Azərbaycana qarşı şər kampaniyası davam edir

Nils Mujnieksin bəyanatı bu kampaniyanın tərkib hissəsidir

Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieks Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini tənqid edib. Nils Mujnieks Azərbaycanı tənqid edərkən biri-birinə zidd olan fikirlər də səsləndirib. İddia edib ki, guya Azərbaycanda insan hüquq və azadlıqları qorunmur.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı, Azərbaycanın Avropa Parlamentindəki nümayəndəsi Fuad Muradovun sözlərinə görə, bütün bunlar onu göstərir ki, Azərbaycana qarşı şər, böhtan kampaniyası davam edir: "Mənim diqqətimi çəkən Nils Mujnieksinin "mənim tərəfdaşlarım" fikrini işlətməsidir. Əgər komissar Avropa Şurasının insan hüquqları üzrə komissarlığı ifadəsini işlətsəydi, bu, başa düşülərdi. Belə çıxır ki, Nils Mujnieksinin Azərbaycanda öz siyası adamları var. Onun siyası dünyagörüşü nədən ibarətdir, siyasəti nəyə xidmət edir? Buna diqqət etsək, görərik ki, onun azərbaycanlı ilə tərəfdaş olması mümkün deyil. Əslində komissar bu danışığı ilə özünün iç üzünü açıb". Millət vəkilinin qənaətincə, doğrudan da, Nils Mujnieks bu sözləri söyləyibsə, məntiqlə onun barəsində iki fikir yürütmək olar: "Ya həqiqətən o idiotdur, ya da Azərbaycanın müstəqilliyinə qarşı olan qüvvələrin ön sırasında olanlardandır. Biz Avropa Şurasına daxil olmaqla bütün beynəlxalq qurumlar qarşısında öz doğma torpaqlarına, ata-babalarının qəbrini ziyarətə gedən məcburi köçkünlər, Dilqəm Əsgərov və Şahbaz Quliyevin Ermənistan tərəfindən girov götürülüb insanlığa sığmayan işgəncələrə məruz qaldığı barədə nəinki məlumat vermişik, onların azad olunması üçün dəfələrlə xahiş etmişik. Ermənistanın bütün beynəlxalq konvensiyaları pozduğunu diqqətə çatdırmışıq. Bu günə qədər onlardan biri,  elə konkret olaraq Avropa Şurasının İnsan Hüquqları üzrə kommissarından bir reaksiya yoxdur. Bu da onu göstərir ki, belələrini insan hüquqlarının pozulması maraqlandırmır. Onlar yalnız öz məqsədləri naminə addımlar atırlar". Depuatat "Cənubi Qafqazda niyə yalnız Azərbaycanla bağlı məsələ müzakirə olunur, Ermənistan, Gürcüstan niyə yada düşmür?" sualına cavabında deyib ki,  burada təəccüblü bir şey yoxdur: "Birincisi, bu gün Ermənistanda da, Gürcüstanda da hakimiyyətə siyasu opponentlik edən qüvvələr həbsdədir. Demək Avropa Şurasının insan hüquqları üzrə komissarlığı üçün bu məsələ maraqlı deyil. Elə olsaydı, bu məqama da toxunardılar. Bəli, Cənubi Qafqaz deyəndə yalnız Azərbaycan yada düşür. Bunun səbəbi çox sadə və hər kəs üçün aydın məsələdir. Çünki Azərbaycan bütün sahələr üzrə nəinki Cənubi Qafqazda liderdir, keçmış MDB məkanında öndə gedən ölkələr sırasındadır. Əsas isə odur ki, Azərbaycan xarici siyasətində yalnız milli maraqlara xidmət edən addımlar atır, ətraf amilləri, təzyiqləri nəzərə almır. Bu da görünür Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarlığının xoşuna gəlmir. Hesab edirəm ki, Azərbaycan düz yoldadır. Bizi bu yoldan heç bir qüvvə çəkindirə bilməz. Əminəm ki, yaxın zamanlarda Azərbaycana qarşı şər, böhtan kampaniyası aparanlar səhvlərini anlayacaqlar".
Politoloq Ramiz Alıyev bildirib ki, nədənsə Avropanın bu və ya qurumları üçün insan haqları məsələsi məhz Azərbaycanın hansısa bir mötəbər yarışa hazırlaşması ərəfəsində yada düşür: "Bu kimi iddia və qərəzli fikirlərlə biz dəfələrlə rastlaşmışıq. Elə 3 il əvvəl Evrovision musiqi yarışması keçirilən ərəfədə də Avropanın bəzi qurumları Azərbaycana qarşı qərəzli fikirləri səsləndirirdilər. Eyni ssenari indi də təkrar olunur. Hesab edirəm ki, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksin də açıqlaması Birinci Avropa Oyunlarına qarşı aparılan kampaniyanın bir hissəsidir. Birmənalı demək mümkündür ki, Azərbaycanın Birinci Aropa Oyunları kimi mötəbər bir yarışa evsahibliyi etməsi Avropadakı bir çox qurumları bərk narahat edir. Onlar Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın hər ötən il daha bir uğura imza atmasını həzm edə bilmirlər". Politoloqun sözlərinə görə, Nils Mujnieks üçün insan haqları o qədər önəmlidirsə onda regionun digər ölkələrində bu sahədə olan vəziyyətə də nəzər yetirsin: "Ola bilsin ki, Nils Mujnieksin ya gözləri yaxşı görmür, ya da əsl reallığı görmək istəmir. Təklif edərdim ki, Nils Mujnieks gözünə eynək taxaraq Ermənistanda insan hüquq və azadlıqlarının necə pozulduğunu öz gözləri ilə görsün. Elə yaxın günlərdə erməni əsgər analarının keçirdiyi etiraz aksiyası zamanı polisin onlara qarşı necə fiziki güc işlətdiyini bütün dünya gördü? Onda belə çıxır ki, erməni əsgər anaları ya insan deyil və onların hüquqları yoxdur, ya da Ermənistan Avropa Şurasının sonbeşik övladı olduğu üçün ona gözün üstündə qaşın var deyilmir. Bu açıq-aşkar Azərbaycana qarşı qərəzli, ədalətsiz yanaşmadır". Ramiz Alıyev deyib ki, Azərbaycanda insan hüquq və azadlıqlarına xüsusi hörmət bəslənilir, bu sahədə müntəzəm olaraq müvafiq addımlar atılır: "Bu addımları, həyata keçirilən islahatları görməzlikdən gəlmək isə ədalətsizlik, Azərbaycana qarşı düşmənçilikdir".


Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00