Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərləri birgə layihələrin icrasını müzakirə edəcəklər

Bu gün Türkiyə paytaxtında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, mayın 4-də Ankara şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Necdet Özel və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vaxtanq Kapanadzenin iştirakı ilə 3 ölkənin Silahlı Qüvvələri Rəhbərlərinin birinci görüşü keçiriləcək. Görüşdə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmləri müəyyən ediləcək. Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00