Azərbaycana qarşı təzyiqlərin, hücumların kökündə ölkəmizin müstəqil siyasət yeritməsi durur

Milli Məclisdə ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına həsr olunmuş dinləmələr keçirilib

Mayın 13-də Milli Məclisdə Avropa Oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı artan qarayaxma kampaniyası və Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmə cəhdlərinə həsr olunmuş dinləmələr keçirilib. Dinləmələrdə millət vəkilləri, QHT və KİV rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bildirib ki, Avropa Oyunları Azərbaycanın böyük uğurudur: "Hər ölkəyə belə bir etimad göstərilmir. Hər bir ölkənin böyük yarışlara ev sahibliyi etmək potensialı və təcrübəsi yoxdur. Azərbaycan gənc ölkə kimi belə bir möhtəşəm tədbirə ev sahibliyi edir. Bununla bağlı ölkəyə qarşı aparılan kampaniya siyasi qısqanclıqdan irəli gəlir. Əlbəttə ki, bu işlər üzücüdür. Amma biz buna qarşı biganə qala bilmərik". A.Quliyev qeyd edib ki, Azərbaycan bu Oyunları keçirməyi xoş niyyətlə öz üzərinə götürüb: "Təbii ki, Avropada insanlar bu Oyunların keçirilməsini dəstəkləyir. Əfsuslar olsun ki, Azərbaycana qarşı belə münasibətlər də var, təbii ki, burada bir çox amillər, o cümlədən geosiyasi məsələlər, siyasi qısqanclıq da var". Ötən gün Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələrə gəlincə, A.Quliyev deyib ki, onların bütün iddiaları əsassızdır: "Deyirlər ki, niyə Azərbaycan xarici jurnalistlərin ölkəyə gəlməsinə qadağa qoyur? Amma halbuki Avropa Oyunlarında iştirak etmək üçün 1500 xarici jurnalist qeydiyyatdan keçib və onlar Azərbaycana gələcəklər. Yəni buradan aydın olur ki, Avropa Parlamenti məsələləri öz istədiyi kimi qələmə verir".

Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə qeyd edib ki, Avropa Parlamentinin üzvləri uzun müddətdir ki, Azərbaycana qarşı təzyiq rıçaqlarını işə salıblar: "Təəccübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər". V.Ələsgərov bildirib ki, bu, hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir: "Son zamanlar Ələkrəm Hümbətov kimi alçaq, vətən xainlərini Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Belə bir alçağı ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir". O vurğulayıb ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır, Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur: "Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasəti aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlıq qurması, tənqid, tərif etməsi üçün yetərli platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik. Hər kəs də bilir ki, bəzi qüvvələr rəsmi şəkildə edə bilmədiklərini qeyri-rəsmi şəkildə ən alçaq formada həyata keçirirlər. Özü də bu məsələdə QHT-lərdən vasitə kimi istifadə edilir". V.Ələsgərov əlavə edib ki, ölkəyə qarşı bu qədər kampaniyaların keçirilməsi Azərbaycanın nə qədər qüdrətli olmasından xəbər verir. Xüsusən, ABŞ-ın keçmiş diplomatları bu işdə xüsusi canfəşanlıq nümayiş etdirirlər. Onun sözlərinə görə, vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olmuş Rebekka Vinsent aparılan kampaniyada iştirak edir: "Biz bu kampaniyaya səssiz qala bilmərik". Vitse-spiker onu da deyib ki, Avroparlamentin Azərbaycana, o cümlədən, qardaş, dost Türkiyəyə sərgilədiyi məlum davranışın kökündə həmçinin milli, etnik, dini amil dayanır: "Bütün təzyqlərə, təhdidlərə baxmayaraq, Azərbaycan öz uğurlu inkişaf yolu ilə gedəcək və ilk Avropa Oyunlarına da uğurlu ev sahibliyi edəcək".
Daha sonra çıxış edən Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət Avropada insan hüquqları ilə bağlı bir sıra faktlardan misallar gətirib. O, qeyd edib ki, Avropa ölkələrində həm də dini və irqi ayrı-seçkilik zəminində cinayət halları artır: "Bu ölkələrdə tolerantlıq yerini getdikcə daha çox dözümsüzlüyə verir. Nəticədə İslam, yəhudi dinindən olanlar, eyni zamanda, qaradərililər ayrı-seçkiliyə məruz qalırlar". A.Həsrət bildirib ki, misal üçün, bu ilin fevralında Fransanın Strasburq şəhərində yəhudi qəbiristanlığına hücum nəticəsində 100-dək yəhudi məzarı dağıdılmışdı: "Yaxud da ötən ilin may ayında Brüsseldəki yəhudi muzeyinə hücum nəticəsində 4 nəfər öldürülmüşdü. 2012-ci ilin fevralında isə Fransanın Tuluza şəhərindəki yəhudi məktəbinə hücumda bir kişi və 3 yəhudi uşağı öldürülmüşdü. Avropa İttifaqı Təməl Hüquqlar Agentliyinin araşdırmalarına görə, 2013-cü il ərzində Belçika, Fransa, Almaniya, İtaliya, İsveç, Böyük Briyaniya kimi ölkələrdə rəyi soruşulanların 75 faizi antisemitizm hallarının artdığını deyib. Yəhudi olduğu üçün küçəyə çıxmağa qorxduğunu deyənlərin sayı isə 50 faiz təşkil edib. Hər 100 nəfərdən 33-ü bu səbəbdən hücuma məruz qala biləcəyindən qorxur". O, qeyd edib ki, ən dəhşətlisi isə odur ki, kiçik uşaqların zorla ailəsinin əlindən alınması Avropada getdikcə adiləşir: "Hər il on minlərlə uşaq müxtəlif bəhanələrlə ailəsindən alınır və bir daha geri qaytarılmır. Bu münasibətə daha çox köçkün və qaçqın uşaqları məruz qalır. Misal üçün, təkcə 2011-ci ildə Almaniyada yeniyetmələrlə iş üzrə dövlət qurumu - "Jugendamt" 38 min 456 uşağı zorla ailəsinin əlindən alıb ki, bunların da 5 mini türk uşaqlarıdır". Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əlməmməd Nuriyev bildirib ki, Azərbayana qarşı aparılan bu kampaniyanın arxasında iki məqsəd durur: "Azərbaycanı müstəqil siyasətindən sapdırmaq və Dağlıq Qarabağ münaqişəsini ermənilərin xeyrinə həll etməkdir. Bizi ittiham edən Avropa ölkələrinə baxdıqda görürük ki, orada siyasi korrupsiya mövcuddur. Siyasi korrupsiya dedikdə, lobbiçilik fəaliyyətlərinin qeyri-şəffaf olduğunu qeyd edə bilərik. Avropa İttifaqı ölkələri ilə bağlı Beynəlxalq Şəffaflıq Təşkilatının apardığı hesabatda da qeyd olunub ki, Avropa ölkələrində siyasi korrupsiya geniş yayılıb". Ə.Nuriyev deyib ki, elə Avropa təşkilatlarının araşdırmalarına əsasən Avropa ölkələri hər il korrupsiyadan 320 milyard avro itirir. O vurğulayıb ki, Azərbaycan korrupsiyaya qarşı daim mübarizə aparır və bunun nəticələrini hər gün görürük: "Buna misal olaraq, Korrupsiya qarşı Mübarizə Baş İdarəsi, "ASAN xidmət" yaradılıb və BMT "ASAN xidmət"i ən ali mükafatına layiq görüb". Daha sonra çıxış edən Əmək Hüquqları Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov qeyd edib ki, bəzi dairələr insan hüquq və azadlıqlarından istifadə edərək Azərbaycana qarşı çirkli kampaniya aparırlar. O, Azərbaycana qarşı kampaniya aparan xarici QHT-ləri 3 qrupa ayırıb: "Bunlardan birincisi Azərbaycana qarşı düşmən mövqeyində olan QHT-lərdir. Digər qrup isə sifariş yerinə yetirən QHT-lərdir. Bu təşkilatlar Azərbaycana qarşı kampaniyada iştirak edirlər. Başqa bir qrup isə yanlış informasiya əsasında Azərbaycana dair mənfi məlumatlarla yüklənən təşkilatlardır". S.Məmmədov bu cür təşkilatlardan nümunə də göstərib: "Misal üçün, Çexiyanın PİN təşkilatı. Bu təşkilat 1988-ci ildə zəlzələdən sonra tələbələr tərəfindən yaradılıb. 1992-ci ildə Xankəndində hospital təşkil edib və tərəfkeşlik edərək yalnız erməniləri müalicə ediblər. 1992-ci ildə erməni əsrliyindən azad olunmuş şəxslərin verdiyi məlumatlardan məlum olur ki, bu təşkilatın əməkdaşları azərbaycanlı əsrlərə qarşı hərbi cinayətlərdə iştirak ediblər. Belə məlumatlar da çoxdur ki, bu hospital insan orqanlarının alveri ilə məşğul olub və bunun qurbanları da azərbaycanlı uşaqlar olub. Belə cinayətlərlə məşğul olan bu təşkilat indi Azərbaycanda insan hüquqlarından danışır". Deputat Məlahət İbrahimqızı isə 100 ildir ermənilərə qondarma "erməni soyqırımı" ilə bağlı bütün dünyada təbliğat xarakterli məlumatların yayılması üçün şərait yaradıldığını xatırladıb: "Lakin bir neçə il öncə baş verən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılmasında Avropanın dili gödək, gözü də kor olub". Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə bildirib ki, hazırda Azərbaycana qarşı ideoloji mübarizə başlanıb: Hazırkı dövrdə Bakıda keçiriləcək I Avropa Oyunlarına qarşı aparılan kampaniyalar "Eurovision" mahnı müsabiqəsi zamanı da var idi. Azərbaycana gəlib buradakı gerçək vəziyyəti görənlər bu kimi qarayaxma kampaniyalarının əsassız və yalan olduğunu görürlər". Avropa Parlamentinin riyakar siyasətinin Azərbaycana qarşı münasibətdə özünü büruzə verdiyini diqqətə çatdıran "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli qeyd edib ki, belə kampaniyalar sifarişlidir və vahid mərkəzdən idarə olunur: "Yenə də Avropa Oyunları ərəfəsində Azərbaycanda fərginliyin artmasını arzulayan qüvvələr fəallaşıblar. Bu qüvvələr erməni lobbisi ilə əlaqəlidir, sifarişlə müəyyən tapşırıqları icra edirlər. Onlar çalışırlar belə bir fikir formalaşdırsınlar ki, guya Azərbaycanda demokratiya yoxdur və Dağlıq Qarabağı bu dövlətə birləşməsi mümkün deyil. Lakin Avropa Oyunları bütün bu planların üzərindən xətt çəkir. Bununla da erməni lobbisinin rıçağı əılindən çıxmış olur". Sonra tədbir iştirakçıları Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasını ifşa etmək üçün təkliflər səsləndiriblər.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00