Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir
Çünki, Azərbaycanın çox güclü müqavimət gücü var
7 May 2015 14:22 SiyasətAzərbaycanda baş tutacaq 1Avropa Oyunlarının gerçəkləşməsinə saylı günlər qalıb. Məsələ orasındadır ki, bu mötəbər tədbirin reallaşması zamanı daraldıqca ölkəmizə qarşı "qarayaxma" kampaniyasının dairəsi genişlənir. Azərbaycanın inkişafını gözü götürməyən, onun dünya ölkələri arasında nüfuzunun armasını həzm edə bilməyən qüvvələr fəallıqlarını artırıblar. Əslində bu kampaniyanın arxasında dayanan qüvvələr çox gözəl bilirlər ki, "ağ divara qara çamur" atmaqla heç nəyə nail ola bilməyəcəklər. Sadəcə, ürək bulandırmaqla əldə etdikləri çirkli pulları "yumaq" istəyirlər. Baxmayaraq ki, Azərbaycan ilbəil etdiyi yeniliklərlə dünya ölkələrinə öz töhfələrini verməkdədir.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Azərbaycanda baş verən dəyişikliklər yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətlidir. Azərbaycan özünün bütün inkişaf istiqamətləri ilə, əldə etdiyi nailiyyətləri ilə təkcə öz xalqı üçün müsbət şərait yaratmır, eyni zamanda yerləşdiyi region üçün əhəmiyyətli bir dövlətə çevrilməkdədir: "Biz əldə etdiyimiz uğurlarla qürurlanmaqla yanaşı bunu daha da artırmaq üçün səylərimizi gücləndirməliyik". B.Muradova qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri kimi fəaliyyətə başladığı ilk andan müasir Azərbaycanın dövlət quruculuğu işlərinə başladı: "Qısa müddət sonra Ulu Öndər Heydər Əliyev prezident səlahiyyətlərini də öz üzərinə götürərək Azərbaycanın o zamankı durumdan çıxarmaq üçün cox ciddi addımlar atdı. Hər şeydən əvvəl qanunlar, qanun yaradıcılığı prosesi çox vacib idi. Bu istiqamətdə aparılan işlərin əsas prioritet sahələrindən biri də gənclər, onların cəmiyyətdə yerinin düzgün müəyyənləşdirilməsi, onların potensialının artırılması və bu potensialın ümumi dövlət quruculuğunun inkişafı işinə yönəldilməsi idi". Vitse-spiker həmçinin qeyd edib ki, bu gün Azərbaycan qarşı qaralama kampaniyası aparılır: "Ölkəmizin inkişafını gözü götürməyən, erməni mənbələrindən maliyyələşən və erməni maraqlarına xidmət edən dairələr müxtəlif təşkilatlarda, tədbirlərdə birləşə və bizə qarşı cəbhə yaratmağa çalışa bilərlər. Amma ölkə başçısı İlham Əliyevin də vurğuladığı kimi Azərbaycanın Ermənistandan başqa heç bir dövlətlə ikitərəfli münasibətlərində problemi yoxdur. Ona görə də Azərbaycana qarşı qaralama kampaniyası təsirsizdir. Çünki, Azərbaycanın çox güclü müqavimət gücü var. Bu gücün içərisində Azərbaycan gəncliyinin gücü xüsusi yer tutur. Biz bu gücü çox yüksək qiymətləndiririk".
"Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin sədri, Demokratik İslahatlar Partiyası Siyasi Şurasının üzvü Ülkər Abdullayeva bildirib ki, I Avropa oyunları barədə ölkədə və dünyada birmənalı fikir yoxdur. Yerli müxalifət əsas diqqəti xərclənən vəsaitlərə yönəldir. İddia edilir ki, ümumilikdə bu kampaniyadan Azərbaycanın əldə edəcəyi xərclədiklərinin müqabilində az olacaq. Amma nəzərə almaq lazımdır ki, siyasi hakimiyyət də I Avropa oyunlarının Azərbaycanda keçirilməsindən hər hansı iqtisadi səmərə gözlədiyini qeyd etməmişdi. Ən başdan deyilmişdi ki, bu beynəlxalq nüfuzu proqnozlaşdırılan idman yarışmasının ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılmasına xidmət edir. Beynəlxalq aləmdə ölkəmizin mədəni, inkişaf etmiş, rahatlıqla beynəlxalq əhəmiyyətli yarışlara ev sahibliyi edə biləcək, yüksək səviyyəli təşkilati qabiliyyətləri olan, sabit, başqa mədəniyyətdən olan insanlara qarşı tolerant, qonaqpərvər ölkə kimi təqdimatına ehtiyac var. Çünki Azərbaycanın beynəlxalq aləmdə imici bizim düşündüyümüz qədər də müsbət deyil. Bu bir sıra daxili və xarici amillərlə bağlıdır. Ən əsası da ölkəmizə qarşı olan xarici qüvvələrin yaratdığı mənfi bir Azərbaycan obrazı var: vəhşi, yarıdemokratik, ermənilərə qarşı etnik diskriminasiya siyasəti yeritmiş, adamların siyasi baxışlarına, fikir və düşüncələrinə görə həbsə atıldığı, jurnalistlərin öldürüldüyü, vicdan məhbuslarının olduğu barbar bir ölkə. Belə təqdimatda da əsas məqsəd məhz Azərbaycanın vətəndaşları üçün yaşanması mümkün olmayan bir ölkə olduğunu diqqətə çatdırmaq, ermənilərin belə bir ölkədə yaşamasının mümkünsüzlüyünü beyinlərə yeritməkdir. Təbii olaraq, bu prosesdə ölkə daxilindəki bəzi müxalif qrupların da rolu az deyil. Elə məsələlər var ki, orada anlayışlı davranmaq, hakimiyyətlə dövlətin, xalqın maraqlarının sərhəddini gözləmək lazımdır. Hakimiyyətə qarşı olan kini, nifrəti bir şəkildə biruzə vermək istəyirlərsə, bunu ölkə daxilində etmələri daha məqbul variantdır, nəinki ölkə xaricində. Uzun illərin təcrübəsi göstərdi ki, amerikalıların, avropalıların yanında ağlayıb-sızlamaqla heç nə əldə edə bilmədik. Onlara heç də bizim düşündüyümüz kimi demokratik, inkişaf etmiş, sivil Azərbaycan lazım deyil. Onlara sadəcə Azərbaycanın sərvətlərini özləri üçün əlverişli şərtlərlə əldə etmək lazımdır. Eyni zamanda onlar göstərdilər ki, Azərbaycana təzyiq etməklə seçkilərdə erməni lobbilərindən dəstək, pul ala bilirlər. Azərbaycana qarşı qara təbliğat ABŞ və Avropadakı ayrı-ayrı qrupların maraqlarına xidmət edir. Və onlar hardasa arxayındırlar ki, onsuz da Azərbaycan Avroatlantik inteqrasiya yolu tutduğunu bəyan edib və bu məsələdə ölkə əhalisi içində həmrəylik mövcuddur. Odur ki, azərbaycanlılar bu inteqrasiya yolundan sapmayacaqlar.
Onun sözlərinə görə, I Avropa oyunları əslində bizə daha çox əks-təbliğatın nəticələrini alt-üst etmək üçün lazımdır: "Həm də öz musiqimizi, mədəniyyətimizi, tarixi incilərimizi, milli mətbəximizi, turistik yerlərimizi də müxtəlif vasitələrlə qonaqlara təlqin etməliyik ki, onlar bizimlə dost kimi ayrılsınlar və bir daha ölkəmizə turist kimi gəlmək istəsinlər, getdikləri yerlərdə bizim barəmizdə müsbət fikirlər desinlər. Bundan başqa, əlbəttə bu böyük idman yarışı, belə tədbirləri keçirmək sahəsində ölkəmizin təcrübəsini də artırmış olur. Tikilmiş idman kompleksləri, onunla əlaqədar formalaşdırılmış infrastruktur bu ölkədə qalacaq, idmanın və mədəniyyətin inkişafına öz töhfələrini verəcək. Artıq xərclənən pullara oturub ağlamağın, kimisə söyməyin, tənqid etməyin elə də bir mənası qalmayıb. İndi düşünmək lazımdır ki, bu kampaniyanı necə maksimum yüksək səviyyədə keçirmək olar və gözlənilən hədəfə çatmaq üçün daha hansı imkanları işə salmaq lazımdır".
Alim