Azərbaycanın siyasi uğuru erməni lobbisini narahat edir
1 May 2015 16:53 Siyasət"ABŞ-da, Avropada yaşayan çoxmilyonlu qruplar Azərbaycana qarşı çirkin təbliğat aparırlar. Çünki onlar son vaxtlar erməni cinayətlərini ifşa edən məsələlərin gündəmə gəlməsindən çox narahatdırlar. Artıq ABŞ-ın 19 ştatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib. ABŞ-ın 25 ştatında Azərbaycanın mövqeyini dəstəkləyən bəyanatlar verilib". Bunu deyən millət vəkili Asim Mollazadənin sözlərinə görə, ABŞ-dakı antiazərbaycan əhval-ruhiyyəsi yaradan erməni lobbiçiliyi təkcə Azərbaycana qarşı deyil, həm də ABŞ-ın öz maraqlarına qarşı yönəlib: "Konqresdə, Senatda erməni lobbiçiliyini edən siyasətçilər var. Təəssüf ki, onlar hökumətə daxil olarkən də öz lobbiçilik siyasətlərinə son qoya bilmirlər. Bu fəaliyyət tək Azərbaycanın əleyhinə deyil, həm də Azərbaycanın dostu olan ABŞ-ın siyasətinə, maraqlarına qarşıdır. Bu fəaliyyət yalnız erməni lobbisinin maraqlarına uyğundur". A.Mollazadə əlavə edib ki, Azərbaycanın ictimai təşkilatları da, gəncliyi də Avropa oyunları ərəfəsində ölkəmizə qarşı aparılan bu kampaniyaya beynəlxalq səviyyədə öz etirazlarını bildirməlidirlər.