Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Milli Məclisin Sədri Oqtay Əsədov Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun rəhbəri Karin Ştrenzin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə spiker bildirib ki, münasibətlərimizin çox zəngin tarixi var. Hələ XIX əsrdə 1400-dən çox alman ailəsi Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmış, yerli əhali ilə mehriban dostluq şəraitində yaşayıb yaratmışdır.

Müasir dövrdə əlaqələrimizin dərinləşməsində dövlət başçılarımızın mütəmadi görüşləri və aparılan danışıqlar böyük rol oynayır. Azərbaycan Avropa İttifaqının önəmli üzvü olan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir. Əməkdaşlığımızın daha da dərinləşməsi üçün yaxşı zəmin mövcuddur: "Heç də təsadüfi deyildir ki, Almaniya ölkəmizin Avropada ən vacib siyasi, iqtisadi və sərmayə tərəfdaşlarından biridir. Hesab edirik ki, təhlükəsizlik və energetika sahələrində də əlaqələrin dərinləşməsi olduqca vacibdir. Təqdirəlayiq haldır ki, bu gün Azərbaycanda 105 alman şirkəti müvəffəqiyyətlə fəaliyyət göstərir. Təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 2 milyard 630 milyon ABŞ dolları həcmində olmuşdur. Biz gələcəkdə bu rəqəmi daha da artırmaq niyyətindəyik. Bu gün Azərbaycan Cənubi Qafqazın ən sürətlə inkişaf edən ölkəsidir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz xətlərinin fəaliyyəti, gələcəkdə reallaşacaq TAP və TANAP layihələri ölkəmizin Avropanın enerji təhlükəsizlik sistemində necə rol oynadığının göstəricisidir". Söhbətdə Dağlıq Qarabağ problemindən söz açan sədr Azərbaycan ictimaiyyətini narahat edən bu məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini qeyd etdi. O, ümidvar olduğunu bildirib ki, gələn il ATƏT-ə Almaniyanın sədrliyi dövründə bu məsələdə irəliləyişə nail olunacaq. Sədr Birinci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycanın belə möhtəşəm tədbir ərəfəsində üzləşdiyi ikili standartlardan söz açaraq, Oyunların yüksək səviyyədə keçəcəyinə qəti inamını ifadə edib. Səmimi qəbul üçün minnətdarlığını bildirən Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun rəhbəri Karin Ştrenz Birinci Avropa Oyunları ərəfəsində müstəqil Azərbaycanda görülən işləri yüksək dəyərləndirib. Bildirib ki, tədbirdə geniş tərkibli alman idmançıları ilə yanaşı, ölkənin rəsmi şəxsləri də iştirak edəcəklər.
Qəbulda qonaq Almaniya-Azərbaycan münasibətlərindən söz açaraq iqtisadi, siyasi, mədəni və parlamentlər səviyyəsində əməkdaşlığın hər iki xalqın mənafelərinə xidmət etdiyini söylədi. O, Dağlıq Qarabağ məsələsi ilə əlaqədar ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiyini xüsusi vurğulayıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00