İlham Əliyev: “Dünyada neofaşist hərəkatlar yaranır”
18 May 2015 15:48 SiyasətMayın 18-də Bakıda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayıb. "2015-ci ildən sonrakı inkişaf gündəliyində mədəniyyət və davamlı inkişaf" iki gün davan edəcək Forumun əsas mövzusunu təşkil edir. Forum "Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq" devizi altında keçirilir. Forumda müzakirələr ilk növbədə BMT Baş Assambleyası tərəfindən elan olunan 21 May - Dialoq və inkişaf naminə ümumdünya mədəni müxtəliflik gününə həsr olunan layihə və proqramlar, eləcə də mədəniyyətlər arasında etimad və əməkdaşlığın möhkəmləndirilməsində din, miqrasiya, idman, təhsil, incəsənət və biznesin buradakı rolu ətrafında aparılacaq. Forum Azərbaycan prezidentinin hamiliyi ilə keçirilir. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nın Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq siyasi, iqtisadi və mədəni güc mərkəzləri çıxış edir. Forumda müxtəlif ölkələrdən 500-dən artıq nümayəndə iştirak edir.
Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan mədəniyyətlərarası dialoqda mühüm rol oynayır və çalışır ki, ölkələri, xalqları bir araya gətirsin: "Azərbaycan Avropa və Asiya arasında yerləşir, bu da Azərbaycanın mədəni müxtəlifliyində rol oynayıb. Etnik və müxtəlif dinlərin təmsilçiləri həmişə Azərbaycanda tolerant şəkildə yaşayıb. Tarixi irsimiz mədəni müxtəlifliyə yanaşmanı ortaya qoyur. Şamaxıda ən qədim məscidlərdən biri, Şəkidə alban kilsəsi, Abşeronda atəşpərəstlərin məbədi yerləşir. Bu gün Azərbaycanda müxtəlif etnik qrupların nümayəndələri yaşayır və inkişafımıza töhfə verir. Biz beynəlxalq tədbirləri ona görə keçiririk ki, multikulturalizm ənənələrini təbliğ edək". Prezident bu gün dünyada baş verən hadisələrin narahatlıq doğurduğunu söyləyib: "Azərbaycanda Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması bu sahədə bir addım oldu. Multikulturalizmin alternativi yoxdur. Bu baxımdan vətəndaş cəmiyyəti qurumlarının, qeyri-hökumət təşkilatlarının rolu artır. Bəzi hallarda dini ədavət bilərəkdən inkişaf etdirilir və yayılır. İctimai rəyə təsir göstərən insanların öhdəliyi artır, biz multikulturalizm ənənələrini inkişaf etdirməliyik. Multikulturalizmin müsbət ənənələri var və Azərbaycan onlardan biridir. Bizim bu səylərimiz olmasa, dünyada vəziyyət daha pis olacaq. Azərbaycan kimi ölkələrin dünyada oynadığı rol müsbətdir. Bunun alternativi islamofobiya, antisemitizm ola bilər və bunlar tarixdə insanlar üçün böyük faciələrlə nəticələnib. Multikulturalizm Bakı prosesinin əsasını təşkil edir. 100-dən çox ölkənin təmsilçisinin iştirakı göstərir ki, biz mədəni müxtəlifliyi təmin edəcəyik".
Dövlət başçısı təəssüflə bildirib ki, bu gün dünyada neofaşist hərəkatlar yaranır: "Beynəlxalq ictimaiyyət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir. Biz birgə səylərlə bu döyüşdən qalib çıxa bilərik. Ona görə də mədəniyyətlərarası dialoq çox əhəmiyyətlidir. Bakı bu məsələlərin müzakirəsində çox mühüm bir məkandır". Prezident qeyd edib ki, 23 ildə Azərbaycanda güclü, inkişaf etmiş dövlət qurulub: "Bakı memarlıq, tarixi abidələrlə zəngindir, onlarla tanış ola bilərsiniz. Ancaq müstəqillik baxımından ölkəmiz gəncdir. Qısa müddətdə aparılan işlər bizim inkişafımızı müəyyən etdi. Əgər siz cəmiyyətin dəstəyinə nail olursunuzsa, bu işlər uğurlu olur. Azərbaycanın təşəbbüsləri regional əməkdaşlığı gücləndirir".
Prezident əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm rol oynayır. Biz əslində tarixi İpək Yolunu bərpa edir, mühüm dəmir yolunu tikirik. Tarixi İpək Yolu məhz Azərbaycan ərazisindən keçirdi". Dövlət başçısı bildirib ki, Azərbaycanın bütün layihələri sosial inkişafa, xalqlar arasında əməkdaşlığın inkişafına yönəlib: "Bizim səylərimiz beynəlxalq ictimaiyyət tərəfindən də dəyərləndirilir. Sevindirici haldır ki, Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib. Həmin 155 dövlətin hamısı ilə fəal əlaqəmiz olmasa da, müstəqillik dövründə gördüyümüz işlər ölkəmizə müsbət münasibəti əsaslandırdı". Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi islahatlara sadiqdir: "Anladıq ki, enerji resursları davamlı inkişaf üçün yetərli olmayacaq. Ona görə də azadlıqlar diqqət mərkəzimizdədir. Bu gün Azərbaycanda bütün fundamental azadlıqlar təmin olunur, din azadlığı var. Bu, bizim inkişafımız üçün əsasdır". Dövlət başçısı Azərbaycanın iqtisadi müstəqilliyinin olduğunu da diqqətə çatdırıb: "Donorlardan asılı deyilik, ianələr, yardımlar gözləmirik. Azərbaycanın enerji təhlükəsizliyini təmin etmişik, indi də başqa ölkələrin enerji təhlükəsizliyinə töhfə veririk". Prezident bildirib ki, Azərbaycanda işsizlik və yoxsulluq 5 faiz civarındadır: "Ölkəmiz rəqabətə davamlılıq baxımından 38-ci yerdədir. Biz müxtəlif layihələrə başlamışıq. Humanitar sahə də diqqət mərkəzindədir. Hər il Bakıda humanitar forum, dini liderlərin sammitini keçiririk". Prezident deyib ki, müsəlman dünyasında ilk demokratik respublika Azərbaycanda yaradılıb, qadınlara ilk dəfə səsvermə hüququ verilib. Bu addım Avropanın bir çox ölkəsi ilə müqayisədə daha öncə atılıb: "Mədəniyyətlərarası dialoqun təşviq edilməsində təhsil mühüm rol oynayır. Biz təhsilə xüsusi diqqət yetiririk, Azərbaycan savadlılıq səviyyəsi çox yüksək olan ölkədir. Biz təhsilə, texnologiyaya əsaslanmağa çalışırıq. Təhsil radikalizmə, terrorizmə qarşı ən yaxşı vasitədir. Ona görə də Forumda bu müzakirələr diqqət mərkəzində olacaq. Fikrimcə, Azərbaycanın təcrübəsi maraqlı ola bilər. Biz indi təhsil sistemimizi beynəlxalq standartlara uyğunlaşdırırıq. Sevinirik ki, gənc nəsil savadlı olmağa, həyatda öz yerini tutmağa, Azərbaycanın potensialına çevrilməyə çalışır".
UNESCO-nun baş direktoru İrina Bokova isə bildirib ki, UNESCO -nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsləri mühümdür: "Ötən həftə UNESCO qədimdən müasirliyə adlı sərgini təşkil etdi. Həmin sərgidə Məhsəti Gəncəvinin əsərləri təqdim olundu". Onun sözlərinə görə, mədəniyyətlər fərqlidir, ancaq qarşılıqlı hörmət əsasdır. Onun sözlərinə görə ki, dünyada ifadə azadlığı təmin edilməlidir: "Ekstremizm mədəni dəyərlərə qarşı hücumdur. Təhsil bu sahədə mühüm mübarizə vasitəsidir". İrina Bokova bildirib ki, öz hərəkətlərimizə qiymət verə bilməyimiz üçün tənqidi yanaşma inkişaf etdirilməlidir: "Rəqəmsal texnologiyanın inkişafı insan hüquqlarının qorunmasında rol oynamalıdır. Bu, gələn ay UNESCO-nun keçirəcəyi konfransda əsas mövzudur. Mədəni müxtəliflik insan ləyaqətinin başqa adıdır və biz mədəni müxtəlifliyi dəstəkləməliyik".
İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri deyib ki, dünyanın müxtəlif yerlərində ədavət görürük. Bu, xüsusən terrorçuluğu və dini sekta yanaşmasını artırır, geniş məkanları əhatə edir, xaos bir çox yerlərdə özünü büruzə verir: "Dünyanın bir çox regionlarında sabitlik pozulub: "Beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurası vasitəsilə üzərinə düşən məramı həyata keçirə bilmir. İnsanlar bəşəriyyəti irəli aparacaq idealları təbliğ etməlidir. Bu baxımdan siyasətçilərin üzərinə mühüm missiya düşür". İSESCO-nun baş direktoru Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistan, Fələstinin İsrail, Mərakeşin adalarının İspaniya tərəfindən işğal edildiyini söyləyib: "Mədəniyyətlərarası dialoq sadə bir tədbir kimi qəbul edilməməlidir. Bu, dünyadakı qarşıdurmaların aradan qaldırılmasına xidmət etməlidir. Biz bir ailə kimi işləyirik, heç kimin arasında fərq qoymuruq".
İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni qeyd edib ki, bəzi dairələr iddia edə bilərlər ki, multikulturalizm uçuruma gedir. Amma biz bu ziddiyyətləri aradan qaldırmalıyıq: "Azərbaycan daim inkişaf edən ölkədir: "Biz çətin bir dövrdə yaşayırıq. Belə bir dövrdə güclü rəhbərə mütləq şəkildə ehtiyac var". Baş katib Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq etdiklərini söyləyib: "Bu kimi forumların keçirilməsi bizə lazımdır. Yohannesburqda keçirilən davamlı inkişaf sammitindən sonra iqtisadi inkişaf və davamlılıqda mədəniyyətin xüsusi rola malik olduğu bildirilmişdi. İslam Əməkdaşlıq Təşkilatı bu proseslərə sadiqdir və tərəfdaş şəklində çıxış edir. Fikrimcə, bu, ən təxirəsalınmaz məsələdir. Mədəniyyətlərarası dialoq sahəsində gücümüzü birləşdirməli və fikirlərimizi digər ölkələrə, insanlara çatdırmalıyıq. Biz problemlərin həllinə çalışmalı, birliyimizi qorumalıyıq. Biz əgər layiqli vətəndaş olmaq istəyiriksə, təkcə işləyib evimizə getməklə kifayətlənməməli, müxtəlif fikirlərimizi paylaşmalıyıq. Biz hər bir mədəniyyət hüququnu təmin etməli, Afrika haqqında düşünməli, oradakı problemlərin aradan qaldırılmasına xidmət etməliyik. Bu çətinliklər cəmiyyətimizi risklə üzbəüz qoyur, bu fərqlər qarşıdurmaya səbəb olur. Biz tək yaşamalı deyil, fikirlərimizi paylaşmalı və tərəfdaş olmalıyıq".