“Brüssel rəsmi Bakının siyasətini dəstəkləyir”

Elxan Şahinoğlu: “Brüssel TANAP boru xəttinin reallaşması ilə bağlı bütün prosesləri sürətləndirməlidir”

"Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mart keçən həftə mətbuata verdiyi açıqlamada Azərbaycan hakimiyyətinin və cəmiyyətinin diqqəti cəlb edəcək iki mesaj verib". Bu barədə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu məlumat verib. "Birinci mesaj: "Avropa İttifaqı Cənubi Qaz Dəhlizi layihəsinə "Türk axını" layihəsindən daha çox maraq göstərir"; İkinci mesaj: "Avropa İttifaqı Azərbaycanla strateji əməkdaşlığa dair Bakıdan təkliflər gözləyir". Hər iki mesaj əhəmiyyətlidir. Birinci mesajı belə başa düşmək lazımdır ki, Avropa İttifaqı Azərbaycan qazını Rusiya qazına əvvəlkitək alternativ görür və Rusiyanın qaz inhisarından qurtulmaq üçün TAP və TANAP-ın "Türk axını" layihəsindən daha əvvəl tamamlanmasını istəyir. Bu Brüsselin rəsmi Bakının siyasətinə verdiyi dəstəkdir. TAP, TANAP və "Türk axını" boru xətlərinin hamısı Türkiyədən keçəcək. Əlbəttə, Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Ancaq Ankara Azərbaycan qazının daha tez Avropa bazarına çatdırılması məqsədilə "Türk" axını layihəsinə gecikdirə bilməz. Ona görə də bu məsələdə daha çox Brüssel fəal olmalı, TANAP boru xəttinin reallaşması ilə bağlı bütün prosesləri sürətləndirməlidir. Malena Martın ikinci mesajı isə daha çox rəsmi Bakını tələsdirmək məqsədi daşıyır. Rəsmi Bakı Brüssellə assosiativ saziş imzalamayacaq. Bakı bunun əvəzinə Brüsselə strateji əməkdaşlıq sazişi təklif edir. Bu saziş assosiativ sazişi əvəz etməlidir. Ancaq Martın sözlərindən belə çıxır ki, rəsmi Bakı bu saziş üzərində təkliflərini hələ Brüsselə təklif etməyib. Ləngimə Avropa İttifaqını narahat edir. Əgər rəsmi Bakı Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsini, vizaların yumşaldılmasını və ortaq azad iqtisadi zonanın yaradılmasını istəyirsə strateji sənəd üzərində çalışmaları sürətləndirməlidir. Bu TANAP layihəsinin reallaşması ilə bağlı prosesi də sürətləndirə bilər ki, bunda Azərbaycan hakimiyyəti maraqlı olmalıdır" - deyə E.Şahinoğlu qeyd edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00