AXCP və Müsavat nə üçün dialoqdan qaçır?
15 May 2015 16:03 Siyasətİqtidar nümayəndələri ilə müxalifət partiyaları arasında növbəti üçüncü görüş keçirildi. Əvvəlki görüşlərdə iştirak etməkdən boyun qaçıran Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasına yenidən bu dəfəki görüşdə iştirak dəvəti edilsə də, hər iki siyasi təşkilat ənənəsinə sadiq qalaraq yenə müzakirələrə qatılmadı. Əvəzində Müsavat rəsmi dəvətə cavab olaraq qarşı tərəflə şərt dili ilə danışdı. Məlumata görə, Musavat Partiyası iqtidar-müxalifət dialoqunda iştirak etmək üçün üç şərt irəli sürüb. Həmin şərtlərdən birincisi siyasi məhbuslarla bağlı məsələnin müzakirəsi, ikincisi Riqa sammiti ətrafında polemika, nəhayət üçüncüsü, ölkədə siyasi islahatların başlanması, sərbəst toplaşmaq hüququnun bərpa edilməsidir.
İqtidar-müxalifət görüşü, eləcə də Müsavat Partiyasının görüşdən əvvəl müəyyən şərtlərlə çıxış etməsi məsələsinə toxunan Vətəndaş və İnkişaf Partiyasının sədr müavini Billur Hümbətov bildirib ki, görüşə bütün müxalif partiya rəsmilərinin dəvət edilməsi öz-özlüyündə müsbət haldır. Müsavat Partiyasının dəvətə cavab olaraq şərt irəli sürməsinə gəlincə isə VİP rəsmisi qeyd edib ki, sözügedən təkliflərin hər biri müxalifət partiyaları tərəfindən bundan əvvəl keçirilən görüşlərdə də müzakirə predmeti olub: "Lakin, bunları mətbuat vasitəsi ilə deyil, iqtidarla üzbəüz oturub bildirmək yaxşı olmazmı? Gözəl atalar sözümüz var. Deyirlər ki, "Çağırılmayan yeri dar eləmə, çağırılan yerə getməyi ar eləmə". Əgər bu gün partiyalar o görüşə dəvət alıblarsa, orada iştirak edib və ona ayrılacaq reqlament müddətində öz tələb - təkliflərini dövlət rəsmiləri qarşısında qaldırıb və hər kəsin nəzərinə çatdırmaqlarına kim mane ola bilər? Digər tərəfdən bir daha qeyd etmək istəyirəm ki, həmin təkliflər iqtidar-müxalifət görüşündə iştirak edən hər bir müxalifyönlü partiyaların rəsmləri tərəfindən əvvəlki müzakirələr zamanı qaldırılıb və zaman-zaman da bu məsələlərə diqqət çəkilir". Billur Hümbətov onu da diqqətə çatdırıb ki, iyunun 12-28-i tarixlərində Azərbaycanda keçriləcək Birinci Avropa Oyunları ilə bağlı məsələnin də iqtidar-müxalifət görüşündə müzakirə olunmasını vacib hesab edib: "Hansı cəbhədə dayanmasından asılı olmayaraq hər bir təşkilat, hər bir Azərbaycan vətəndaşı bu idman yarışının ölkəmizdə üğurla keçməsi üçün əlindən gələnini etməlidir. Dövlətimizin maraqları olan yerdə iqtidar-müxalifət ziddiyyətləri unudulmalıdır. Müxalifət düşərgəsində olan bizlər elə etməməliyik ki, iqtidar-müxalifət yaxınlaşmasını arzulamayan bəzi qüvvələrin əlinə bəhanə verilsin və başlanmamış prosesə xitam verilsin". Billur Hümbətovun sözlərinə görə, tədbirdə iştirak edib-etməmək hər partiyanın öz hüququdur: "Ancaq partiya rəhbərləri illərlə onlara təmənnasız xidmət etmiş üzvlərinin taleyini öz şəxsi ambisiyalarına qurban verməməlidirlər. Sonra üzvlər bağışlasalar da, Allah onları bağışlamaz".
Politoloq Ramiz Alıyev isə bildirib ki, illərdir hakimiyyətlə dialoq tərəfdarı olduğunu söyləyən AXCP və Müsavatın daha bir görüşdən imtina etməsi başadüşülən deyil: "Əgər doğrudan da dialoq istəyirsinizsə nə üçün müzakirələrdən qaçırsınız. Buradan belə aydın olur ki, əslində AXCP və Müsavatı düşündürən dialoq yox, bu dialoqa mane olmaq, ona əngəl yaratmaqdır. Digər tərəfdən daxildəki problemini aradan qaldıra bilməyən, qurultaydan sonra yeni başqanın idarəçiliyinə etiraz edən funksionerlərlə dil tapa bilməyən Müsavat Partiyası hakimiyyətlə necə dialoqa gedə bilər?". Ramiz Alıyev qeyd edib ki, AXCP və Müsavatı düşündürən yeganə məsələ Azərbaycanın imicinə zərbə vurmaq, onun beynəlxalq aləmdəki nüfuzuna xələl gətirməkdir: "Hər iki siyasi qüvvə illərlə bu fəaliyyətlə məşğuldur. Xüsusilə Birinci Avropa Oyunları ərəfəsində onların anti-Azərbaycan fəaliyyətləri bir qədər də intensivləşib". Politoloq hesab edir ki, AXCP və Müsavat növbəti görüşə qatılmamaqla bir daha milli maraqlara, dövlətimizin inkişafına, onun uğur qazanmasına qarşı çıxdığını təsdiqləmiş oldu: "Halbuki onlar da ən azı belə bir həssas məqamda digər siyasi partiyalar kimi dövlətin, dövlətçiliyin yanında olmalı idilər"
Süleyman