Müşaviri İsa Qəmbər haqqında sərt danışdı: "Bu biabırçılıqdı"
Hüseyn Məlik: “İsa Qəmbər və bəziləri Müsavatın varlığını yas yerlərində şəkil çəkdirib sosial şəbəkələrdə yaymaqla təsdiq edirlər”
8 May 2015 15:30 Siyasət"Müsavat Partiyası daxilində bu gün baş verənlərin sonuncu qurultaydan 6 ay əvvəl olacağını bildirmişdim". "Olaylar"a açıqlamasında Müsavat başqanının sabiq müşaviri Hüseyn Məlik belə deyib. H.Məlik qeyd edib ki, o bu barədə partiya rəhbərliyini xəbərdar edib. Sabiq müşavirin sözlərinə görə, Müsavat daxilindəki vəziyyət günü-gündən gərginləşir. Hüseyn Məlik vurğulayıb ki, sonuncu qurultaya 30 gün qalmış sabiq başqan İsa Qəmbər rəsmi sərəncamla onu partiyada tutduğu müşavir postundan azad edib: "İndi Müsavatda cərəyan edən hadisələr mənim müşavirlikdən azad olunmağımla başladı. Zatən, qurultay keçiriləcəkdi və partiya rəhbərliyi tamamilə istefaya gedəcək, bundan sonra struktur tamamilə dəyişəcəkdi. Lakin İsa Qəmbər bunu nəzərə almayaraq, mənim partiyadan çıxarılmağımı rəsmiləşdirən sənədə imza atdı. Bu gün Müsavatda baş verənlərə görə, birbaşa İsa Qəmbər məsuliyyət daşıyır. Proseslərin bu cür cərəyan etməsində İsa Qəmbər maraqlıdır. Partiyada artıq ziyalı qalmayıb. Bir hissəsi istefa verdi, digər hissəsi isə çıxarıldı. Müsavat Partiyası dağılır. Gərginlik yüksələn xətt üzrə davam edəcək. Növbədənkənar qurultayın keçirilməsini tələb edən müsavatçılar çox güman ki, istəklərinə nail olacaqlar. Yas mərasimlərindən şəkil çəkdirilməyinin əleyhinəyəm. Ancaq İsa Qəmbər və bəziləri Müsavatın varlığını yas yerlərində şəkild çəkdirib sosial şəbəkələrdə yaymaqla təsdiq edirlər. Bu partiya adına biabırçılıqdır. İsa Qəmbər partiyada bu gün qızışdırıcı mövqe tutur. O, Müsavatda münasibətlərin gərginləşdirilməsində katalizator rolunu oynayır". ("OLAYLAR" İA)