Müsavat:narazılar fövqəladə qurultaya hazırlaşır

Partiyanın rəhbər strukturlarına alternativ qurumlar yaradılacaq

Sabiq Divan üzvü, Müsavatın qurucularından olan Vurğun Əyyubun rayon təşkilatının qərarı ilə partiyadan çıxarılması partiyada narazılığı daha da alovlandırıb. Mayın 6-da bir qrup partiya üzvü Müsavat Partiyasının binası qarşısında etiraz aksiyası keçirib. Narazılar partiyadan çıxarılanlarların yenidən bərpasını istəyiblər. Təxminən 30-40 müsavatçının qatıldığı aksiyada plakatlar qaldırılıb. Etirazçılar Müsavat başqanının yenidən seçilməsini tələb edirlər. Etirazçıların əllərindəki plakatlarda "növbədənkənar qurultay çağırılsın" sözləri qeyd olunub. Aksiyaçılar Arif Hacılıya istefa şüarını səsləndiriblər. Aksiyaya Vurğun Əyyubun ən yaxın adamı, Müsavatın Suraxanı təşkilatının sədri Rövşən Dəmirli rəhbərlik edib. Arif Hacılı etiraz aksiyasına heç bir reaksiya verməyib. Müavinləri isə narazılar haqqında sərt danışıblar. Başqan müavini Elman Fəttah aksiyaya çıxanları "xain və satqın" adlandırıb. Qeyd edib ki, yaxın günlərdə aksiyaya çıxanları sərt cəzalandırılması haqqında partiya rəhbərliyi qarşısında məsələ qaldıracaq. Başqanın başqa bir müavini Səxavət Soltanlı da narazıları sərt tənqid edib, Müsavat qərarlarına tabe olmayanların sərt şəkildə cəzalandırılacağını deyib. Ancaq narazıları dəstəkləyənlər də var. Partiyanın Qadınlar Təşkilatının sədri Ellada Məmmədli açıq-aşkar Vurğun Əyyubu dəstəkləyir və Arif Hacılını qınayır. Məclis üzvü Tural Abbaslı partiya rəhbərliyini sərt tənqid edib. Arif Hacılı və komandasını dolayısı ilə bolşevizmdə suclandıran Tural Abbaslı deyib ki, sərt cəza tədbirləri ilə narazılığı yatırmaq mümkün olmayacaq. "Bu gün Müsavat Partiyasında baş verən hadisələrin məsuliyyəti birbaşa partiyanın rəhbəri Arif Hacılının üzərinə düşür" deyən Tural Abbaslı bildirib ki,  partiyanın uğurları da, ağır vəziyyətə düşməsi də başqanın adına yazılır: "Bunu inkar edirlərsə, deməli, partiyanın yükünü daşımaq gücündə deyillər. Vurğun Əyyubun, ondan əvvəl Qubad İbadoğlunun partiyadan çıxarılması, bir çox narazılara partiya daxilində təzyiqlər edilməsi partiyanın qərargahı qarşısında müsavatçıların etiraz aksiyası keçirməsini şərtləndirdi. Unudulmamalıdır ki, Müsavat bizə əmanətdir, heç bir qrup şəxsi maraqlarını təmin etmək üçün yüzlərlə insanın həyatını fəda etdiyi bu partiyanı zəiflədə, gözdən sala bilməməlidir. Bu gün partiyanın rəhbərliyi, müavinlər təhdid dilində danışır, partiyada hansısa problemin olduğunu inkar edirlər. Amma elə bu gün onlarla insan öz partiyasının siyasətinə etiraz edib. Problem yoxdurmu?.. Partiya üzvləri ilə təhdid və cəza ritorikası ilə danışmaqdansa, yaranmış vəziyyətdən itkisiz çıxış yolu tapılmalıdır. Kimisə partiyadan qovmaq, kiməsə xain, agent demək çıxış yolu deyil". Tural Abbaslının narahatlıq dolu açıqlaması göstərir ki, narazılar Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin dediyi kimi "12-15 nəfər" deyil. Onlar çoxdular və son aksiya onların partiyaya ciddi başaağrısı yaradacağını göstərir. Narazılara partiyadan çıxarılanları da əlavə etsək, Arif Hacılı əleyhdarları fövqəladə qurultay keçirəcək gücdədirlər. Aksiyada başqana istefa, yeni başqanın seçilməsi şüarları onu deməyə əsas verir ki, narazılar fövqəladə qurultay haqqında düşünürlər. Çünki başqan seçkisi yalnız qurultayda mümkündür. Yəqin ki, Qubad İbadoğlu qayıdandan sonra narazı müsavatçılar fövqəladə qurultay keçirəcəklər.  Alternativ strukturların yaradılması, fövqəladə qurultayın çağırılması Müsavat partiyasının təşkialti olaraq rəsmən iki yerə parçalanaması ilə nəticələnəcək.

Ərhun Abbas

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00