Müsavatdan qopmalar artır
Ellada Məmmədlinin də partiyadan xaric edəcəklər
5 May 2015 17:12 SiyasətVurğun Əyyubun Müsavat partiyasından çıxarılması partiyada durumu bir az da gərginləşdirib. Qeyd edək ki, Müsavat partiyası Binəqədi rayon təşkilatının qərarı ilə sabiq Məclis üzvü Vurğun Əyyub partiya sıralarından çıxarılıb. Rayon təşkilatı bu qərarı onunla əsaslandırıb ki, Vurğun Əyyub üzvlük haqqını vermir, özəyin iclaslarında iştirak etmir. Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəyli bildirib ki, Vurğun Əyyubun 8 ildir ki, Müsavat partiyası ilə əlaqəsi yox imiş. Vurğun Əyyub ittihamlara cavab verib. Deyib ki, 8 il yox, 2 il yarım Azərbaycanda olmayıb, bununla əlaqədar Divandan istefa vermək istəyib, ancaq buna İsa Qəmbər mane olub. Vurğun bəyin partiyadan çıxarılmasını Nizamnamə pozuntusu kimi qiymətləndirib. Ancaq bir iş var ki, o bu qərara etiraz etmək haqqında düşünmür. Dəfələrlə Müsavat partiyasının son qurultayda formalaşmış rəhbər strukturlarını tanımadığını bildirib. "Mən Məclis üzvüyəm, ancaq bunun mənim üçün əhəmiyyəti yoxdur" sözünün müəllifi də Vurğun Əyyubdur. Uzun illər partiya rəhbərliyində təmsil olunmuş bir şəxs kimi Vurğun Əyyub bilməli idi ki, partiyanın legitim strukturlarına bu qədər hörmətsizlik olmazdı. Kimliyindən, partiya qarşısında xidmətlərindən asılı olmayaraq hər kəs Nizamnaməyə tabedir və qurultayda seçilmiş rəhbər strukturlara tabe olmalıdır. Rəhbər strukturları tanımayan, yeni seçilmiş başqanı qəbul etməyən adam istefa verib partiyadan getməlidir.
Ancaq Vurğun Əyyubun bu şəkildə partiyadan çıxarılması da doğru deyil. Vurğun Əyyub partiyanın qərarlarına tabe olmurdusa, Arif Hacılı bunu partiyada ictimai müzakirəyə çıxarmalı, müsavatçıların rəyini öyrənməli idi. Müsavatın bərpasında iştirak etmiş, uzun müddət Müsavatın baş katibi, başqanın birinci müavini olmuş, hərəkatçılar arasında ciddi hörməti olan Vurğun bəyin "üzvlük haqqını vermir" bəhanəsi ilə partiyadan xaric etmək doğru addım deyil. Müsavat rəhbərliyi daha mərd addım atmalı, Vurğun Əyyub haqqında qərarı açıq-aşkar "partiya qərarlarına tabe olmur, ona görə də Müsavatdan xaric olunur" şəklində verməli idi. Yanlış qərar öz təsiri göstərib. Partiyanın tanınmış funksionerlərindən olmuş Adil Qeybulla və İbrahim İbrahimli Müsavatdan istefa veriblər. Müsavat partiyasının üzvü, musavat.com saytının redaktoru Xalid Kazımlı facebook sosial şəbəkəsində buna etiraz edib. Arif Hacılı bu addımla Müsavatı daha çətinə saldı. Müsavatda istefalar davam edəcək. Ola bilsin ki, bütöv rayon təşkilatları partiyadan ayrılsın. Məsələnin ən pis tərəfi odur ki, narazılar baş verənləri Müsavatda repressiya dalğası kimi təqdim edə biliblər. Arif Hacılı partiyadan xaricetmə cəzalarını Nizamnaməyə uyğun tədbirlər kimi göstərsə də, ictimai rəydə bu, repressiya, azad fikrə dözümsüzlük kimi qəbul olunur. Arif Hacılı prosesi o yerə gətirib ki, geriyə yol da yoxdur. O, sərt addımları davam etdirməlidir. Sırada Vurğun Əyyubun ən yaxın adamlarından biri, partiyanın Qadınlar Təşkilatının sədri Ellada Məmmədlidir. Yəqin ki, onu da üzv olduğu rayon təşkilatında partiyadan xaric edəcəklər.
Ərhun Abbas