Bayram Səfərov Azərbaycana könüllü keçən ermənilərə milli pasportun verilməsi məsələsinə münasibət bildirdi
8 May 2015 14:50 Siyasət"Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Azərbaycan tərəfə könüllü keçən ermənilərə milli pasportun verilməsi məsələsinə münasibət bildirib. Trend-in məlumatına görə, B.Səfərov jurnalistlərə bildirib ki, Azərbaycanda yaşamağı seçən ermənilər ölkə qanunlarına hörmət etməlidirlər: "Əgər Milli Məclis pasport məsələsi ilə bağlı qərar verərsə, mən də bununla razılaşacam. Biz demirik ki, erməni Qarabağda yaşamasın. Ancaq Azərbaycan qanunlarına, Konstitusiyasına, xalqımıza hörmət edərək yaşasınlar. Bütün ermənilər müharibə istəməyiblər. Ancaq orada onları bugünkü Ermənistan hakimiyyəti təzyiq altında saxlayır". B.Səfərov qeyd edib ki, hazırkı Ermənistan rəhbərliyi cinayətkardır: "Ona görə də onlar Azərbaycan tərəfi ilə münasibət qurmaq istəyən, sülh istəyən, danışıq aparan insanları cəzalandırırlar. Ağlı olan erməni cinayətkar rəhbərdən canını qurtarar".