Avropa Oyunlarını yüksək səviyyədə gerçəkləşdirəcəyik
7 May 2015 13:03 Siyasət"Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasında məqsəd odur ki, Azərbaycan zəifləsin, müstəqil siyasəti olmasın". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Fuad Muradov səsləndirib. Bildirib ki, bu kampaniyaların arxasında isə erməni lobbisi dayanır: "Onların da əsas məqsədi Azərbaycan torpaqlarının işğaldan azad olunmamasıdır. Beynəlxalq müstəvidə bizi antidemokratik, insan haqları ilə bağlı problemli bir ölkə kimi göstərməyə çalışırlar". Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan özünü dünyaya tamamilə qüdrətli, müstəqil və güclü bir dövlət kimi göstərib. "Bu baxımdan ölkəmizin müstəqil siyasəti təbii ki, bir çox qüvvələrin xoşuna gəlmir və onlar çalışırlar ki, hər hansı bir imkan olan kimi heç bir məntiqə sığmayan məsələlərdə Azərbaycanı ittiham etsinlər". Fuad Muradovun sözlərinə görə, düşmənlər və onların havadarları qarayaxma ilə Azərbaycanı zəiflətməyə nail ola bilməyəcəklər: "Azərbaycanın müstəqil siyasəti, ölkəmizin regionda olan nüfuzu, həyata keçirdiyi regional layihələrə nəzərə saldıqda görürük ki, dövlətimiz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Ona görə də bu qərəzli mövqe bizim heç bir işimizə təsir etməyəcək. Avropa Oyunları, ümumiyyətlə, bütün regional layihələrimizi yüksək səviyyədə gerçəkləşdirəcəyik. Buna heç kim mane ola bilməyəcək".