“Azərbaycanın öz problemini həll edərək, Qərbin təsir dairəsindən çıxacağından narahat olanlar var” – Millət vəkili
12 May 2015 14:39 SiyasətMillət vəkili Zahid Oruc Almaniya Bundestaqının Azərbaycanda insan haqları məsələsini müzakirəyə çıxarmasına münasibət bildirib. "Olaylar"a açıqlamasında Z.Oruc bildirib ki, Bundestaq buna qədərki dövrdə Azərbaycanla bağlı bir neçə məsələni müzakirə edib. Millət vəklinin sözlərinə görə, Almaniya parlamentində ölkəmizin mənafeyi ilə əlaqədar və ədaləti tanıyan qətnamə qəbul olunub: "Bunu iki ölkə arasındakı münasibətlər baxımından əhəmiyyətli hesab edirdik. Həmçinin cənab Prezident İlham Əliyevin Almaniyaya səfəri dövründə Angela Merkelin çox ciddi və kəskin sayılacaq bəyanatlar səsləndirməsi də, bu ölkənin Azərbaycana münasibətində köklü dəyişikliklərin olacağına ümid yaradırdı. Əlbəttə Almaniyada fərqli hakimiyyət qolları var, onların da içərisində yer alan siyasi qüvvələr müxtəlif ideyalara, niyyətlərə, məqsədlərə malikdirlər. Bu dəfə də, şübhə etmirəm ki, ötən zamanlarda olduğu kimi indi Almaniyada Azərbaycanla münasibətlərin üzərindən xətt çəkmək, ölkəmizi suçlandırmaq və buna görə də öz təsirləri altına almaq niyyətində olan qüvvələr var. Onlar parlament dayaqları hesabına beynəlxalq fikir formalaşdırmaq istəyirlər ki, istənilən tədbiri Azərbaycan iqtidarının əlehinə yönəltmək lazımdır. Bu o deməkdir ki, həmin ölkə Azərbaycan iqtidarına təsir göstərə bilmir. Bunun əlverişli vasitəsi isə, yalnız belə diskussiyalardır, bununla bizi əsas hədəflərdən yayındırmaq, müəyyən mənada Azərbaycanın gücündən özlərinin məqsədləri üçün istifadə etmək, həmçinin onlarla hesablaşamağa vadar etmək niyyəti güdürlər. Bu sinxron koordinasiya edilən siyasətin tərkib hissəsidir. Azərbaycan əleyhinə mövqedən siyasi mənfəət götürənlər var. Bu müəyyən bir mərkəzdən idarə olunur. Bütün bunların təsadüfi olmasına qəti şəkildə inanmaq mümkün deyil. I Avropa Oyunlarına qədər, idman yarışlarının gedişi əsnasında da biz belə səhnələri görəcəyik. Azərbaycanı müzakirə etməyə hazır olan Bundestaq öz ölkəsinin milli problemlərini öndə tutmağı bacarmalıdır. Bir tərəfdə Ukrayna hadisələrinə yaxından maraqlandığını göstərib, o biri tərəfdə Azərbaycanı siyasi cəhətdən küncə sıxmaq cəhdləriylə sübut edirlər ki, onlar üçün post-sovet məkanında ancaq maraqlar var. Əgər həqiqətən belə deyilsə, onda ərazi bütövlüyü problemini yüz dəfələrlə müzakirə edən bu şuralar, avropa birlikləri, müxtəlif ölkələrin parlamentləri qeyd etdiyimiz prinsiplərdə ardıcıl olmalıdırlar. Onlar vahid bir xətti tanıdıqlarını sübut etməlidirlər. Hər bir ölkənin ərazi bütövlüyü hərbi vasitələrlə dəyişdirilə bilməz. Bunu da mühüm idam tədbirləri dövründə daha çox qabardırlar ki, bir ölkə sülhə, tərəfdaşlığa, normal münasibətlərə töhfə verirsə, onun bu cür addımlarından gələcək üçün istifadə etsinlər. Amma nə baş verir? Azərbaycanın öz problemini həll etməklə Qərbin təsir dairəsindən çıxacağından narahat olanlar var. Azərbaycana qarşı basqıların arxasında bu səbəb var". ("OLAYLAR" İA)