Obamanın komandası regionu yaxşı tanımır
1 May 2015 14:48 SiyasətAzərbaycana qarşı yaradılmış şər qüvvələrin yanında Birləşmiş Ştatların da yer alması ortaya bir sıra maraqlı suallar çıxarıb. Əsas suallardan biri isə ondan ibarətdir ki, antiAzərbaycan şəbəkəsində ABŞ dövlət katibi Con Kerrinin yer alması nəyə xidmət edir. Millət vəkili Zahid Oruc hesab edir ki, Con Kerrinin 45 illik siyasi tərcümeyi-halına nəzər saldıqda hər şey aydın olur. Onun sözlərinə görə, Kerrinin bu illər ərzindəki fəaliyyətində daha çox erməni maraqlarından çıxış etmək özünü büruzə verir: "Artıq Azərbaycan insanı üçün Qarabağı Ermənistana birləşdirmək istəyən sovet rəhbərləri ilə müasir amerikalı hakim sinfinin bir çox təmsilçilərinin elə bir fərqi yoxdur. Amerika dövlətinin ikinci şəxsinin adı ilə yayılan sənədi Edvard Snoudenin deşifrə etdiyini və burada bizim aramızı vurub siyasi elitaları dalaşdırmağa çalışdığını söyləməyə elə bir əsasımız yoxdur. Müstəqillik illərində gördüyümüz müxtəlif işğal siyasətlərindən, maraq zonaları uğrundakı savaşlardan fərqli olaraq indiki sənəd dövlətin, onun kəşfiyyat strukturlarının birgə süzgəcindən keçərək icraya yönəldilmiş "kiçik Marşal planı"na bənzəyir. Onun cəmiyyət üçün açıq olan paraqrafları ilə yanaşı, populizmdən uzaq olan bir mühüm dövlət adamının dediyi kimi, "bilsəniz, dəhşətə gələrsiniz" hissəli qovluqları da mövcuddur. Görünür, Azərbaycan dövlətinin müxtəlif diplomatik kommunikasiyaları məsələni bağlı qapılar arxasında həll edə bilmədiyindən, problem ictimai xarakter alıb və xalqı böyük siyasi təlatümlər barəsində xəbərdar etmək son varianta çevrilib. Belədə sadə vətəndaş hansı nəticəni çıxarmalıdır? Əlbəttə, söhbət terror və ya inqilab hazırlıqlarından getmir. İstənilən Qərb ölkəsində strateji layihələndirməyə, yaxud, praqmatik mənafeləri gerçəkləşdirməyə cavadeh olan siyasətçilər, beyin mərkəzləri və ideya mühəndisləri Azərbaycanda hazırkı hakimiyyətin alternativinin məhz xaos olduğunu yaxşı bilirlər. Elə isə, demokratların son illər rəsmi Bakıya dair qəzəbli qərarına səbəb nə olub?" Millət vəkili deyir ki, burada geopolitikanın izlərini axtarmaq lüzumsuzdur. Çünki Rusiyanın əleyhinə ittifaqda yer almamaq nə Ukraynanın, nə də Qərbin taleyinin bu tandemdə həll olunması üçün bizdən gözlənilən dəstəyin itirilməsi anlamına gələ bilməz: "Ancaq deyəsən, vaxtilə Jak Jirakın uzaqgörənliklə söylədikləri təkrar olunur. Amerikanın milli-əslində transmilli fondlarını ölkəsindən qovan hakimiyyətlər dinc qoyula bilməz. Hökm aydındır-səfirlərin arzuolunmaz şəxsə çevrilməsindən daha təhlükəlisi qara siyahıya saldığın inqilab fondlarıdır ki, indi Azərbaycan bunun hesabını artıqlaması ilə ödəyir". Zahid Orucun sözlərinə görə,
Ukraynanın hansı kursu seçməli olduğunu maraqla və həm də öz dərilərində hiss edərək yaşayan keçmiş sovet xalqlarının hamısı o qənaətə gəlib ki, Baltikyanı ölkələri çıxmaq şərtilə başqalarını birmənalı seçimə vadar etmək cinayətdir: "Bunu Latviyanın keçmiş prezidenti Vayra Freyberqa da iki gün öncə Bakıda səmimiyyətlə etiraf etdi. Müxtəlif resurslara, coğrafiyalara, milli-etnik quruluşlara malik olan dövlətlərə vahid xarici siyasət hədəfi göstərmək çox yanlışdır. Əks halda, faciə qaçılmaz olacaq.
Balanslı siyasətə məhkum olsa da coğrafiyası ilə toqquşmaya qərar vermş slavyan qardaşları ilə müqayisədə tarazlıq kursunu çox çətinliklə qoruyan Azərbaycan təhlükəsizliyinin yeganə zəmanətini əldən vermək istəmir.
Uzun müddət bütün fəlakətlərdən çıxmağın yeganə açarı kimi təklif olunan Qərb siyasi modeli, üsul-idarəsi və dövlət-vətəndaş münasibətləri ixrac üçün xüsusi imtiyaz qazanmışdı. Ancaq əhalisinin 2 milyon nəfərini itirmiş İraq üçün demokratiya xaosun necə alternativi kimi çıxış edə bilər? Ona görə bir ovuc imtiyazlı kasta üzərində siyasət qurub milllətlərə və onların təhlükəsizliyinə istinad etməmək Vaşinqtonda, Brüsseldə və Berlində qərar qəbul edən məmurların başlıca səhvidir. 1.5 milyona qədər köçkünü Türkiyəyə sığınmış bir ölkədən qaçan azsaylı qaçqınlarını gəmilərdə batırmaq qərarını vermək, yaxud vaxtilə baraklarda saxlanan yaponların gününə qoymaq istənilən inqilaba namizəd ölkə üçün mühüm siqnaldır. Halbuki miqrantlar diktatorlardan deyil, xaosdan başlarını götürüb qaçırlar". Bəs mövcud vəziyyətdə Amerika-Azərbaycan münasibətlərinin gələcəyi necə olacaq?. Millət vəkili hesab edir ki, artıq Amerika regiondan səssiz-səmirsiz çıxıb gedir: "Yoxsa, Azərbaycanı itirməyə başqa nə ad qoymaq olar? Əks halda diplomatik kanallar adekvat işlək qabiliyyətlərini itirməyibsə, məhşur Vikiliksdəki xüsusi təsvirləri bir kənara buraxıb, kanonlarla düşünməyə deyil, gerçək informasiyaları rəhbərlərinə çatdırmağı düşünməlidirlər. Kerrinin masası üzərində minlərlə kəşfiyyat məlumatı yoxdurmu? Olsun. Lakin təəssüf axırıncı dəfə "qızılgül inqilabı" ilə Gürcüstanı fəth edən və gürcü havasına ingiliscə oynayan Corc Buşdan fərqli olaraq Obamanın komandası regionu yaxşı tanımır. Xanım Klintonun o zamankı gəlişini cəbhədə atəşkəsi pozmaqla qarşılayanların isə nə demək isdədikləri hamıya bəllidir. Heç kəs Qafqazda Amerika prezidentini gözləmir. Çünki dünyada indi o qədər qlobal problem var ki.
Bununla bərabər, Azərbaycanın iki xristian qonşusundan fərqli olaraq regionun taleyində həlledici rol oynadığını unutmaq olmaz. Hər halda bahalı dövlət olmağın hesabı hamı üçün ağırdır".
Füzuli