Avropa Oyunlarını pozmağa çalışan spekulyator: Xarici QHT-lər və daxili qüvvələrin adları

Qurum ölkələrdə inqilab mühitinin yaradılması, iqtidarlara qarşı müxalifətlərin dəstəklənməsi məsələlərilə yaxından maraqlanır

Yuqoslaviyanın dağılması ilə dünyada rəngli inqilablar erasının startı verildi. Serbiya, Gürcüstan, Qırğızıstan və Yaxın Şərq ölkələrində iqtidarlar "domino effekti"lə arxa-arxaya aşırıldı. Siyasi çevrilişlərin arxasında ABŞ QHT-lərinin olduğu iddia olundu. Amerikanın müəyyən siyasi dairələrinin hədəfində olan ölkələrdə rejimlər devrildikcə, ABŞ-ın keçmiş prezidenti Corc Buş əsas istəyinin- "Amerika yuxusu" ideyasının bütün dünyaya yamaq olduğunu etiraf etdi: "18 ay ərzində "Gül", "Narıncı", "Bənövşəyi", "Lalə", Sidr inqilablarına şahidlik etdik, bu sadəcə başlanğıcdır". Buşun adlarını çəkdiyi inqilabların mərkəzində "Soros Fondu" və USAID-lə yanaşı Konqresdəki siyasi qruplaşmaların da fəaliyyətləri olub. ABŞ-ın Albert Eynşteyn İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu, Azadlıq Evi ("Freedom House"), Soros Fondu və s. kimi xüsusi maliyyə fondları (QHT-ləri) ayrı-ayrı ölkələrdə Amerikanın müəyyən siyasi dairələrinin siyasət gündəmini dəstəkləyən siyasi partiyalar və QHT-lərə maliyyə, eyni zamanda digər dəstəkləri verirlər. Həmin qurumların arxasında ABŞ Dövlət Departamentinin maliyyə fondu hesab olunan Amerika İnkişaf Agnetliyi (USAID)  və "Soros Fondu" dayanır. Amerika səfirlikləri də USAID-dən dəstək alan qurumlar daxilindədir. Qurum ölkələrdə inqilab mühitinin yaradılması, iqtidarlara qarşı müxalifətlərin dəstəklənməsi məsələlərilə yaxından maraqlanır. USAID xüsusilə tələbə təşkilatlarını xüsusilə diqqətdə saxlayır. Əfqanıstan, Misir, Livan, Tunis, Suriya kimi ölkələrin tələbə birliklərinə və müxalifət partiyalarına USAID tərəfindən milyonlarla dollar maddi vəsait ayrılır. Həmçinin hələ senator olduğu dövrlərdən bu günədək ABŞ Dövlət katibi Con Kerrinin də rəngli inqilablarda adı hallanan əsas şəxslərdən biridir. Söz yox ki, siyasi planların maliyyə və təşkilati dəstəkçiləri ABŞ QHT-ləridir. Çevrilişlərin arxasındakı əsas güc isə məşhur spekulyator, "Soros Fondu"nun prezidenti və milyarder Corc Sorosdur. O, artıq öz kitabında Yaxın Şərq və Şərqi Avropada baş verən dövlət çevrilişlərində ABŞ QHT-lərinin fəaliyyətini etiraf edib. Diqqət etsək, QHT-lərin hədəfə aldığı ölkələrdə inqilablar oxşar ssearilər üzərindən başladılıb. Məsələn, 2010-cu ildə Tunisin Sidi Bo Səid şəhərində 26 yaşlı səyyar satıcı Məhəmməd Bəzizinin səyyar dükanı polislər tərəfindən müsadirə olundu. Polisin hərəkətinə etiraz olaraq, Bəzizi özünü yandırdı. Onun xəstəxanada dünyasını dəyişməsilə, Tunisdə vəziyyət qarışdı. Amerika QHT-lərinin, xüsusilə "Soros Fondu"nun təşkilatçılığı ilə Tunisin müxalifət dairələri Zeynalabdin bin Əli rejiminə qarşı ayağa qalxdı. Nəticədə hökumət başçısı Səydiyyə Ərəbistanına qaçdı. Suriyada da eyni hadisə başladı. Hələb şəhərində bir tibb bacısının telefon danışığında öz həmkarına Əsəd rejimindən şikayət etməsilə onlar həbs edildilər. Rejim tərəfindən edam olunan tibb bacılarına etiraz olaraq, müxalifət küçəyə çıxdı. Liviyada da bənzər hadisə yaşandı. Əfqanıstan və İraqa müdaxilə isə o birilərindən fərqlənirdi. Ən əsası Gürcüstan, Qırğızıstan da daxil olmaqla digər ölkələrdə sadə xalq kütlələrinin yox, müxalifətin proseslərin mərkəzində yer alması planının əvvəlcədən hazırlandığını sübut edir. Təbii ki, Amerikanın müəyyən siyasi dairələri və QHT-ləri maraqlarına cavab verməyən iqtidarları devirmək üçün işlərini həmin ölkələrin müxalifətlərilə qururlar. Bir qayda olaraq, çevriliş mühiti "Facebook", "Twitter" və "Youtube" kimi sosial şəbəkə saytları  üzərindən hazırlanır.

Azərbaycandan nə istəyirlər?

Bakıda keçiriləcək I Avropa Oyunlarının başlama vaxtına az qalmış ABŞ Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi tərəfindən Azərbaycana qarşı kampaniya başlatdığı məlumatları yayıldı. Məxfi sənədlərə istinad olunan materialda Kerri Azərbaycanda yarışlardan əvvəl qarışıqlıq yaratmaqla oyunları pozmağa cəhd etdiyi bildirilir. Kerrinin və yuxarıda adları çəkilən QHT-lərin Avropa Oyunlarını Azərbaycana qarşı siyasi alətə çevirmək cəhdləri birmənalı deyil. Bunun əsaslı və sadə izahı var. Məlumdur ki, Azərbaycan dünyada və Yaxın Şərqdə baş verən siyasi qarşıdurmaların heç birisində tərəf tutmadı. Birmənalı olaraq, bütün siyasi bloklardan kənarda dayandı. Yaxın Şərqdə İŞİD-ə qarşı yaradılmış koalisiya, Ukraynada Rusiya üçün qurulmuş "Qərb bloku", həmçinin Rusiyanın ABŞ-a qarşı yaratdığı siyasi birliklərin heç birisində təmsil olunmadı. Doğru addım atdı. Dağlıq Qarabağ münaqişəsi kimi qarşısına böyük problem çıxarılmış Azərbaycan dövlət maraqlarını qorumalıydı. Əgər Azərbaycan bunu nəzərə almayıb ya Qərbin, ya da Rusiyanın tərəfini tutsaydı, böyük ehtimalla özünü təhdid altında qoyacaqdı. Təbii ki, strateji əhəmiyyətə malik bir ölkənin özünü bitərəf elan etməsi nə Qərbin, nə də Rusiyanın bəzi siyasi dairələrinin xoşuna gəlmir. Xüsusilə ABŞ-ın inqilab sahəsində peşəkarlığı olan fond və QHT-ləri Azərbaycandan hansı tərəfdə dayandığını deməsini istəyir. Buna görə də, Con Kerri "Avropa Oyunlarının insan haqlarının kobud formada pozulduğu Azərbaycan"da keçirildiyini iddia edir. Təbii ki, burada onu maraqlandıran əsas məsələ Azərbaycandakı insan haqlarının vəziyyəti deyil, Azərbaycanın baş verənlərə münasibətdə Amerikanın həmin siyasi dairələrilə eyni mövqedə niyə dayanmadığıdır. Əgər Azərbaycan həmin qüvvələrə lazım olan tərəfdə dayansaydı, Kerri Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya da gələcəkdi və heç vaxt Azərbaycanla bağlı danışanda "insan haqları" tezisinə istinad etməyəcəkdi. Qarşıdakı günlərdə Azərbaycan Amerikanın yuxarıda adları çəkilən bu dairələrinin maraqlarına müsbət cavab versə, Kerri Bakıya gələ bilər. Rəsmi Bakının elan etdiyi mövqe isə, Azərbaycanın dövlət maraqları üçün təhdid olmayan tərəfdir. Bu da, Kerriyə xoş gəlmir və Avropa Oyunlarını siyasi alət kimi Azərbaycana qarşı istifadə etməyə çalışır. Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın cərəyan edən siyasi proseslərə münasibətdə bitərəf mövqedə dayandığını və bloklaşmalara qoşulmayacağını dedi. Bu, məsələ barədə Azərbaycandan mövqe istəyənlərə cavab idi.

Plan baş tuta bilərmi?

Bakının mövqeyini nəzərə alan kənar qüvvələr daxildəki ruporları vasitəsilə Azərbaycanı "Avropa Oyunları kartı" ilə vurmağa çalışırlar. Məqsəd yarışdan əvvəl Azərbaycanda etnik, siyasi, yaxud digər zəminlərdə qarışıqlıq yaratmaqdır. Bununla da yarışları boykot etməklə, Azərbaycanı məyus duruma salmaq niyyəti güdürlər. 1980-ci ildən bu yana dünyanın müxtəlif regionlarında həyata keçirdiyi müharibələr və yaratdığı terror təşkilatları vasitəsilə 100 milyondan çox insanın qətlində məsul tutulan ABŞ QHT-lərinin Azərbaycanı insan haqları məsələsində dalana dirməyə çalışmaları da bu qəbildəndir. Əlbəttə, həmin təşkilatların Azərbaycanla bağlı hazırladıqları siyasi layihələrə loyal münasibət bəsləyən AXCP və Milli Şura kimi radikal qurumlar bundan siyasi məqsədləri üçün istifadə etməyə çalışırlar. 21 ildə zəif təsir bağışlayaraq, istədiyi nəticəni əldə edə bilməyən radikal müxalifət çıxış yolunu siyasi çevriliş məsələsində ustadlıq dərəcəsində olan həmin fondlara üz tutub. Radikallar kortəbii formada bu təşkilatların onları Azərbaycan hakimiyyətinə gətirəcəklərinə inanırlar. Nəticədə də, dövlət maraqlarının nəzərə alınmaması qarşılığında, Avropa Oyunlarından əvvəl Azərbaycana qarşı başladılmış kampaniyanın icraçısı rolunu üzərlərinə götürüblər. Yəni, Kerrinin rəhbərliyilə Azərbaycana qarşı aparılan kampaniya tamamilə siyasi xarakterlidir. Lakin planın baş tutmayacağı əvvəldən bəllidir. Çünki bu günədək, beynəlxalq əhəmiyyətli tədbirlərdən əvvəl gizli şəkildə icra olunmağa cəhd edilmiş kampaniyaların hamısı ifşa olunub. Bu dəfə planın net şəkildə açılması isə, Kerrinin və əhatəsində olan qurumların mahiyyətini ən xırda detallarla ortaya qoydu.



Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00