Azay Quliyev: “Biz doğru və haqq yoldayıq”

Bir neçə gün öncə APA İnformasiya Agentliyi Azərbaycanda I Avropa Oyunları ərəfəsində bu cür tədbirlərin keçiriləcəyi ilə bağlı planın detallarını açıqlayan "Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası" adlı araşdırma təqdim edimişdi. Həmin araşdırmada I Avropa Oyunları ərəfəsində Azərbaycanda dağıdıcı xarakterli silsilə tədbirlərin keçiriləcəyi əksini tapmışdı. Araşdırmada qeyd olunub ki, plan ABŞ dövlət katibi Con Kerrinin Konqresdəki ofisindən koordinasiya edilir. Eyni zamanda ABŞ-da bu kampaniyanın təşkil olunmasının NED-ə həvalə edildiyi də bildirilir. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsilə dövlət büdcəsindən maliyyələşdirilən NED vasitəsilə Azərbaycandakı "tərəfdaş" QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülməsi barədə dəfələrlə sənədlər yayılıb, iddialar səsləndirilsə də, bunlar təşkilat tərəfindən heç vaxt təkzib olunmayıb. Araşdırmada o da qeyd olunub ki, NED-in Azərbaycanla bağlı xüsusi layihəsi isə təsdiq mərhələsindədir və yaxın günlərdə açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Xatırladaq ki, mayın 7-də Vaşinqtonda keçiriləcək tədbirdə həm də bu layihənin təqdim edilməsi istisna deyil . Elə bu arada bəlli olub ki, mayın 7-də Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondunun (National Endowment for Democracy - NED) təşkilatçılığı ilə "Azərbaycan: Demokratik həmrəylik üçün sınaq" adlı tədbir keçiriləcək. Saat yarım planlaşdırılan tədbirdə Emin Milli, Kənan Əliyev, Tomas de Vaal və Miriam Lanskoyun çıxışları nəzərdə tutulub.

Millət vəkili Azay Quliyev bildirib ki, Avropa tarixində ilk dəfə keçiriləcək möhtəşəm idman bayramına hazırlıqlar böyük coşqu ilə davam edir. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözləri ilə desək, Azərbaycan növbəti dəfə tarix yazmağa hazırlaşır. "Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı". Onun sözlərinə görə, doğrudan da qısa zaman ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni, əzəmətli idman obyektləri, kompleksləri tikilib, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib. Azərbaycan tək hazırlığı ilə deyil, həm də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacarıb: "Əminəm ki, Birinci Avropa Yay Oyunları başa çatandan sonra hamı bu qədər zəhmət çəkməyə, genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu işə səfərbər etməyə dəyərdi" fikrini hər bir soydaşımız səsləndirəcək. Bu, ümumilikdə, Azərbaycan dövlətinin və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş ölkəmizi dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsəti dəyərləndirəcəyik. Çox təəssüf ki, bu sözü hamı deməyəcək, bizimlə bərabər sevinməyənlər də olacaq. 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisindən qaynaqlananlar, insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdənlər, "boykot" çağırışları edənlər, möhtəşəm idman yarışlarının "əhəmiyyətsizliyi", Avropanın diqqətindən "kənarda qaldığı" rəyinin formalaşdırılmasına cəhd edənlər, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək istəyənlər, təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək kimi mənasız fikirdə olanlar sevinməyəcəklər, o xoş sözləri təkrarlamayacaqlar. Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur". Millət vəkilinin sözlərinə görə, artıq bəllidir ki, Azərbaycana qarşı aparılan iyrənc kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə təbliğat qurulması, hakimiyyətə qarşı petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi və s. kimi inanılmaz çirkin və cılız metodlara əl atılıb: "APA İA-nın hazırladığı arayışda və oraya çıxardığı sənədlərdə deyilir ki, Azərbaycana qarşı aparılan bu şəbəkələşmiş kampaniya 2015-ci ilin sonuna kimi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, Azərbaycanda keçiriləcək və ya Azərbaycanın iştirakı ilə xaricdə təşkil olunacaq bütün beynəlxalq tədbirlərin, Azərbaycana yüksək vəzifəli qonaqların səfərinin təqvimi hazırlanıb. Kampaniya müddətində hər bir tədbir və səfərdən Azərbaycanın əleyhinə istifadə etmək qarşıya məqsəd kimi qoyulub. Buna heyrətlənməyə bilmirsən. Çox təəssüflər olsun ki, bütün bu anti-Azərbaycan kampaniyasının başında özünü Azərbaycanın strateji tərəfdaşı adlandıran ABŞ-ın rəsmi dairələrinin, Dövlət Katibi Con Kerrinin ofisinin və Vaşinqtonun maliyyətləşdirdiyi müxtəlif fondların durduğu haqqında ciddi məlumatlar var. ABŞ rəsmilərinin bu barədə verdiyi açıqlamalar həm səthidir və həm də səmimi deyil. Biz ABŞ-dan daha məntiqi və səmimi açıqlamalar gözləyirik. Biz doğru və haqq yoldayıq. Cənab Prezidentin yürütdüyü siyasət Azərbaycanın milli maraqlarının və təhlükəsizliyinin təminatına yönəlmiş ən doğru və alternativsiz siyasətsir. Tarix dəfələrlə sübut edib ki, Azərbaycanla təzyiq və şantaj dili ilə danışmaq heç kimə fayda gətirmir. Azərbaycana hörmət etmək və onunla dost olmaq hər kəsin çıxarlarına uyğundur . Əminəm ki, Azərbaycan dövləti və xalqı bu mübarizədən alnıaçıq və üzüağ çıxacaq və bizim üzərimizdə oynanılmağa cəhd edilən bu çirkin oyunların ifşasını bundan sonra da davam etdirəcəkdir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00