Qubad İbadoğlu və İsa Qəmbərin gizli sövdələşməsi

Sabiq başqan 2018-ci il seçkilərin Müsavat başqanı qismində qatılmaq niyyətindədir

"Əli Əkbərin "Gilə" hekayəsini oxudum. Çox təsirləndim, qürurlandım, ruhlandım. Bu əsəri "Qoca və dəniz" qədər sevdim. "Gilə" bir cümlə ilə deməli olsaq insanların göründükləri qədər xoşbəxt, düşündükləri qədər çarəsiz olmadıqları haqda gerçək bir hekayədir. Əli Əkbər bu hekayəsi ilə çoxlarının yaza bilmədiklərini yazmaqla bərabər çoxlarının yüz məqalə, yüz müsahibə ilə poza bilmədiklərini də pozub" - Müsavat başqanı Arif Hacılı öz "Facebook" profilində belə yazır. A.Hacılıdan bir gün əvvəl keçmiş başqan İsa Qəmbər yazır: "Əli Əkbərin "Gilə" əsərini oxudum. Çox bəyəndim. Bu qədər sadə, bu qədər mükəmməl. Təbrik edirəm".
***
Bu məsələ ilk baxışda Arif Hacılı və İsa Qəmbərin ədəbiyyata olan maraqlarının göstəricidir. Eyni zamanda bu, hələ də İsa Qəmbərin gündəliyində nə varsa, Arif Hacılı üçün də bunun keçərli olmasının nümayişidir. Əgər sabah İsa Qəmbər desə ki, "Müsavatı Arif Hacılı altını üstünə çevirir", Arif Hacılı da ona cavabında, "Bəli, İsa bəy düz deyir, Müsavatı mən altını üstünə çevirirəm" deyəcək. Beləliklə Qubad İbadoğlu və tərəfdarlarının iddiaları doğrudur, Müsavatda baş verənlərdən İsa Qəmbər məsuliyyət daşıyır. Ellada Məmmədli, Tural Abbaslı, Hüseyn Məlik, İsmayıl Kəsəmənli və Vurğun Əyyub kimi tanınmış müsavatçılar da eyni sözü deyirlər. Hərçənd ki, onların fikirlərini Qubad İbadoğlu tərəfdarları olduqları üçün yalanlamaq da olardı, lakin baş verənlər artıq bunu sübut edib.
"Hədəf 2018"
İlk baxışda İsa Qəmbərin Arif Hacılını Müsavat başqanı təyin etməklə yalnışlığa yol verdiyi görünür. O, Müsavat kontingentinin A.Hacılını başqan kimi görmək istəmədiyinin qarşılığında bunu atdı. Amma İsa Qəmbər nə etdiyini və bu qərarının hansı proseslərə yol açacağını bilirdi. Arif Hacılı başqan postuna gələn kimi o, gizli planını açdı. 2018-ci ildə keçiriləcək prezident seçkiləri üçün namizədliyini irəli sürən İ.Qəmbər, seçkilərə QHT sədri kimi yox, Müsavat başqanı qismində qatılmaq niyyətində olduğunu nümayiş etdirdi. Növbəti qurultayda İsa Qəmbər yenidən başqan ola bilər, Müsavatın nizamnaməsi də buna imkan verir. Lakin onun partiyanın parçalanmasından güddüyü başqa bir məqsədi də var. Belə ki, partiya daxilində o qədər də sevilməyən Arif Hacılını başqan edən İsa Qəmbər Müsavatı özü və Qubad İbadoğlu arasında bərabər şəkildə bölüşdürdü. Növbəti qurultayda başqan olacağı halda, o, Qubad İbadoğlunun ADR Hərəkatı ilə yaxınlaşmağın yollarını axtaracaq. Beləliklə, seçkilərə Müsavat-ADR tandemi şəklində qatılacaq İsa Qəmbər nəticə əldə etməyə ümid edəcək. Proseslərin Qubad İbadoğlu ilə razılaşdırılmış yöndə cərəyan etməsi də mümkündür. Yəni, ADR sədri İsa Qəmbərlə eyni və planlı oyunun içindədir. Seçkilərə qədər Q.İbadoğlu və İ.Qəmbər ətraflarına mümkün qədər tərəfdar toplamağa çalışırlar, son nəticədə isə, seçimlərə birgə qatılırlar. Belə olan halda ADR və Müsavat bir sıra müxalifət partiyalarını da sıralarına cəlb edərək seçkilərə blok şəklində gedə bilərlər. Lakin Plan baş tutmayacaq. Çünki siyasət meydanında yeni olan Qubad İbadoğlu ətrafını genişlətdikcə, sövdələşməni poza bilər. ADR Hərəkatını Müsavatdan daha üstün gücə gətirəcəyi halda, Q.İbadoğlu seçkilərə İsa Qəmbərin yox, özünün namizədliyi ilə gedəcəyini təklif edəcək. Təbii ki, bu İ.Qəmbər və tərəfdarları tərəfindən narazılıqla qarşılanacaq. Həmçinin indiki halda qıcıqlandıraraq ADR Hərəkatına qaçırtdığı Müsavat üzvləri isə, Q.İbadoğlunun, Müsavatda qalan qisim isə İsa Qəmbərin namizədliyini dəstəkləyəcəklər. Beləliklə uzaq hədəflərə yönəlmiş plan baş tutmayacaq.


Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00