VİP çağırış etdi
“Xarici havadarların sifarişi ilə Avropa oyunlarını gözdənsalma təşəbbüsləri yanlış və ziyanlıdır”
1 May 2015 16:58 SiyasətBirinci Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı yönələn qarayaxma kampaniyası bir sıra müxalif partiyaları da bu məsələ ilə bağlı mövqe nümayiş etdirməyə vadar edib. "OLAYLAR"-ın xəbərinə görə, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, tədbir idman yarışı olduğu qədər də, siyasi mahiyyətə malikdir. Ona görə də çevrələrin məsələyə münasibəti ictimai rəydə üstünlük təşkil edir: "Adı çəkilən müxalifət spektri ilk Avropa oyunlarından, onun ərəfəsi və keçirilmə zamanı yaranan yeni situasiyadan yararlanmağa təşəbbüs göstərir. Eyni mənzərə 2012-ci il Eurovizion müsabiqəsi vaxtı da müşahidə edilirdi. Fikrimizcə, məsələyə bir qədər fərqli baxmaq lazımdır. Azərbaycan hakimiyyəti son illərdə iri kapital tutumlu idman layihələrində təşkilatçı olmaq təşəbbüsü göstərib. Bu həm Olimpiya oyunları, həm futbol üzrə Dünya və Avropa çempionatları ilə bağlı olub. Göstərilən cəhdlərdən bəziləri uğursuz olsa da, bir sıra müsabiqələrdə tədbirlərin keçirilmə hüququnu ala bilmişik. Son 10 ildə ölkədə 300-ə qədər irili-xırdalı beynəlxalq idman turniri keçirilib. Cari ildə keçirilməsinə hazırlaşdığımız ilk Avropa oyunları, şəksiz ki, bu sırada ən möhtəşəm tədbirdir". VİP sədri deyib ki, dünya miqyaslı tədbirlərə ev sahibliyi hüququnun əldə edilməsi ilə bağlı dünya mətbuatında son dövrlər bir sıra ifşaedici məlumatlar dərc edilir: "Xüsusən FİFA rəhbərliyinin yol verdiyi nöqsanlar ciddi şəkildə ictimai rezonans doğurub. Hətta dünya futbolunun patriarxı sayıla biləcək Yozef Blatter, Rusiya-2016 və Qətər-2020 seçimləri ilə əlaqəli xeyli izahat vermək məcburiyyətində qalmışdı. Dolaşan söhbətlərə görə hər 2 seçimdə korrupsiya mətləbləri dövriyyədə olub. Belə mətləblərin ortaya çıxmasının tam əsassız olduğunu da iddia etmək çətindir. Çünki həm Rusiya, həm də Qətər demokratik və hakimiyyət üzərində ictimai nəzarət olan dövlətlər deyil. Eyni zamanda bu dövlətləri demokratik adlandırmaq da olmur. Belə dövlətlərin parıltılı idman tədbirlərinə can atmalarının səbəbi, daxili siyasi qüsurları qlamurun altında ört-basdır etməkdir". Əli Əliyevin sözlərinə görə, bütün bu qüsurlarla yanaşı ev sahibliyi edəcəyimiz beynəlxalq idman yarışına dövlətin və millətin dünyaya təqdimat tədbiri kimi baxmalı, bədxahların dəyirmanına su tökməməliyik: "Çünki Azərbaycanın bu miqyaslı tədbirə təşkilatçılığı ilk növbədə düşmənlərimizi narahat edir. Təbii ki, onların sırasına ölkənin varını talamaq istəyən transmilli biznes və siyasi çevrələr də qoşulur. Biz hamımız anlayırıq ki, ölkənin siyasi dəngəsinə onların münasibəti nədən ibarətdir. Ona görə də xarici havadarların sifarişi ilə Avropa oyunlarını gözdənsalma təşəbbüsləri yanlış və ziyanlıdır. Avropa oyunlarının keçirilməsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Bu mərhələdə, prosesin geri dönməz xarakter aldığını, xərclənən vəsaitin çoxluğunu, bu vəsaitin yalnız təbliğatımıza istifadə gərəkliyini nəzərə alaraq, öz adımdan, rəhbərlik etdiyim Vətəndaş və İnkişaf Partiyası adından hamını əks təbliğatı dayandırmağa və tədbirin təbliğatçısına çevrilməyə çağırıram".