Separatçı rejimin səsi İrəvandan o tərəfə keçə bilmədi
Beynəlxalq təşkilatlar Qağlıq Qarabağda keçirilən seçkiləri pisləyir
5 May 2015 18:34 SiyasətAzərbaycanın işğal olunmuş ərazilərində separatçı rejimin şoulaşdırdığı "parlament seçkiləri" nin sorağı İrəvandan o tərəfə keçə bilmədi. İlk növbədə özünə, sonra isə beynəlxalq hüquqa az-çox hörməti olan dövlətlər və beynəlxalq təşkilatlar ermənilərin ümidlərini puça çıxardılar. Qısası, əksər beynəlxalq təşkilatlar bu dəfə də ermənilərin işğal altında olan Azərbaycan ərazilərində təşkil etdikləri siyasi aksiyaya yox dedilər. Məlumat üçün qeyd edək ki, Ermənistan informasiya agentliklərinin yaydığı məlumata görə, separatçı Dağlıq Qarabağ bölgəsində mayın 3-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə, "baş nazir Ara Harutyunyanın rəhbərlik etdiyi "Azad vətən" partiyası qalib gəlir". "Seçkilərin" ilkin nəticələrinə görə, yeni "Qarabağ parlamentində" beş partiya təmsil olunacaq. Bəs, separatçı rejimin təşkil etdiyi "parlament seçkilərin"nin hansı hüquqi nəticəsi ola bilər?
Əvvala qeyd edək ki, işğal altında olan Dağlıq Qarabağda keçirilən istənilən siyasi aksiya Azərbaycan Konstitusiyası və beynəlxalq hüquq normalarını ziddir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, bu rejimin qətiyən müstəqilliyindən söhbət gedə bilməz ki, hansısa siyasi tədbir keçirsin. Çünki, rejim birbaşa Ermənistanın idarəçiliyi və nəzarəti altındadır. Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığı və zordan istifadə edərək, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizini işğal etdiyi və bir milyondan artıq azərbaycanlını öz doğma torpaqlarından didərgin salaraq etnik təmizləmə həyata keçirdiyi beynəlxalq ictimaiyyətə bəllidir. Belə bir şəraitdə keçirilən hər hansı siyasi aksiya şoudan başqa bir şey ola bilməz. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin bəyənatında vurğulanır ki, Azərbaycan ərazilərinin hərbi işğalı və etnik təmizləmənin davam etdiyi zəmində qondarma separatçı rejimin strukturlarına "seçkilər"in keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və buna görə də bu "seçkilər"in heç bir hüquqi qüvvəsi ola bilməz: "Ermənistan işğal edilmiş Azərbaycan ərazilərini ilhaq etməyə müyəssər ola bilməz. Davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə yolu Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi və bir-birinin suverenliyi və ərazi bütövlüyünə hörmət əsasında Ermənistan və Azərbaycan arasında münasibətlərin qurulmasıdır. Azərbaycan Respublikası bir daha Ermənistan tərəfini əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə təcavüz və etnik təmizləmə siyasətinə son qoymağa və münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq öhdəliklərinə əməl etməyə çağırır".
Yeri gəlmişkən qeyd edək ki, artıq Avropa İttifaqı, eləcə də ATƏT-in Minsk Qrupunda həmsədrik edən ABŞ və Rusiya keçirilən səsvermənin və seçkilərin nəticələrinin qanundankənar olduğunu bildiriblər. Minsk Qrupunun həmsədrlərinin hərə bir müddət öncə Parisdə Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə görüşdən sonra Dağlıq Qarabağda keçiriləcək "parlament seçkiləri"nin nəticələrini qəbul etmədiklərini bildirmişdilər. Xatırladaq ki, Dağlıq Qarabağda legitim seçkilər yalnız Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, oradan qovulmuş azərbaycanlı əhalinin öz doğma torpaqlarına qayıtmasından, bölgənin azərbaycanlı və erməni icmaları arasında dinc yaşayışın təmin olunmasından sonra keçirilə bilər. Hazırki şəraitdə isə Dağlıq Qarabağda tarixən yaşamış azərbaycanlıların seçki hüquqları nəzərə alınmır.
Bu arada bir sıra ölkələr və beynəlxalq təşkilatlar Dağlıq Qarabağda keçirilən "seçkilərə" öz münasibətlərini bildiriblər. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün facebook sәhifәsindә yazıb ki, "NATO Dağlıq Qarabağda keçirilәn "seçkilәr"in nәticәlәrinin Dağlıq Qarabağın hüquqi statusuna tәsir edәcәyini vә ya Dağlıq Qarabağ münaqişәsinin sülh yolu ilә hәlli prosesinin nәticәsini әvvәlcәdәn müәyyәn edәcәyini qәbul etmir. NATO ATӘT-in Minsk qrupunun seçki ilә bağlı bәyanatını dәstәklәyir. Biz Minsk qrupu çərçivəsində Azәrbaycan vә Ermәnistan prezidentlәri arasında dialoqun tez bir zamanda davam edәcәyini gözlәyirik". Hələ "seçki"dən əvvəl Avropa İttifaqı (Aİ) da təxminən eyni bəyənatla çıxış etmişdi: "Dağlıq Qarabağda "parlament seçkiləri"nin keçirilməsindən xəbərimiz var və bu istiqamətdə hadisələrin gedişatını izləyirik".
Ukrayna Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir ki, rəsmi Kiyev bu seçkiləri tanımır və qeyri-legitim hesab edir. Bəyanatda Ukraynanın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsipləri çərçivəsində sülh yolu ilə həllini dəstəklədiyi bildirilir. Vurğulanır ki, Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən bu "seçkilər"in hüquqi nəticəsi ola bilməz. Məsələ ilə əlaqədar Gürcüstanın Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayıb. Bəyanatda deyilir ki, Dağlıq Qarabağ regionunda keçirilmiş "parlament seçkiləri" qanuna uyğun deyil. Bəyanata əsasən, işğal edilmiş Azərbaycan ərazilərində "parlament seçkiləri" ciddi şəkildə beynəlxalq hüququn pozuntusu deməkdir. Çexiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Çexiya Respublikası Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində keçirilən "parlament seçkiləri"nin hüquqi və konstitusional əsasını tanımır: "Çexiya Respublikası hesab edir ki, bu kimi birtərəfli aktlar qarşılıqlı etimadın gücləndirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün müsbət atmosferin yaranmasına xidmət etmir. Çexiya münaqişənin beynəlxalq hüquq, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı çərçivəsində sülh yolu ilə həllinə tərəfdardır. Çexiya fəal şəkildə ATƏT-in Minsk Qrupunun və onun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və bütün münaqişə tərəflərini sülh prosesini davam etdirməyə çağırır". Göründüyü kimi, separatçı rejimin beynəlxalq hüquqa zidd əməlləri nə beynəlxalq təşkilatlar, nə də xarici dövlətlər tərəfindən tanınmır.
Alim