmaqdadır. Məhz bu amili nəzərə alan dövlət başçısı bu sahədə nizam-intizam yaradılmasını tələb edib: "Binalar təmir edilir, müqavilə bağlanmır. Bu, ümumiyyətlə, qəbuledilməzdir. Yaxud sertifikat bir maddəyə verilir, oda davamlılığın artması, materialın yüksək səviyyəli olması üçün hansısa maddələr əlavə edilməlidir, lakin istehsalat zamanı o qatqı əlavə edilmir, beləliklə, o keyfiyyət itirilir. Ona görə də hər bir mərhələdə istifadə edilən bütün tikinti materiallarına ciddi nəzarət olmalıdır. Müqaviləsiz iş görülən, ekspertizası olmayan bina olmamalıdır. Əgər ekspertiza varsa, ekspertiza həqiqətə uyğun deyilsə, o zaman o ekspertiza rəyini verən insanlar da məsuliyyətə cəlb edilməlidir. Ona görə də burada hüquq-mühafizə orqanlarının çox geniş iş fəaliyyəti nəzərdə tutulur ki, biz birdəfəlik bu hərc-mərcliyə son qoyaq. Çünki bu, bizə yaraşmaz. Azərbaycanda bu qədər abadlıq, quruculuq, təmir-bərpa işləri görülür. Bütün işlər yüksək keyfiyyətlə görülməlidir. Mənim birinci tələbim təhlükəsizlik və keyfiyyətdir, ancaq biz həyatda bu qaydaların pozulduğunu görürük". Dövlət başçısının fikirlərindən aydın olur ki, təhlükəsizlik və keyfiyyət məsələlərində daha çox məsuliyyət dövlət məmurlarının üzərinə düşür: "Yüksək gərginlikli elektrik xəttlərinin altında nə qədər binalar tikilib. İnsanlar bəlkə də bunu başa düşmür. Bu onların özləri üçün nə qədər böyük təhlükədir. Bu qanunsuz binalar haradan meydana gəlib? Heç kim bilmir. Bu da qanunsuzluq, özbaşınalıqdır. Buna son qoyulmalıdır".
Ölkənin tikinti sektorunda baş verən nöqsanlar o həddə çatıb ki, hətta milyardlarla manata başa gələn villaların sahiblərini belə müəyyən etmək müşkül məsələyə çevrilib. Əslində ağla sığmaz bir məsələdir ki, mülk sahibi ən azından daşınmaz əmlakı kimin adına rəsmləşdirdiyindən xəbərsiz olsun. Axı onun hər bir daşı, hər bir materialı oliqarxın xanımının zövqünə uyğun olaraq uzaq ölkələrdən gətirilib. Deməli, villa sahibinin baş verənlərdən xəbəri var, sadəcə onun qanunsuz olaraq inşa edildiyini bildiyindən "əfi ilan kimi daş altında yataraq" sənədləşdirmə üçün əlverişli məqam gözləyir. Təsqdüfi deyil ki, dövlət başçısı belə evlərin qanunsuz sənədləşdirilməsinə son qoyulmasını tələb edib: "İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış Dostluq parkının bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, Dostluq parkında ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın. Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz Dostluq parkının yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər".
Qətiyyətlə demək olar ki, dövlət başçısının mesajları harınlamış məmur və iş adamlarının özünütəftişi üçün bir siqnal olacaq. Əks halda heç bir məmurun bağışlanmayacağının şahidi olacağıq. Dövlət başçısının xəbərdarlıq etdiyi kimi: "Əgər bundan sonra belə qanunsuz əməllər olacaqsa, bu özbaşınalığı edənlər nəinki işdən çıxardılacaq, cinayət məsuliyyətinə də cəlb ediləcəklər. Azərbaycan ictimaiyyəti də görür ki, Azərbaycanda toxunulmaz insan yoxdur. Cinayət törədibsə, məsuliyyət olmalıdır".
Alim