Avropa Parlamenti qərəzlidir

"Avropa Parlamentinin Birinci Avropa Oyunlarını boykot etmək barədə ölkə liderlərinə çağırışı Azərbaycana qarşı növbəti qarayaxma kampaniyasının tərkib hissəsidir". Belə bir açıqlama ilə çıxış edən politoloq Ramiz Alıyev "OLAYLAR"-a deyib ki, məqsəd Azərbaycanın daha bir uğura imza atmasına əngəl olmaqdır: "Avropa Parlamenti iddia edir ki, guya Azərbaycanda insan hüquq və azadlıqları pozulur və ona görə də Avropa Oyunlarının açılış mərasiminə qatılmaq yolverilməzdir. Əgər avropalı parlamentarilər insan hüquqlarının fəal müdafiəçisidirlərsə onda nə üçün Avropa liderlərinə Birləşmiş Ştatlara səfər etməmək barədə çağırış etmirlər. Bir ay deyil ki, bütün dünyanın gözü qarşısında amerikalı polislər bu ölkədəki qaradərili insanlara qarşı zorakılıq aktları həyata keçirdi, bir neçə nəfərin həyatına son qoydular. Məgər bu insan hüquq və azadlıqlarının pozulması deyilmi. Hələ mən Ermənistanın işğalçılıq siyasəti nəticəsində  bir milyona yaxın insanımızın qaçqın və məcburi köçkünə çevrilməsini demirəm. Çünki bəzi avropalı parlamentarilərin ermənipərəst mövqeyi, Ermənistanı dəstəklədikləri bizə məlumdur. Ona görə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsindən söz açmıram". Ramiz Alıyev bildirib ki, Avropa Parlamenti də belə bir çağırış etməklə sifarişlə, qərəzli işlədiyini sübuta yetirmiş oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00