Müsavat banan partiyaya çevrilir

Məşədi Cəfər

Bir zamanlar AXC-nin, sonra Müsavatın önəmli fiqurlarından olmuş Zeynəddin kəndinin müəllimi, İbrahim İbrahimli 1993-cü ildə Ali Sovetdə belə bir söz demişdi: "Belə getsə, ölkə banan respublikasına çevriləcək". Zeynəddinli müəllim Surət Hüseynovun qiyamını, onun ardınca dövlət rəsmilərinin dalbadal istefasını nəzərdə tuturdu.  Kim deyərdi ki, aradan 23 il keçəndən sonra İbrahim müəllimin dedikləri Müsavatın özünə aid olacaq. Doğrudur, İbrahim müəllim hazırda Müsavatda deyil. Bir neçə il öncə həmyerlisi Sülhəddin müəllim Əkbərlə birlikdə Arif Hacılının başqan olacağını görüb partiyadan istefa veriblər. Müsavatda olmasa da, 23 il qabaq müsavatçı kimi dediyi sözlər  bu gün Arif Hacılının partiyası üçün keçərlidir. Məlumat yayılıb ki, Müsavat Partiyası Binəqədi rayon təşkilatının 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi barədə qərarı ləğv edilib.  Binəqədi rayon təşkilatının sədr müavini Şamil Beydulla deyib ki, bu barədə qərar təşkilatın  Şura iclasında qəbul edilib. İclasda təşkilatın 8-ci mikrorayon özəyinin Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı qərarına baxılıb. Müzakirələrin yekununda qərar ləğv olunub. İclasda özəyin protokollarının ləğv olunması, seçkili orqanlarının buraxılması, özək sədri Sabit Hacıyevə töhmət elan olunması ilə bağlı da qərarlar verilib. Şura üzvləri Tacik Hacıyev və Zahir Beydullayev də faktı təsdiqləyiblər. Vurğun Əyyub mətbuata açıqlamasında partiyaya bərpası haqqında qərarı müsbət qiymətləndirib. Deyib ki, inanırmış ki, Binəqədi təşkilatı səhvini düzəldəcək. Ancaq Müsavat başqanının müavini Elman Fəttah mediaya açıqlamasında deyib ki, o, qərara şübhə ilə yanaşır: "10 nəfər şura üzvü ilə danışmışam. Heç biri iclasda iştirak etməyib. Rayon təşkilati sədrinin də məlumatı yoxdur". Müsavat partiyasının rəsmi mövqeyini ifadə edən Elman Fəttah deyib ki, partiya nizamnaməsində xaric edilmiş üzvün bərpa edilməsi anlayışı yoxdur. Bir neçə şura üzvünün rayon təşkilatı sədrindən xəbərsiz, şura üzvlərinə məlumat vermədən keçirdikləri iclas şura iclası ola bilməz. Bu, bir neçə şəxsin şuradan kənar toplantısıdır. Binəqədi rayon təşkilatında bu gün şura iclası çağırılmayıb. Başqan müavinin sözlərinə görə, Nizamnaməyə görə özək sədri və ya şura üzvü üzvlükdən 2/3 səs çoxluğu ilə çıxarıla bilər. Yığışan şəxslərin şura sədrindən xəbərsiz keçirdikləri toplantı və orda qəbul edilən qərarlar və tərtib olunan sənədlər nizamnaməyə ziddir. İndi necə olacaq? Biz Vurğun Əyyubu partiyaya bərpa etmiş Binəqədi rayon təşkilatının qərarını əsas götürməliyik, ya "Nizamnamədə partiyaya bərpa olunmaq məsələsi yoxdur" deyən Müsavat rəhbərliyinin? Baş verənlər Müsavat rəhbərliyinin çıxılmaz duruma düşdüyünü göstərir. Özü də bu durumu yaradan Arif Hacılı rejiminin özüdür. Arif Hacılının yön verdiyi Divan adicə bir özəyin qərarını alqışlayanda, qanuna, kitaba salanda anlamalıydı ki, sabah başqa bir özək və ya rayon təşkilatı fərqli bir qərar verəcək. Bundan sonra Arif Hacılı nə edəcək? Ya gərək Divan özəyin qərarını ləğv edə, ya da Binəqədi rayon təşkilatı da Suraxanı və Ucar təşkilatları kimi buraxıla. Ancaq rayon təşkilatının buraxılması da çıxış yolu deyil. Çünki Müsavatın əksər rayon təşkilatlarında Arif Hacılını istəməyənlər var. Bütün rayon təşkilatlarında təmizləmə aparmaq mümkün deyil. O halda Arif Hacılı yarantdığı "banan partiya" ilə barışmalı və həftədə bir sürpriz qərara hazır olmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00