“Müsavatda statusu olmayan sıravi müsavatçı qalmadı”
Hüseyn Məlik: “O, yenidən başqan ola bilər, ancaq liderlik statusunu birdəfəlik itirdi”
13 May 2015 13:59 Siyasət"Bu müsavatçıları düşündürən əsas sualdır, bunun onlarla versiyası var, hamını düşündürür, lakin real cavabı yoxdur". "Olaylar"ın "İsa Qəmbər müsavatçıların razı olmayacağını bilə-bilə nəyə görə, Arif Hacılını dəstəklədi?" sualına cavabında Müsavat Partiyası başqanının keçmiş müavini Hüseyn Məlik belə deyib. ""İsa Qəmbər niyə belə etdi?" sualının cavabını Arif Hacılı, İsa Qəmbər, bir də Allah bilir. Hətta Pənah Hüseynlə bu sualın cavabını axtarmağa çalışdıq. Müəyyən versiyaların üzərində dayandıq. Ancaq Pənah Hüseyn də dedi ki, "bunun cavabını mən də bilmirəm". Yəni Müsavatda baş verən proseslərlə bağlı hər zaman fikirlərimizi bölüşdüyümüz Pənah Hüseyn də bunu bilmədi" - deyə Hüseyn Məlik qeyd edib. Hüseyn Məlikin sözlərinə görə, qurultaydan əvvəl Müsavat rəhbərliyinin bu gün partiyadan gedən insanlarla müəyyən məsələləri müzakirə etmək imkanları olub: "Lakin indi İsa Qəmbər bu imkanları itirib. Əgər İsa Qəmbər birmənalı olaraq, Arif Hacılını dəstəkləməsəydi, bu günkü vəziyyət yaranmayacaqdı. İsa Qəmbər demokratik seçki keçirsəydi, Arif Hacılının timsalında heç bir şəxsə üstünlük verməsəydi, bu gün tərəfləri bir yerdə oturdub hakimlik edə, birləşdirici qüvvə kimi çıxış edə bilərdi. İsa Qəmbər açıq formada Arif Hacılını dəstəklədikdən sonra bu statusu itirdi. O, tərəfsiz olmalıydı. Bunu nəzərə alanda Müsavat üçün çıxış yolu görünmür. Proseslər davam edəcək. Nəhayətdə partiyada İsa Qəmbər, Arif Hacılı, Mustafa Hacılı, Razi Əmiraslanlı və Sevinc Hüseynovadan başqa heç kəs qalmayacaq. Bu gün Müsavatda statusu olmayan sıravi müsavatçı yoxdur. Hamısının bir vəzifəsi var. Belə partiya olmur. Bəlkə də İsa Qəmbər hesablaya bilmədi, səhv etdi. Yaxın 6-8 ayda İsa Qəmbərin niyə Arif Hacılını dəstəklədiyini cəmiyyətin özü görəcək. O, yenidən başqan ola bilər, ancaq liderlik statusunu birdəfəlik itirdi. Çünki paraşütçü ilə siyasətçi bir dəfə səhv edir. Təəssüf edirəm". ("OLAYLAR" İA)