Avropa Oyunları ərəfəsində hakimiyyətlə müxalifətin dialoqunun keçirilməsi təqdir olunmalıdır
13 May 2015 12:54 SiyasətBirinci Avropa Oyunları ərəfəsində hakimiyyətlə müxalifət arasında növbəti dialoqun keçirilməsi çox müsbət addımdir və təqdir olunmalıdır. Belə bir açıqlama ilə çıxış edən siyasi ekspert Əlabbas Məhərrəmov "OLAYLAR"-a bildirib ki, bu, Azərbaycanda əks siyasi düşərgələrdə qərarlaşan siyasi qüvvələrin bir masa arxasına keçərək ölkə üçün vacib olan məsələlərin müzakirəsinə hazır olmalarının göstəricisidir: "Ölkənin indiki həssas durumunda hakimiyyətlə müxalifət partiyaları arasında təmasların davamlı xarakter alması bütün meyarlar üzrə çox əhəmiyyətlidir. Mayın 15-nə nəzərdə tutulan görüş sayca üçüncü olacaq. O görüşlərdə iqtidarı təmsil edən şəxslərin ranqı və nüfuzu da göstərir ki, hakimiyyət bu təmasların davamlı olmasında, daxili siyasi konsensusun təmin edilməsində maraqlıdır. Açığı, mən gözlənilən görüşdə hansı məsələlərin müzakirə olunacağını dəqiq bilmirəm. Amma Birinci Avropa Oyunlarının siyasi əhəmiyyətini və həmin idman tədbirinin yaxınlaşdığını nəzərə aldıqda, hesab edirəm ki, görüşdə bu məsələ də müzakirə olunacaq". Əlabbas Məhərrəmov bildirib ki, hakimiyyətlə müxalifət partiyalarının ötən görüşlərinə qatılmayan bəzi partiyaların nümayəndələri mətbuatda gözlənilən görüşü aşağılamağa yönələn mövqe bildirirlər və bu, təəssüf doğurur: "Başa düşmək lazımdır ki, hər hansı bir məsələnin həlli, ortadakı müəyyən anlaşılmazlıqların aradan qaldırılmasının yolu bir masa ətrafında əyləşərək müzakirə aparılmasından, mövqelərin aydın şəkildə izah edilməsindən keçir. Eyni zamanda, dialoq həm də qarşılıqlı hörmət və etimadın yaranması deməkdir. Ona görə də, hakimiyyət-müxalifət aşağılanması, ümumiyyətlə, ölkədə siyasi dialoq mühitinin sıradan çıxarılması cəhdləri yalnız təəssüf doğurur". Ekspert əmin olduğunu bildirib ki, hakimiyyətlə siyasi partiyalar arasında növbəti görüş də baş tutacaq və aparılan müzakirələr, gəlinən nəticələr ölkənin ümumi maraqlarına uyğun olacaq.