Müsavatda avtoritarizm güclənir
Arif Hacılı narazıların əksəriyyətini partiyadan çıxarıb
12 May 2015 13:46 SiyasətMüsavat partiyası qarşısında keçirilən etiraz aksiyasından sonra partiya rəhbərliyinin narazılara qarşı repressiyası güclənib. Beləki fürsətdən istifadə edən partiyanın Divanı Ucar və Suraxanı rayon təşkilatlarının buraxılması barəsində qərar qəbul edib. İclasda partiyanın Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, təşkilatın digər üzvləri Rahib Mirələmov və Əli Qasımlının partiyaya qarşı fəaliyyəti müzakirə olunub. "Partiya əleyhinə mütəmadi fəaliyyət göstərdiklərinə görə, sözügedən şəxslər Müsavat sıralarından xaric ediliblər". Divanın qərarı ilə partiyadan xaric edilən, Vurğun Əyyubun ən sadiq tərəfdarlarından olan Rövşən Dəmirli mətbuata açıqlamasında partiya rəhbərliyini məhkəməyə verəcəyini deyib. O, qeyd edib ki, partiyanın rayon təşkilatının buraxılması da səhv addımdır və qaydalara ziddir. R. Dəmirlinin məhkəməyə müraciəti fikrimizcə, nəticə verməyəcək. Aşkar görünür ki, Vurğun Əyyubun tərəfdarları səhvə yol verdilər, tələskənlik edərək Arif Hacılı komandasının avantaj qazanmasına səbəb oldular. Qubad İbadoğlunun partiyadan çıxarılması, Hikmət Hacızadə kimi Müsavatın brend üzvünün istefa verməsi Arif Hacılı komandasının vəziyyətini pisləşdirən hal idi. İctimai rəydə belə bir fikir yaranmışdı ki, az səs fərqi ilə qalib gəlib başqan seçilmiş Arif Hacılı avtoritarizmə meyllənir, fərqli düşünənləri partiyadan uzaqlaşdırır. Vurğun Əyyubun Binəqədi rayon təşkilatının qərarı ilə partiyadan çıxarılması Arif Hacılı komandasını tamamilə pis vəziyyətə salmışdı. Vurğun Əyyub və narazılar əzabkeş kimi qəbul olunurdu. Lakin partiya qərargahı qarşısında keçirilən etiraz aksiyası və narazıların aşırı irəli getməsi Arif Hacılı komandasının əlinə fürsət verdi. Bu mərhələdə Qubad İbadoğlunun yoxluğu və Vurğun Əyyubun yanlış siyasət yeritməsini qeyd edə bilərik. Belə situasiyalarda adətən "əzilən tərəf", sıxışdırılan tərəf ictimai rəydə haqlı hesab olunur. Vurğun Əyyubun tələsik, qeyri-peşəkar, naşı davranışları çibanın yetişmədən partlamasına səbəb oldu. Aksiyadan sui-istifadə edən və repressiyalarını "partiyadan pozuculuq işi aparanlara qarşı mübarizə" kimi qələmə verən Arif Hacılı narazıların Müsavatda son qalalarını da dağıtdı. Vurğun Əyyubun əsas güvəndiyi qurumlardan biri- Suraxanı rayon təşkiilatı daha yoxdur. Buraxılmış rayon təşkilat yenidən qurulacaq və quruma yəqin ki, Arif Hacılının tərəfdarlarından biri rəhbərlik edəcək. Bu o deməkdir ki, rayon təşkilatı buraxıldığına görə, Vurğun Əyyubun deputatlığa namizədliyinin irəli sürülməsi haqqında qərar da ləğv olunur. Yəqin ki, Müsavatın Suraxanı təşkilatından deputatlığa namizədi tamam başqa adam olacaq. Narazıların Müsavatda son dayaq nöqtəsi Qadınlar Təşkilatıdır. Yəqin ki, Divan narazıların ən fəal təbliğatçılarından olan Ellada Məmmədlinin başçılıq etdiyi Qadınlar Təşkilatını da buraxacaq. Bu quruma da yeni başqanı qəbul edən müsavatçılardan biri rəhbər təyin olunacaq. Narazıların zərərsizləşdirilməsi bu mərhələdə Arif Hacılının mövqelərini gücləndirsə də, ümumilikdə Müsavatın ictimai rəydə qeyri-demokratik partiya imicini gücləndirəcək.
Ərhun Abbas