Növbəti iqtidar-müxalifət görüşü keçirildi

Əli Həsənov: “Azərbaycan Prezidenti belə düşünür ki, hakimiyyət üçün onların fikirlərini dinləmək lazımdır”

Ölkədə fəaliyyət göstərən bir sıra müxalifət partiyalarının hakimiyyət nümayəndələri ilə növbəti görüşü keçirilib. Sayca üçüncə dəfə keçirilən görüşdə hakimiyyət tərəfdən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri  Əli Həsənov, Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, müxalifət tərəfdən isə ADP, AMİP VHP, KXCP, Ümid, Vəhdət, BQP, BAXCP, ADİP, VİP, BAP, Ədalət, ASDP, Azadlıq, Aydınlar, MDHP iştirak edib. Bildirib ki, siyasi partiyalardan görüşdə müzakirə üçün bəzi təkliflər daxil olub: "Lakin faktiki hamının marağını kəsb edəcək və aktual olacaq ciddi təklif almamışıq. Yeganə olaraq, "Azadlıq-2015" blokundan qarşıdan gələn parlament seçkiləri, seçki islahatları və siyasi partiyaların seçkilərdə iştirakı ilə bağlı ümumiləşmiş ciddi təklif daxil olub. Lakin hakimiyyət bu gün bu təklifi siyasi partiyalarla müzakirə etməyə hazır deyil və hazırda hakimiyyət olaraq, siyasi partiyalarla seçki islahatları və qarşıdan gələn seçkiləri gündəmə çıxmağa lüzum görmürük.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, bu Oyunlara daxildə və xaricdə münasibətdir: "Hesab edirik ki, cəmiyyətin siyasi institutları da bu məsələnin müzakirəsindən kənarda qalmamalıdır". Əli Həsənov görüşdə siyasi partiyaları maraqlandıran cari məsələlərin də müzakirəyə çıxarılmasını təklif edib: "Siyasi partiyalar görüşün gedişində konkret məsələlərin müzakirəsini təklif edə bilər. Biz, ümumiyyətlə, gələcək görüşlərdə cari məsələləri ikinci məsələ kimi gündəliyə salmağı təklif edirik". Əli Həsənovun sözlərinə görə,  istər hakimiyyət, istər digər siyasi partiyalar olsun, bütün tərəflər Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsidir: "Azərbaycan cəmiyyətində baş verən və ümummilli mahiyyət kəsb edən məsələlər gündəmə gəlirsə, əlbəttə, orada iqtidarla müxalifətin görüşünə ehtiyac yaranır. Bu məsələlər ətrafında fikir mübadiləsinin aparılması, siyasi partiyaların bununla bağlı fikirlərini dinləmək, hakimiyyətin siyasəti ilə onun uyğunlaşdırılması, uzlaşdırılması məsələlərinə baxılması üçün bundan sonra qəbul olunan qərarların optimal olmasına çalışacağıq".
Əli Həsənovun giriş nitqindən sonra görüş mətbuatın iştirakı olmadan davam etdirilib. Görüşdən sonra iqtidar nümayəndələri ilə müxalifət partiyaları arasında baş tutan danışıqlar barədə açıqlama verən Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbə müdiri Əli Həsənov deyib ki, görüşün əsas mövzusu Avropa Oyunları olsa da, bəzi cari məsələlər də müzakirə edilib və təkliflər irəli sürülüb: "Partiya sədrləri bir qrup məhbusun əfvi məsələsinin ölkə başçısına çatdırılmasını xahiş etdilər. Partiyaların qərargah məsələsi, bank kreditlərindən tutmuş, siyasi plüralizmə qədər, bir sıra mühüm məsələlər qaldırıldı". Əli Həsənov qaldırılan məsələlərin bəzisinə dərhal münasibət bildirildiyini, digərlərinə də münasibət bildiriləcəyini söyləyib: "Avropa Oyunları ilə bağlı məsələlərin müzakirəsində Azərbaycanın həqiqətlərinin, görülən işlərin dünya ictimaiyyətinə çatdırılması zəruri sayılıb. Avropa Oyunları Azərbaycanda lazımi infrastruktur qurmağa və gələcəkdə Olimpiya Oyunlarını keçirmək təcrübəsi qazanmağa imkan verir. Avropa Oyunlarından istifadə edərək Azərbaycanın reallıqlarını, xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini dünya ictimaiyyətinə çatdırmalıyıq. Hakimiyyət nümayəndəsi kimi görüşə görə partiyalara təşəkkür edirəm. Azərbaycan Prezidenti belə düşünür ki, hakimiyyət üçün onların fikirlərini dinləmək lazımdır. Azərbaycan xalqı birmənalı şəkildə prezidentin siyasətini dəstəkləyir. Ancaq siyasi partiyaların da bu siyasətə münasibət bildirmək imkanı olmalıdır".


S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00