“İsa Qəmbər yenidən başqan olmaq üçün hərəkətə keçib”
Elşən Musayev: “Müsavatda cərəyan edənlər təkcə bu partiyanın problemi deyil, ümumən müxalifətin düşdüyü durumun biabırçı nümayişidir”
8 May 2015 15:24 Siyasət"Müsavatda baş verənlər təkcə Arif Hacılı faktoruna bağlanmır". Son günlərdə Müsavat Partiyası daxilində baş verən parçalanmalarla bağlı "Olaylar"ın sualını cavablandıran politoloq Elşən Musayev belə deyib. Politoloqun sözlərinə görə, radikal müxalifətin 23 illik uğursuzluğu nə vaxtsa, bu aqressiyanı yaratmalıydı. E.Musayev hesab edir ki, müxalifətin bu günkü problemi, proseslərin üst-üstə gəlməsidir, həm lider çatışmazlığı, həm kontingentin daxili cəbhədən narazı qalması və bütün seçkilərdə məğlubiyyət həmin proseslərə daxildir: "Azərbaycan hakimiyyəti Bakının mərkəzində müxalifətin mitinq keçirməsinə icazə verdi. Amma bunun müqabilində müxalifət mitinqə adam toplaya bilmədi. Bu isə onu göstərdi ki, kontingent bu liderlərin arxasınca gəlmir. Müsavatda da eyni vəziyyət hökm sürür. Arif Hacılının başqan olmasından sonra, müsavatçılar üçün müsavatçı olmaq prinsipial məsələ deyil. Müsavatın təməlini qoyanlardan biri Vurğun Əyyub və partiyanın digər tanınmış simaları qurumdan çıxdaş edilirlər. İsa Qəmbər bu gün öz resurslarını qaytarmaq istəyir. İsa Qəmbərin Müsavat rəhbərliyinə qarşı çıxanları təhqir etməsi, təkcə Arif Hacılının yanında olmasının nümayişi deyil, bu, öz keçmiş başqanlıq statusunu qaytarmaq niyyətidir. Ona görə də, həssas məsələlərdə ön plana çıxmaq istəyir. O hesab edir ki, bununla növbəti qurultayda öz başqanlığını geri qaytara bilər. Müsavatın nizamnaməsi də buna yol verir. Ümumiyyətlə Müsavatda cərəyan edənlər təkcə bu partiyanın problemi deyil, ümumən müxalifətin düşdüyü durumun birabırçı nümayişidir". ("OLAYLAR" İA)