Anti-Azərbaycan kampaniyası aparan siyasi dairələrin adları açıqlandı
Yunus Oğuz: “Həmin siyasi qüvvələr Krıma göstərdikləri münasibəti Dağlıq Qarabağa sərgiləmədilər”
8 May 2015 19:22 SiyasətMayın 8-də "Bakı - 2015: Birinci Avropa Oyunlarına Dəstək" Vətəndaş Cəmiyyəti Koalisiyası "Anti-Azərbaycan kampaniyasının təşkilatçıları: göründükləri və olduqları kimi" mövzusunda dəyirmi masa keçirib. Tədbirdə millət vəkilləri, QHT sədrləri, KİV rəhbərləri və nümayəndələri iştirak ediblər. Açılış nitqini edən "Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi" İctimai Birliyinin sədri, koalisiyanın koordinatoru Rufiz Qonaqov Avropa Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı aparılan kampaniyanın gücləndiyini deyib. R.Qonaqovun sözlərinə görə, bu kampaniyanın arxasında ABŞ və Qərbdən olan bəzi siyasi dairələr, eyni zamanda xarici ölkələrdəki erməni diasporu dayanır. QHT sədri Azərbaycan dövlətinin həmin siyasi çevrələrin bu fəaliyyətinə qarşı hazırlıq olduğunu da vurğulayıb. "Qərb ölkələrində aparılan anti-Azərbaycan kampaniyasının səbəbləri və mahiyyəti" mövzusunda məruzə ilə çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli I Avropa Oyunlarının Azərbaycana müsbət təsirlərinin olduğunu qeyd edib: "Yarışlar Azərbaycan xalqının özünə və dövlətə inamını gücləndirəcək, Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsinə dəstək olacaq, Ermənistan dövləti və erməni diasporunun Azərbaycanla bağlı formalaşdırmağa çalışdığı mənfi rəyin yalnış olduğunu dübut edəcək". E.Mirzəbəyli bildirib ki, anti-Azərbaycan kampaniyasının arxasında Ermənistan, erməni diasporu, həmçinin Azərbaycanda siyasi, iqtisadi və korporativ maraqları olan siyasi dairələr dayanır. Baş redaktor Avropa Oyunları öncəsi Azərbaycanda qarışıqlıq yaratmaq istəyən şəxslərin adlarını da açıqlayıb: "ABŞ-ın Türkiyədəki keçmiş səfiri Mortom Abramoviç, Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Nikolas Danilov, "Human Rayts" təşkilatının əməkdaşı Endryu Abrams və digər şəxslər də aparılan kampaniyada fəal iştirak edirlər". Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov isə "Sərbəst toplaşma, birləşmə, söz və ifadə azadlığı beynəlxalq təcrübədə: prinsiplər və reallıqlar" mövzusunda məruzə ilə çıxış edib.
"Məqsəd ölkələri öz siyasi iradələrinə tabe etməkdir"
"İşğalçı dövlətlərə və separatçı rejimlərə münasibətdə ikili standartlar geostrateji maraqların təzühürü kimi" mövzusunda məruzə ilə çıxış edən "Olaylar" İnformasiya Agentliyinin baş direktoru Yunus Oğuzun sözlərinə görə, birqütblü sistem yaratmağa çalışan siyasi qüvvələr dünyanın idarə olunması və dünya iqtisadiyyatına hakimlik iddiasındadır. Y.Oğuz Rusiya və digər ölkələrin həmin qüvvələrin birqütblü dünya planına qarşı olduqlarını bildirib. O, ikili standartların idarəetmə məsələsində özünü göstərdiyini deyib: "Rusiya və digər ölkələr, Şanxay Əməkdaşlıq Təşkilatı, BRICS, son dövrdə yaranan Avrasiya İttifaqı kimi təşkilatların timsalında dünyanın müxtəlif qütblərdən idarə olunmasına çalışıldığını görə bilərik. Birqütblü dünya yaratmağa çalışan qüvvələr Azərbaycan da daxil olmaqla yeni yaranmış dövlətlərə təsir etmək gücündədirlər. Düzdür, dövlətlərarası münasibətlərdə birbaşa bunu hiss etdirmirlər, lakin QHT-ləri vasitəsilə öz niyyətlərini açıq formada deyirlər. Məqsəd ölkələri öz siyasi iradələrinə tabe etməkdir. Hansı ölkələr ki, həmin siyasi dairələrin iradələrinə tabe olmurlar, orada situasiyanı qarışdırmaq üçün müəyyən yollara əla atırlar, həmin ölkələrə qarşı müxtəlif ittihamlar irəli sürürlər. Rəngli inqilablarla yanaşı digər variantlara da əl ataraq, məqsədlərinə nail olmaq istəyirlər".
"Həmin təşkilatlar ələ keçirdiyi şəxsləri Azərbaycana qarşı istifadə edirlər"
Yunus Oğuzun sözlərinə görə, ikili standartlar işğalçılıqla bağlı məsələlərdə də özünü göstərir. Y.Oğuz vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini tanıyan 4 qətnaməsi var. "Həmin qurumun Krımla bağlı qərarları da mövcuddur. Lakin Dağlıq Qarabağdan fərqli olaraq, Krım işğal edildikdən sonra ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiya tətbiq etməyə başladılar. Bu günədək Ermənistana qarşı hansısa embarqo qoyulmayıb. Həmin siyasi qüvvələr Krıma göstərdikləri münasibəti Dağlıq Qarabağa sərgiləmədilər. İmkan verilmədi ki, işğal altında olan Krım Avropanın hansısa ölkələrilə əlaqələr saxlasın. Amma gizli formada ABŞ-dakı bəzi siyasi dairələr və Avropa İttifaqı Ermənistanın əlilə Qarabağdakı qondarma rejimin bəzi ölkələrlə əlaqə yaratmasına imkan verirlər" - deyə "Olaylar" İA-nın baş direktoru qeyd edib. Yunus Oğuzun sözlərinə görə, ikili standartların özünü açıq şəkildə göstərdiyi faktorlardan biri də soyqırımla bağlıdır. O, bildirib ki, Aİ və Vatikan qondarma erməni soyqırımını tanıdığı halda, Xocalı Soyqırımı barədə tədbir görmək istəmir: "İkili standartların toxunduğu başqa məsələ qaçqın və köçkünlərlə əlaqədardır. Avropa ölkələri Ermənistandan köç edən ermənilərə yer verirlər, lakin Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılara yardım etmədilər. Bu yaxınlarda Avropa İttifaqı Şimali Afrika və Ərəb ölkələrindən gələn miqrantlarla bağlı qərar qəbul elədi. Qərar əsasında onlara xüsusi imtiyazlar verildi, lakin indiyədək bizim 1 milyondan artıq köçkünə bu münasibət sərgilənmir. Azərbaycanın bu gün sıxışdırılması məhz ikili standartların təzahürüdür". Yunus Oğuz fərdi işlərə münasibətdə də ikili standartların özünü göstərdiyini deyib. "Əgər onların yaratdığı təşkilatları vasitəsilə Azərbaycanda hansısa şəxslər Azərbaycan dövlətini tənqid edirsə, onu qəbul etmirsə dərhal həmin fərdlərə sığınacaq verir. Həmin təşkilatlar ələ keçirdiyi şəxsləri Azərbaycana qarşı fəaliyyətlərində istifadə edirlər. Dünyanı idarə etməyə çalışan qüvvələr Azərbaycanın müstəqil siyasət yürütməsiylə barışmaq istəmirlər. Onlar Azərbaycanı öz diktələrinə tabe etmək niyyəti güdürlər. Bu gün dünyada və regionda baş verən proseslərdə Azərbaycan tərəf tutmayaraq, yaradılan siyasi bloklara qoşulmur. Bu doğru yoldur, Azərbaycan ikili standartlarla barışmaq istəmir. Azərbaycanın bu mövqeyi dövlət başçısı və digər rəsmi şəxslər tərəfindən dəfələrlə diqqətə çatdırılıb. İkili standartlarla irəli getmək olmaz". Tədbirdə çıxış edən digər iştirakçılar da anti-Azərbaycan kampaniyası aparan siyasi dairələri sərt şəkildə tənqid edən fikirlər səsləndiriblər.
Mənsur