“Nə qədər Hacılı qardaşları Müsavatdadır, yalan da ayaq tutub yeriyəcək” – Ellada Məmmədli
18 May 2015 12:59 Siyasət"Az bir zamanda Müsavata gəlib yaltaqlıqla bir qrupda yerləşib "özlərinə yer edənlər", rayon təşkilatlarının varlığından xəbəri olmayanlar, özək üzvlərini tanımayanlar, xaricə gedənlərə "yaşıl işıq" yandırıb rayon təşkilatlarını qazanc mənbəyinə çevirən, mənəm riyakar yoxsa, siz?" "Olaylar"ın məlumatına görə, bunu mayın 17-də Müsavat Partiyası Qadınlar Birliyinin sədri vəzifəsindən uzaqlaşdırılan Ellada Məmmədli deyib. "Ağzı söyüşlü, əxlaqi dəyəri, mənəviyyatı satılmışlar, həm iqtidara, həm müxalifətə yarınanlar, büdcə təşkilatlarında işləyib Rəsulzadənin çöplüyə atılmış portretinə susanlar sizsiniz riyakar yoxsa mən? Bir qədər hədiyyə, bir qədər məddahlıq, hətta palçıqdan yapılmış at heykəlilə rayon təşkilatı sədrliyi adını alıb, dadını "kiçik qardaşa" bəxş edənlər, sizin də deməyə sözünüz var? İddia edirsiniz ki, Xətai rayon təşkilatının 55 üzvünün istefasını mən təşkil etmişəm. Sizcə, Xətai rayon təşkilatını quranlar, illərini Müsavata verənlər, məhrumiyyətlərə dözənlər, Müsavatı məbəd bilənlər mənim sözümləmi istefa verdilər? Dediyiniz yalana inanırsınızmı? Yanılırsız. Yeni rəhbərliyin avtoritar idarəçiliyinə, ləyaqətliləri partiyadan uzaqlaşdırdığına , daxildə demokratiyanı boğduğuna, partiyanı uçuruma sürüklədiyinə etiraz edərək istefa verdilər. İstefa verənlərin 9 nəfər olduğunu, onlardan birinin ölü, 8 nəfərin diri olduğunu qeyd edənlər, barı ölənin kim olduğunu, yəni adını açıqlayın. Çünki dedikləriniz yalandır və isbatı da yoxdur. Nə qədər Hacılı qardaşları Müsavatda var, yalan da ayaq tutub yeriyəcək" - deyə E.Məmmədli qeyd edib.