Müsavatda müharibə qızışır: Arif Hacılı İsa Qəmbərə satqın dedi

“Kişilyiniz çatırsa gəlin Ağstafaya, yaxud Arifi Divandan, məni də partiyadan çıxarın”

Müsavat Divanının üzvü Vurğun Əyyubun partiyadan kənarlaşdırılması qurum daxilində gərginliyi pik həddə qaldırıb. Rəhbərlikdə təmsil olunan tanınmış müsavatçılarla yanaşı partiyanın rayon təşkilatlarının üzvləri də artıq Müsavatı tərk etməyə başlayıblar. Belə ki, mayın 11-də növbəti istefalar baş tutub. Partiyanın Nizami rayon təşkilatının keçmiş sədri Nizaməddin Quliyev Müsavatda baş verənlərə etiraz olaraq, bu addımı atdığını bildirib. N.Quliyevlə yanaşı daha iki nəfər Müsavatı tərk edib. Bir qayda olaraq, partiyadan gedənlər Müsavat rəhbərliyini yalnış siyasət yürütməkdə ittiham edirlər. Rəhbərliyin atdığı addımlar xüsusilə keçmiş müsavatçı Qubad İbadoğlu və ətrafı tərəfindən sərt şəkildə tənqid edilib. Hətta Müsavatın sabiq üzvü İsmayıl Kəsəmənli Nizaməddin Quliyevin partiyadan getməsinə sərt şəkildə etirazını bildirib: "Sayın Arif Hacılı, məndən yasca böyüksən. Divandan, partiyadan çıxarılma ilə əlaqəli verilən həyasız qərarlar sənin iradən daxilində olduğuna şübhəm yoxdur. Səsin çox yüksək gəlir, anlayıram ki, səsinin belə yüksək gəlməsi bir suçluluq psixologiyasının təzahürüdür, yaxud həyasızlıqdır". Daha sonra İ.Kəsəmənli: "Kişilyiniz çatırsa gəlin Ağstafaya, yaxud Arifi Divandan, məni də partiyadan çıxarın. Rövşən Dəmirlinin, Rahib Mirələmovun və Əli Qasımbəylinin özlərinin iştirakı olmadan Divan vasitəsilə partiyadan çıxarılmasının bir adı var, həyasızlıq! Lap tutaq ki, siz deyən kimi onları dəfələrlə dəvət etmənizə baxmayaraq Divanın iclasına gəlməyiblər. Bu sizə əsas vermir ki, özlərinin iştirakı olmadan onları partiyadan çıxarasınız" - deyə qeyd edib.
"Görün, İsa Qəmbər kimi dəstəkləyir" Tanınmış müsavatçı Rahib Mirələmov da Arif Hacılını sərt şəkildə tənqid edənlər arasındadır. R.Mirələmov qeyd edir ki, Arif Hacılı seçki öncəsi üzvlərin səsini almaq üçün bir neçə məsələni əlində bayraq edərək "piar" kampaniyası aparıb: "Bunlar nələr idi: 1. Fərəc Kərimlini hesab edirdi ki, buna görə tutublar; 2. AXCP guya bunun başqan olmağını ona görə, istəmirdi ki, sabah mitinq olsa bu çıxacaq, Əli Kərimli çıxmayacaq". Daha sonra R.Mirələmov bildirir: "Necə olur Rövşən Dəmirli balalarının boğazından kəsib, aylıq 50-100 manat partiyaya, birbaşa Zöhraba pul verəndə yaxşı idi? Necə olur, Arifin yanında gedəndə, türməyə pul yollayanda yaxşıydı, indi satqın? Necə olur, mən yol pulumdan, hətta evdə olan xəstənin dərman pulundan kəsib Arifin yanına - həbsxanaya gedirdik, o zaman fədakar müsavatçılardan sayılırdıq? Onda Arif deyirdi ki, İsa Qəmbər satqındır, məni İsa Qəmbər tutdurub. İndi Arif və onun qulbeçələri bizi satqın adlandırır. Görün indi, İsa Qəmbər kimi dəstəkləyir".

Kamil Xəlilbəyli Arif Hacılını təhqir etdi

Keçmiş Müsavatçı Kamil Xəlilbəyli də Arif Hacılı və İsa Qəmbəri təhqirlə tənqid edənlər sırasında yer alıb. O, İsa Qəmbəri ilan, Arif Hacılını isə ilanın quyruğu adlandırıb: "İlanın quyruğu (Arif Hacılı) ilə oynamağı bir kənara qoyun, ilanın başını (İsa Qəmbər) əzməyə çalışın. Müsavat Partiyası Gənclər Təşkilatının sabiq sədri Tural Abbaslı da partiya rəhbərliyini tənqid edənlər paradına qoşulanlar sırasında yer alıb. "Məhəmməd Əmin Rəsulzadə sağ olsaydı, əminəm ki, onu da partiyadan qovardılar". Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə, partiya rəhbərliyini M.Ə.Rəsulzadə ənənələrinə xəyanət etməkdə ittiham edib.

"Proseslər İsa Qəmbərin lehinə işləyir"

Müsavat başqanın sabiq müavini Hüseyn Məlik də "Olaylar"a açıqlamasında Müsavatda baş verənlərdən İsa Qəmbərin məsuliyyət daşıdığını dedi. H.Məlik hesab edir ki, partiya daxilində baş verənlər sabiq başqanın maraqlarına xidmət edir. O, İ.Qəmbərin baş verənlərdən istifadə edərək, yenidən başqan olmaq istədiyini də deyib. Yəni, Hüseyn Məlikin dediyindən belə məlum olur ki, İsa Qəmbər məhz baş verənləri əvvəlcədən görərək, Arif Hacılının başqan seçilməsinə yardımçı olub. Qubad İbadoğlunun başçılığı ilə cərəyan edən hadisələr isə İsa Qəmbərin planına etiraz xarakteri daşıyır. Xatırladaq ki, Nizaməddin Quliyevlə yanaşı Müsavatın Suraxanı rayon təşkilatın sədri Rövşən Dəmirli və təşkilat üzvləri - Rahib Mirələmov və Əli Qasımlı mayın 11-də qurumdan xaric ediliblər.




Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00