Arif Hacılı-Müsavatın Yusif Sərracı
Partiya İsa Qəmbər başqan olsa da dağılacaqdı
14 May 2015 15:34 SiyasətVurğun Əyyubun və daha 2 fəal müsavatçının partiyadan çıxarılması Müsavatda ciddi qopmalara yol açıb. Partiyanın Nizami rayon təşkilatının bir qrup üzvü bəyanat yayaraq partiyadan istefa verib. Təşkilatın 22 fəal üzvü qurultaydan sonra Arif Hacılının başqanlıq dövründə partiyada gedən siyasi kursu öz məcrasından çıxardığını, partiyadaxili dağıdıcılıq müstəvisinə keçirdiyini iddia edərək bu addımı atdıqlarını bildirib. "Arif Hacılının müsavatçılara olan şəxsi kin-küdurəti, avtoritar idarəetmə üsulu Müsavat Partiyasında dağıdıcılıq kimi xoşagəlməz situasiya yaradıb. Partiya Nizamnaməsindən kənar əməllər, müsavatçılara vurulan damğa, Qubad İbadoğlu, Vurğun Əyyub kimi siyasi aydınların partiyadan çıxarılması Arif Hacılının Məhəmməd Əmin Rəsulzadə yolundan sapmasının bariz nümunəsidir"- deyə, istefa verənlər vurğulayıblar. Qeyd edək ki, istefa verənlər arasında tanınmış müsavatçılar:Mirismayıl Hadi və Qalabəy Ağalarlı da var. Bir gün sonra Müsavatın Xətai təşkilatından 55 nəfər istefa verdiyini bəyan edib. Onlar da Arif Hacılının avtoritar metodlarına etiraz ediblər. Xatırladaq ki, Nizami və Xətai rayon təşkilatları Müsavatın ən güclü qurumları hesab olunurdu. Sonuncu təşkilata bir zamanlar Arif Hacılının qardaşı Mustafa Hacıbəyli rəhbərlik edib. 2 gündə 80-ə yaxın fəal müsavatçının partiyadan çıxması itkidir. Arif Hacılının adamları "gələnlər gedənlərdən çoxdur, son 6 ayda 300 nəfər üzv yazılıb" kimi köhnə metodlara baş vursalar da reallıq ortadadır:Müsavat partiyası ciddi şəkildə dağılma mərhələsinə qədəm qoyub. Görünən odur ki, qurultayda Arif Hacılıya səs verməyənlər çıxış yolunu partiyanı tərk etməkdə görürlər. Burada iki nüans diqqəti çəkir. Birincisi odur ki, Müsavatda Arif Hacılıya qarşı antipatiya göründüyündən də çox imiş. İkinci nüans odur ki, Qubad İbadoğlu-Vurğun Əyyub düşərgəsində bu qədər narazı adamı təşkilatlandıran, fövqəladə qurultaya səfərbər edən lider tapılmadı. Əgər bu işi bacaran təşkilatçı lider olsaydı, Müsavat fövqəladə qurultay keçirə bilərdi. Artıq bu fürsət itirilib. Narazılar əvvəlcədən yanlış xətt tutdular. Tovuz təşkilatı elliklə istefa verməməli idi. Tovuz təşkilatının ardınca Nizami və Xətai təşkilatlarının aktiv üzvləri istefa verdi. Bu, o deməkdir ki, Müsavat partiyasından istefa verənlər bir daha Müsavat uğrunda mübarizəni davam etdirə bilıməyəcəklər. Bundan sonra onların fövqəladə qurultaya qatılması məntiqsiz olacaq.
Müsavatda baş verənlərdə daha bir maraqlı nüans İsa Qəmbərin də qəbul olunmamasıdır. Avropada yaşayan sabiq müsavatçı yazar "İsa Qəmbər, sənin ardınca bundan sonra heç kim getməz" deyirsə, deməli liderlik xarizmasından, hamının qəbul etdiyi ağsaqqallıqdan danışmağa dəyməz. Belə çıxır ki, son qurultayda İsa Qəmbər başqan olsa belə qopmalar qaçılmaz imiş. Bəlkə də İsa Qəmbər Arif Hacılını "Yusif Sərrac" olaraq irəli verib ki, dağıntılar onun adına yazılmasın. Ancaq istefa verənlərin, Vurğun Əyyubun çıxarılmasına etiraz edənlərin açıqlamaları göstərir ki, onlar təkcə Arif Hacılını hədəf seçməyiblər. Onlar İsa Qəmbəri də qəbul etmirlər. Bu baxımdan Müsavatda baş verənləri yenilik tərəfdarlarının mühafizəkarlara qarşı üsyanı kimi də qiymətləndirmək olar.
Ərhun Abbas