İsa Qəmbər də narazılara “xain” dedi
Vurğun Əyyub sabiq başqana cavab verdi: “Bu ittihamlar siyasi-mənəvi tənəzzülün zirvəsidir”
8 May 2015 13:30 SiyasətMayın 6-da Müsavat Partiyasının qərargahının qarşısında 15-20 nəfərdən ibarət partiya üzvünün keçirdiyi etiraz aksiyasına reaksiyalar müxtəlifdir. Müsavat daxilində və xaricində İsa Qəmbəri və Arif Hacılını istəməyənlər birmənalı şəkildə aksiyaçıların tərəfindədir. Sabiq müsavatçılar İbrahim İbrahimli, Hikmət Hacızadə, Səxavət Əlisoy narazıları müdafiə edib. Arif Hacılının qəzəbli müavinləri aksiya keçirənlərə qarşı sərt ifadələr işlədiblər. Hətta başqan müavini Elman Fəttah partiya qərargahı qarşçısında aksiya keçirənlərin partiyadan çıxarılmasını tələb edib. Elman Fəttah aksiyanın təşkilatçılarını "agentura şəbəkəsinin üzvləri", iştirakçıları isə "xain" adlandırıb. Partiyanin başqanı Arif Hacılının mövqeyi də bundan fərqli olmayıb. Müsavat başqanı Arif Hacılı isə bildirib ki, təkcə rifahçıların (Vurğun Əyyub tərəfdarlarını nəzərdə tutur-müəll) partiya rəhbərliyinə təqdim etdiyi qətnamədə yazılanlar piketdə iştirak edənlərin partiyadan qovulması üçün yetərli əsasdır. Xatırladaq ki, narazılar keçirdikləri aksiyada Arif Hacılıdan və İsa Qəmbərdən repressiyaların dayandırılmasını tələb etmişdilər. Onların tələblərindən biri də növbədənkənar qurultayın keçirilməsi tələbi idi. Görünür, bu tələb Müsavat rəhbərliyini, özəlliklə də Arif Hacılının arxasından partiyanı idarə edən İsa Qəmbəri bərk narahat edib. Yazdığı facebook statusunda İsa Qəmbər Elman Fəttahın dediklərindən uzağa gedə bilməyib. O da aksiya keçirən narazıları "xain" və "satqın" adlandırıb: "Piketdə aldananlar ola bilər, amma təşkilatçılar özlərini birmənalı olaraq ifşa etdilər". Belə görünür ki, Müsavat rəhbərliyində repressiyalarla bağlı birmənalı qərar var. Və onlar İsa Qəmbərin mövqeyini bilirmişlər. Başqan müavini Elman Fəttah partiyadan çıxarılanların bərpasının mümkün olmadığını deyib. Başqanın başqa bir müavini Səxavət Soltanlı açıqlamasında daha sərt ifadələr işlədib: "Bu aksiyanın təşkilatçılarına, ideya müəllifi olan Vurğun Əyyuba özünə hörmət edən heç kim salam belə verməməlidir". Müsavat Divanının üzvü Vəfa Cümşüdlü isə bildirib ki, rifahçılar Müsavata qarşı qurum yaratdıqlarını bir daha təsdiq etdilər: "Artıq yollarımız ayrıldı!"
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyubun Müsavat rəhbərliyinə və İsa Qəmbərə cavabı özünü çox gözlətməyib. Vurğun Əyyub facebook sosial şəbəkəsindəki hesabında birbaşa İsa Qəmbəri hədəf alıb: "Etiraz edənləri qəbul edib dinləmək, mövqe ifadə etmək əvəzinə rəhbərlikdə olanların ən balacasından tutmuş ən böyüyünə kimi nimdaş ittihamlar, kiflənmiş damğalar yağdırdılar: satqındırlar, hakimiyyətin agentura şəbəkəsidirlər və daha nələr. Etiraz edənlərin şəkillərinə, video görüntülərinə baxıram. Əksəriyyəti illərdir tanıdığım, mübarizədən bir addım da kənara çəkilməyən adamlardır. Çıxışçılar kimlərdir? Mitinqlərin, seçkilərin, partiya tədbirlərinin təşkilatçıları, hərəsi bir rayon təşkilatını quran, liderlərinə "Primakov agenti", "qorxaq", "iradəsiz!, "satqın" böhtanları yağdıranlara qarşı mərdliklə sinə gərənlər, o təhqirləri söyləyənlərə qarşı hətta düşmənçilik səviyyəsində mübarizə aparan insanlardır. Bu insanlara qarşı sərgilənən mövqe, söylənilən ittihamlar siyasi-mənəvi tənəzzülün, bilmirəm, başlanğıcıdır, zirvəsidir, ya sonu?"
"Yeni Müsavat" qəzetinin məsələyə geniş yer verməsi, Müsavat funksionerlərinin demək olar ki, hamısını danışdırması o deməkdir ki, İsa Qəmbər-Arif Hacılı düşərgəsində birmənalı qərar verilib: narazılar son nəfərinə kimi partiyadan çıxarılsın, Vurğun Əyyubun ardınca Ellada Məmmədli, Rövşən Dəmirli də xaric edilsin. Yəqin ki, yaxın günlərdə Müsavat Divanı bu və aksiyada iştirak etmiş digər şəxslər haqqında xaricetmə cəzasını çıxaracaq. Son aksiya Müsavata mənəvi parçalanmanın başa çatması sayıla bilər. Artıq proses geridönməz hal alıb, Müsavatı parçalanmadan qurtarmaq mümkün olmayacaq.
Ərhun Abbas