“Abbas Abbasov çirkin və təhlükəli oyunlar oynayır”
Elçin Mirzəbəyli: “Son nəticədə onun addımları bilavasitə özünün əleyhinə işləyir”
18 May 2015 13:02 Siyasət"AzerRos"un Ağsaqqallar Şurasının keçmiş sədri Abbas Abbasov yenidən aktivləşdirilib. İddialara görə, A.Abbasov son zamanlarda soyuyan Ankara-Moskva münasibətlərini yenidən əvvəlki məcrasına qaytarmaq, ən əsası Azərbaycanın qaz kəməri xəttinə (TANAP) alternativ kimi düşünülmüş "Türk axını"na dəstək üçün Ankarada ciddi fəaliyyətə keçib. Onun Ankarada keçirdiyi danışıqlarda kimin təmsilçisi kimi qismində çıxış etdiyi məlum deyil. Həmçinin Abbas Abbasovun Türkiyədə konkret olaraq kimlərlə əlaqə saxladığı da naməlumdur. BAXCP sədrinin müavini Elçin Mirzəbəyli "Olaylar"a açıqlamasında bildirib ki, Abbas Abbasovun vaxtilə Rusiyanın Azərbaycanda Milli Şura layihəsinin həyata keçirilməsi ilə bağlı fəaliyyəti və sonrakı dövrdə Rusiyada azərbaycanlı icmasının parçalanması istiqamətindəki atdığı addımları hər kəsə bəllidir. Çox çirkin və təhlükəli oyunlar oynayır: "Son nəticədə isə, onun addımları bilavasitə özünün əleyhinə işləyir. Çünki o elə bir ranqda siyasət adamı deyil ki, bu qədər ciddi siyasi oyunların mərkəzində dayansın və bu prosesi irəli apara bilsin. Digər yandan TANAP beynəlxalq ictimaiyyətin diqqətində olan enerji layihəsidir. Dünyanın super gücləri tərəfindən bu proyektə dəstək verilir. Bunu nəzərə alanda Abbas Abbasov kimi siyasi çəkisi olmayan adamın belə nəhəng layihəyə qarşı fəaliyyəti həmin şəxsin iflasıyla nəticələnəcək. Kimlər ki Azərbaycana qarşı fəaliyyət göstərir, kimlər ki Azərbaycanın beynəlxalq layihələrdən təcrid olunmasını arzulayır, kimlər ki Azərbaycan-Türkiyə əməkdaşlığının əleyhinədir - onlar da, bu prosesi idarə edirlər. Fakt öz ünvanını göstərir". ("OLAYLAR" İA)