Ümummilli Lider Heydər Əliyev Dövlət Sərhəd Xidmətində anılıb
7 May 2015 12:36 SiyasətDövlət Sərhəd Xidmətinin Aparatında xalqımızın xilaskarı, müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təntənəli təd¬bir keçirilib. Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən verilən məlumata görə, tədbirdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-mayor Azad Ələkbərov və millət vəkili Aydın Mirzəzadə çıxış edərək görkəmli dövlət xadimi, dərin zəkaya və analtik təfəkkürə malik olan müdrik şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolundan, siyasi fəaliyyətindən, qüdrətli sərkərdənin ordu quruculuğunda və Dövlət Sərhəd Xidmətinin inkişafındakı əvəzolunmaz xidmətlərindən danışıblar. Qeyd olunub ki, dövlətçilik tariximizdə müstəsna yeri olan Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyevin parlaq fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək şərqlə qərb arasında etibarlı körpü rolunu oynamağa başlayıb və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Xüsusi olaraq vurğulanıb ki, uzaqgörən sərkərdə imzaladığı fərman və sərəncamlarla, Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti ilə keçirdiyi görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını müəyyən edib. Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə etdiyi hər bir uğur Ulu Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.