İlham Əliyev: İşsizlik ən aşağı səviyyədədir

Azərbaycanda yoxsulluq kimi sosial məsələlər həll olunur

Biz siyasi və iqtisadi transformasiyaya böyük sərmayə yatırmışıq. Müstəqilliyi bərpa etdikdə biz dövlətimizi qurmalı və siyasi sistemimizi transformasiya etməli idik. Bu səbəbdən siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılırdı.

ANS PRESS-in məlumatına görə, bu barədə Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, biz aydın başa düşdük ki, təbii sərvətlər ölkənin transformasiyası və Azərbaycanın davamlı inkişafının təmin olunması üçün kifayət etməyəcək. Bu səbəbdən siyasi islahatlar, demokratik proses və azadlıqlarla bağlı məsələlər bizim diqqət mərkəzimizdə olub. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar - siyasi azadlıq, media azadlığı, azad internet, din azadlığı təmin edilib. Bu isə inkişafın əsası və təməli deməkdir.

İlham Əliyev deyib ki, bununla yanaşı, Azərbaycanın təbii sərvətlərinə və potensialımıza əsaslanan iqtisadi siyasət müstəqilliyimizin ilk illərində müəyyənləşdirdiyimiz məqsədlərə nail olmağa imkan verib. Bu da iqtisadi müstəqillik idi. Bizim xarici borcumuz olduqca aşağı səviyyədədir - ümumi daxili məhsulun 10 faizinə bərabərdir. Yəni, biz donorlardan, sponsorlardan, ianələrdən və beynəlxalq maliyyə qurumlarının yardımlarından asılı deyilik. Halbuki biz onlarla çox fəal əməkdaşlıq edirik. Biz ölkəmizin enerji təhlükəsizliyini maksimum dərəcədə təmin edə bilmişik və bu gün biz digərlərinin enerji təhlükəsizliyini təmin edirik.

Həmçinin işsizlik və yoxsulluq kimi sosial məsələlər həll olunur. Burada çox müsbət dinamika görürük. Bu gün Azərbaycan yoxsulluq və işsizliyin ən aşağı səviyyədə olduğu ölkələrdəndir. Bu göstərici 5 faizə bərabərdir. Təbii ki, bu da cəmiyyətdə müsbət dinamika yaradır. Bu amillərin birləşməsi Azərbaycanın əhəmiyyətinin artırılmasında vacib rol oynayır. Əlbəttə ki, daha çox diqqəti daxili məsələlərə yönəldirik.

Məqsədlərimizə nail olmaq və inkişaf etmiş dövlətə çevrilmək üçün görüləcək işlərimiz çoxdur. Halbuki Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən iqtisadiyyatın rəqabətqabiliyətliliyinə görə Azərbaycan dünyada 38-ci yerdədir. Buna isə təbii sərvətlər hesabına yox, islahatlar hesabına nail olunub. Bununla yanaşı, biz xalqları daha da yaxınlaşdıran müxtəlif layihələrin təşəbbüskarıyıq. Bunlar enerji, iqtisadiyyat, siyasi əlaqələr sahələrinə, habelə humanitar sektora aiddir. Biz hər il Bakıda Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşünü təşkil edirik. Bugünkü Forum da artıq üçüncü dəfədir təşkil edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00