DAK etiraz bəyanatı yaydı
1 May 2015 18:35 SiyasətDünya Azərbaycanlıları Konqresi etiraz bəyanatı yayıb. Konqresin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan bəyanatda bildirilir ki, bu günlərdə DAK-ın İstanbulda 13-cü qurultayı keçirilib və qurumun yeni İdarə Heyəti formalaşıb, Azərbaycan nümayəndəliyi təyin olunub. Belə olan halda Səftər Rəhimlinin DAK- ın Azərbaycan nümayəndəliyinin adından hansısa tədbir keçirməsi mövcud prosedurlara görə hüquqi cəhətdən yolverilməzdir. Çünki, Səftər Rəhimli xeyli müddətdir ki, DAK sıralarından xaric edilib: "Nəzərinizə çatdırırıq ki, Əliyar Səfərli də DAK İdarə Heyətinin üzvü deyil. O, vaxtilə DAK-ın Məşvərət Məclisində təmsil olunub. Eyni zamanda, vaxtilə təşkilata rəhbərlik etmiş Qulamrza Səbri Təbrizinin də uzun müddətdir DAK-da heç bir fəaliyyəti yoxdur. Ümumiyyətlə, DAK-ın Nizamnaməsində hüquqi baxımdan fəxri sədrlik deyilən bir struktur yoxdur. Bu adamların heç biri qurultayda iştirak etməyib. DAK olaraq bir daha bəyan edirik ki, İstanbulda keçirilən birlik qurultayında Sabir Rüstəmxanlı və Firudin Pərvizniya artıq heç bir alternativi olmayan Dünya Azərbaycanlıları Konqresinin həmsədrləri seçiliblər.